“Üzeyir Hacıbəyli
musiqisi əbədidir”
Beynəlxalq musiqi
festivalında növbəti konsert
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı bu il də özünün zəngin proqramı ilə seçilir. Mədəniyyət ocaqlarında rəngarəng tədbirlər, musiqi gecələri təşkil olunur.
Sentyabrın 19-da festival çərçivəsində növbəti konsert proqramı dahi bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasında gerçəkləşdi.
“Üzeyir Hacıbəyli musiqisi əbədidir” adlı konsert proqramı Mədəniyyət Nazirliyi, Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Televiziyasının birgə təşkilatçılığı ilə reallaşdı.
Konsertdə ilk olaraq Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin ifasında dahi Üzeyir bəyin “Koroğlu” operasından uvertüra səsləndirildi.
Dirijorlar Faiq Sadıqov və Mustafa Aşurovun bədii rəhbərliyi ilə Xalq artisti Gülnaz İsmayılova, əməkdar artistlər Nərgiz Kərimova, Anar Şuşalı, habelə Cahangir Qurbanov, İlahə Əfəndiyeva, Ayşən Mehdiyeva, Pərviz Qasımov və digər gənc vokalçıların ifaları dinlənildi.
Daha sonra konsert boyunca dinləyicilərə bəstəkarın “Arşın mal alan” operettasından Əsgərin ariyası, Əsgər və Gülçöhrənin dueti, “Şəfqət bacısı” mahnısı, Koroğlunun ariyası, “Sevgili canan” romansı təqdim edildi.
Proqramda Müslüm Maqomayevin “Şah İsmayıl” və “Nərgiz” operalarından da ariyalar, həmçinin “Şeyx Sənan” tamaşasından Fikrət Əmirovun “Kor ərəbin mahnısı” səsləndirildi.
Klassik musiqi nümunələrinin səsləndirildiyi konsert proqramı maraqla qarşılandı.
Lalə AZƏRİ
Mədəniyyət.- 2018.- 21 sentyabr.-
S.5.