Azərbaycanlı modelyerinTuran” kolleksiyası Qırğızıstanda maraqla qarşılanıb

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Turan” kolleksiyası Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən III Dünya Köçəri Oyunlarında böyük maraq doğurub.

Səfər Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qırğızıstan Mədəniyyət, İnformasiyaTurizm Nazirliyinin dəvəti əsasında təşkil edilib.

Səfər təəssüratlarını qəzetimizə bölüşən modelyer Gülnarə Xəlilova bildirdi ki, “Turan” kolleksiyası müasir üslubda olan 10 milli geyim nümunəsindən ibarətdir.  Kolleksiya “Köçərilərin kainatı” beynəlxalq etnomədəniyyət festivalı çərçivəsində Issık-kul gölünün sahilində yerləşən Nomad amfiteatrında təqdim edilib.

Onun sözlərinə görə, Dünya Köçəri Oyunlarında 50 ölkə öz mədəniyyətini təqdim edib: “Min yurddan (çadır) ibarət etnik şəhərcik əsas mədəniyyət meydançası idi. Şəhərcik gözəl mənzərəli Kırçın dərəsi boyu uzanır. Etnoşəhərin qonaqları köçəri tayfaların hərəkətinin “qızıl dövr”ünə aid yenidən yaradılmış zəngin məskun yeri obrazını öz gözləri ilə görə bildilər. Köçəri Oyunlarında Azərbaycan mədəniyyətini təmsil etmək mənim üçün böyük fəxr idi. Təqdim etdiyim kolleksiya qonaqların böyük marağına səbəb oldu, nümayişdən sonra insanlar yaxınlaşaraq öz heyranlıqlarını ifadə edirdilər”.

Qeyd edək ki, Köçəri Oyunlarının missiyası dünyanın köçəri xalqlarının tarixi və mədəni irsini dirçəltmək və qorumaqdır. Oyunların proqramına 37 milli idman növü daxil olub. Birinci yeri Qırğızıstan, ikinci yeri Qazaxıstan, üçüncü yeri isə Rusiya tutub. Həmçinin tədbir çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti keçirilib. Tədbir UNESCO-nun dəstəyi ilə Qırğızıstanın Mədəniyyət, İnformasiyaTurizm Nazirliyi tərəfindən keçirilib.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2018.- 21 sentyabr.- S.12.