“Nəsiminin müasir kontekstlərdə dərk edilməsi”

 

 

Dahi şairə olan sevgisi alman alimini Azərbaycan dilini öyrənməyə sövq edib

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sentyabrın 27-dən 30-dək Azərbaycanda keçiriləcək Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində alman alimi, tanınmış nəsimişünas Mixael Hessin (Michael Hess) “Nəsiminin müasir kontekstlərdə dərk edilməsi” mövzusunda mühazirəsi dinləniləcək. Mütəfəkkir, şair Nəsimiyə olan sevgisi onu Azərbaycan dilini öyrənməyə də sövq edib.

Klassik türkdilli Azərbaycan ədəbi irsi əsrlərdir Qərb şərqşünaslığının da diqqətindədir. Hazırda bu sahənin nüfuzlu araşdırmaçıları sırasında Mixael Hessin də adı ön sıralardadır. Onun Avropa elminin böyük mərkəzlərində klassik irsimizin nümayəndələri ilə bağlı çıxışları və məqalələri maraqla qarşılanır. Daha çox nəsimişünas alim kimi tanınan Hessdə bu sevgi İstanbulda çalışdığı vaxt yaranıb. Böyük Britaniyadan aldığı elektron məktubda Nəsimi şeriyyəti ilə ilk dəfə tanış olan alim şairin qələminə necə vurulursa, o vaxtdan da Şərqin böyük mütəfəkkirinin irsini araşdırmağa başlayır. Hətta bu haqda elmi də yazır.

Mixael Hess deyib: “Nəsimi şeirində bir dərinlik var. Bir duyğu gücü var ki, məncə, hətta tərcümədə belə hiss edilir. Şairin şeirlərində o qədər təfərrüat, o qədər söz, o qədər dərin məna var ki, onun hamısını bir tərcümədə vermək mümkün deyil. Çünki onu vermək üçün minlərcə şərh vermək lazımdır”.

 

Mədəniyyət.- 2018.- 21 sentyabr.- S.6.