Türk dünyasının musiqi salnaməsində yeni
səhifə
“Dədə
Qorqud” Kamera Orkestrinin təqdimatı keçirildi
Sentyabrın 20-də Muğam Mərkəzində
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun himayəsində yaradılmış
“Dədə Qorqud” Kamera Orkestrinin təqdimat mərasimi keçirildi.
Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, beynəlxalq
təşkilatların təmsilçiləri,
tanınmış elm və
mədəniyyət xadimləri,
ictimaiyyət nümayəndələri
və musiqisevərlərin
qatıldığı tədbir
Üzeyir Hacıbəyli
X Beynəlxalq Musiqi Festivalı çərçivəsində
təşkil edilmişdi.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək
tədbir iştirakçılarını
salamladı, rəhbərlik
etdiyi qurumun fəaliyyətindən söz
açdı. Bildirdi ki, Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondu Azərbaycan, Qazaxıstan, Qırğızıstan
və Türkiyənin
dövlət başçılarının
dəstəyi ilə təsis edilib. Fond türkdilli xalqlara
məxsus tarixi-mədəni
irsin mühafizəsi və təbliğ edilməsi yönündə
işlərini davam etdirir. Bu layihələrdən
biri də “Dədə Qorqud” Kamera Orkestrinin yaradılmasıdır. Türk
dünyasının ortaq
yazılı abidəsi
olan “Kitabi-Dədə
Qorqud”un müdriklik simvolunun adını daşıyan
orkestr özündə
türkdilli dövlətlərin
musiqiçilərini birləşdirir.
Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor
Yalçın Adıgözəlovdur.
Diqqətə çatdırıldı ki,
“Dədə Qorqud” Kamera Orkestri Türk dünyasının
zəngin mədəniyyət
və incəsənətini,
xalq yaradıcılığını,
dahi bəstəkarlarının
əsərlərini beynəlxalq
aləmdə tanıtmaq
məqsədilə fəaliyyət
göstərir.
G.Əfəndiyeva bildirdi ki, bu il Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaradılmasının
100 illik yubileyləri böyük təntənə
ilə qeyd olunur. Bir neçə
gün əvvəl seyr etdiyimiz möhtəşəm parad
bir daha Azərbaycanla Türkiyə
arasında mövcud olan dostluğu, qardaşlığı və
inamı sərgilədi:
“Bu il həm də Türk dünyasının birliyinə
dəstək verən,
hər zaman onun inkişafına, güclənməsinə çalışan
ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd olunur.
Eyni zamanda böyük qırğız yazıçısı
Çingiz Aytmatovun
90, Azərbaycanın görkəmli
bəstəkarı Qara
Qarayevin 100 illiyi silsilə tədbirlərlə
qeyd edilir. Onların hər biri Türk
dünyasının nəhəng
simalarıdır və
biz hər zaman onların xatirəsini ehtiramla anırıq”.
Qeyd olundu ki, orkestr
Naxçıvan şəhərinin
2018-ci il üçün “İslam
mədəniyyətinin paytaxtı”
elan edilməsi ilə əlaqədar sentyabrın 22-də Naxçıvanda
konsert proqramları ilə çıxış
edəcək.
G.Əfəndiyeva “Dədə Qorqud” Kamera Orkestri layihəsinin reallaşmasında
əməyi olan hər kəsə minnətdarlığını bildirdi: “Bu bir başlanğıcdır. “Dədə
Qorqud” Kamera Orkestrinə Dədə Qorqud nüfuzu, Dədə Qorqud yaşı, Dədə Qorqud ölməzliyi arzulayıram”.
***
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan musiqi festivalının əhəmiyyətindən söz açdı. Bildirdi ki, bu il 10-cu dəfə təşkil olunan musiqi bayramının coğrafiyası daha da genişlənib. Festivala xarici ölkələrdən tanınmış musiqi kollektivləri qatılıb və onların rəngarəng musiqi proqramları hər kəsin zövqünü oxşamaqdadır.
“Dədə Qorqud” Kamera Orkestrinin yaradılmasını olduqca əlamətdar hadisə kimi dəyərləndirən Vaqif Əliyev vurğuladı ki, məqsəd Azərbaycanın, bütövlükdə Türk dünyasının mədəniyyətini, incəsənətini təbliğ etməkdir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qısa zamanda dəyərli işlər gördüyünü söyləyən nazirin birinci müavini dedi ki, Fond daim axtarışdadır və inanırıq ki, qarşıya qoyulmuş məqsədlərin reallaşması naminə daha böyük uğurlara imza atacaq.
Tədbir daha sonra konsert
proqramı ilə davam etdi.
Orkestrin
bədii rəhbəri
və dirijoru, Azərbaycanın Xalq artisti, professor Yalçın
Adıgözəlovun idarəçiliyi
ilə solistlər - Orxan Cəlilov (vokal), Aydan Həsənova
(vokal), Sibel Qızılatəş (vokal),
Almaz İstambayev (vokal), Orxan Zeynalov
(tar), Roza Canqabil (dombra), Səbinə Mehdiyeva (piano), Ceyla Seyidova (violin) çıxış
etdilər.
Musiqi gecəsində
Azərbaycan, Türkiyə,
Qazaxıstan və Qırğızıstan bəstəkarlarının
əsərləri, xalq
mahnıları ifa olundu.
Konsert proqramı
tamaşaçılar tərəfindən
maraqla qarşılandı.
***
Xatırladaq ki, Üzeyir Hacıbəyli X Beynəlxalq
Musiqi Festivalı silsilə tədbirlərlə
davam edir. Sentyabrın 21-də Heydər Əliyev Sarayında SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçiriləcək.
24 sentyabrda Bakı
Musiqi Akademiyasında
SSRİ Xalq artisti Firəngiz Əhmədovanın
90 illiyinə həsr olunmuş yubiley gecəsi təşkil ediləcək.
Festivalın bağlanış mərasimi
sentyabrın 26-da Heydər
Əliyev Mərkəzində
keçiriləcək.
Fari̇z HÜSEYNOV
Mədəniyyət.- 2018.- 21 sentyabr.-
S.2.