Aşıq Hüseyn Bozalqanlının yeni dastanı tapılıb

 

 

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, xalq nağıl və dastanlarının kamil bilicisi Aşıq Hüseyn Bozalqanlının yeni dastanı əldə edilib. Bu barədə Azərbaycan Aşıqlar Birliyinin üzvü, aşıq ədəbiyyatının tədqiqatçısı Mahmud Əyyublu məlumat verib.

Fars əlifbası ilə yazıya alınmış dastanı Mahmud Əyyubluya İran Aşıqlar Birliyinin sədri Səlcuq Şahbazi təqdim edib. Səlcuq Şahbazinin sözlərinə görə, dastan onun ustadı Aşıq Əvəz tərəfindən danışılıb. Bir müddətdən sonra isə o, dastanı qələmə alıb.

Dastanda hadisələr Cənubi Azərbaycanın Ərdəbil vilayətinin Xalxal şəhərində Məhəmmədxanın oğlunun toyunda baş verir. Ağcaqışlaqlı Aşıq Əsədlə Aşıq Hüseyn Bozalqanlının olduqca maraqlı deyişmələri dastanın bir çox mətləblərdən xəbər verdiyini göstərir.

Aşıq Hüseyn Bozalqanlı yaradıcılığının tədqiqi üçün dastanın mühüm əhəmiyyəti var. Dastanda aşığın indiyədək məlum olmayan şeirləri də yer alıb. İrihəcmli dastan latın qrafikalı əlifbaya transliterasiya edildikdən sonra çap olunacaq.

 

 

Mədəniyyət.- 2018.- 21 sentyabr.- S.15.