Argentina səfiri Mədəniyyət elçisi fəxri adına layiq
görülüb
Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva Azərbaycan Tərcümə Mərkəzində olub.
Səfir mərkəzlə Argentina səfirliyinin əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi birgə layihələrdən söz açıb, görülən işlərin dünya mədəniyyətlərinin yaxınlaşmasında, ölkələr və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində əhəmiyyətli rol oynadığını bildirib: Son üç il ərzində Azərbaycan Tərcümə Mərkəzi ilə səfirliyimizin ərsəyə gətirdiyi birgə layihələr ölkələrimiz və xalqlarımız arasında qırılmaz körpülər yaradıb. Argentina yazıçıları Adolfo Bio Kasaresin Morelin ixtirası, Mariya Elena Valşın Dailan Kifki kitablarının Azərbaycan dilində uğurlu nəşri və təqdimat mərasimləri həyata keçirilib. Məşhur Argentina yazıçısı Klaudia Pineironun Una suerte pequeña (Kiçik uğur) əsərinin tərcüməsi və nəşri üzrə yekun işlər başa çatmaqdadır. Düşünürəm, mərkəzlə səfirliyimiz arasında qurulan bu sıx əməkdaşlıq daha çox fayda verəcək.
Görüşdə Argentinanın milli rəqsi olan tanqonun tarixindən bəhs edən El Tango una danza (Tanqo bir rəqs) kitabının Azərbaycan dilinə tərcüməsi və nəşrindən də söz açılıb. Bu kitabın Azərbaycan oxucusuna tanqonun tarixi ilə yaxından tanış olmaq imkanı yaradacağına və geniş oxucu kütləsinin marağına səbəb olacağına əminlik bildirilib.
Sonda Argentina-Azərbaycan ədəbi-mədəni
əlaqələrinin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə Karlos Dante Rivaya
Tərcümə Mərkəzinin təsis etdiyi
Mədəniyyət elçisi fəxri diplomu təqdim olunub.
Mədəniyyət.- 2018.- 21 sentyabr.-
S.6.