Nurlu və günəşli poeziya
Tanınmış şair
Nurəngiz Günün 80 illiyi
münasibətilə xatirəsi anılıb
Sentyabrın 20-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair Nurəngiz Günün (1938-2014) 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib. Tədbirdə şair, publisist Maşallah Məftunun Nurəngiz Günün həyat və yaradıcılığına həsr olunmuş “Güllərin soyqırımı” kitabının, həmçinin qələm sahibi haqqında yeni saytın təqdimatı olub.
Mərasimdə Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən AYB-nin sədri, Xalq yazıçısı Anar ədəbiyyata “Tanrı” povesti ilə gələn Nurəngiz Günü istedadlı şair, publisist və gözəl insan kimi xarakterizə edib. Bildirib ki, ədəbiyyatımızda öz yeri olan istedadlı şairin şeirlərində qəm- kədər notları üstünlük təşkil edir: “Bu, bəlkə də onun taleyi ilə bağlı idi. Şeirlərindəki həmin motivlər, təbii ki, xalqımızın başına gətirilən müsibətlərdən qaynaqlanırdı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ dərdi şairin yaradıcılığında yeni bir səhifə açmışdı. Onun “Xocalı simfoniyası” bu mövzuda yazılmış ən təsirli əsərlərdən biridir”.
Nurəngiz Günün yaradıcılığından, şeirlərinin özünəməxsusluğundan bəhs edən AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca mərhum qələmdaşını belə xarakterizə edib: “Nurəngiz Gün özü bir şeir, bir gözəl musiqi parçası, bir gözəl rəsm əsəri idi”.
Tədbirdə çıxış edən Xalq şairi Nəriman Həsənzadə Nurəngiz Günün yaradıcılığını nurlu və günəşli poeziya adlandırıb. Qeyd edib ki, Nurəngiz Gün minillik Azərbaycan qadın poeziyasında yeri olan şairlərdəndir. O, təkcə şeirlərində deyil, həm də bir insan kimi də çox sadə və səmimi idi. Xalq şairi sonra N.Günə həsr etdiyi şeirini oxuyub.
Milli Məclisin deputatları Elmira Axundova və Qənirə Paşayeva Nurəngiz Günün əsərlərinin məziyyətlərindən, eləcə də onun yüksək insani keyfiyyətlərindən söhbət açıblar.
Mərasimdə “525-ci qəzet”in baş redaktoru, AYB-nin gənclər üzrə katibi Rəşad Məcid, yazıçı-publisist, şair, Əməkdar jurnalist, professor Aqşin Babayev, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, şair Səlim Babullaoğlu, yazıçı Seyran Səxavət, professor İslam Sadıq və filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli çıxışlarında bildiriblər ki, Nurəngiz Gün həm yaradıcılığı, həm də yüksək mədəniyyəti ilə insanları özünə cəlb edib. Onun işğalda olan torpaqlarımızın dərdləri ilə baş-başa qalıb yazdığı və bizləri də bu həsrətin oduna yandırdığı bir sıra şeirləri, poemaları öz lirik-fəlsəfi, psixoloji mahiyyəti baxımından düşündürücüdür. Müəllifin ürəyindəki yanğı, ağrı-acı, Vətən təəssübkeşliyi bütün şeirlərinə hopub. Nurəngiz Günün şeirlərindəki bu ağrı Qarabağ dərdi, itirilmiş torpaqlarımızın həsrətidir. Bu həsrət onu yatmağa da qoymur, yuxusunu ərşə çəkir, qəlbini göyüm-göyüm göynədirdi. Şairə torpağını, xalqını, millətini sevən ziyalı örnəyi idi.
Bildirilib ki, təqdimatı keçirilən kitabda ölməz şairin həyatının və ədəbi yaradıcılığının bir qismi öz əksini tapıb. Kitabda verilən “Güllərin soyqırımı” poeması iki hissədən ibarətdir. Birinci hissədə müəllif Nurəngiz Günün yaradıcılığından danışmaqla sözün fəlsəfi baxımdan alt qatlarına enməyə çalışaraq onun ictimai-əxlaqi məramı, ideya məzmunluluğu haqqında sanki oxuculara məlumat verir. Poemanın ana xətti – Nurəngiz Günün döyüşkən, mübariz ruhlu olması, üsyankarlığı bədii motivlərlə qələmə alınıb. Poemanın ikinci hissəsində Qarabağ müharibəsi, onun törətdiyi fəsadlar, erməni faşizmi, eləcə də Xocalı soyqırımı milli və bəşəri duyğularla öz əksini tapıb.
Xalqını dərin məhəbbətlə sevən, zamanında hadisələrə laqeyd münasibət bəsləməyən, unudulmaz Nurəngiz Günə həsr olunmuş “Güllərin soyqırımı” poeması özünün xarakterik xüsusiyyətləri, səmimiyyəti ilə diqqəti cəlb edir.
Tədbirdə şairənin ömür yolu və ədəbi yaradıcılığına həsr olunmuş sayt da təqdim edilib. Bildirilib ki, saytda şairənin fotoları, haqqında yazılan məqalələr, bioqrafiyası və kitablarının elektron variantı yerləşdirilib.
Maşallah Məftun müəllifi olduğu kitab barədə tədbir iştirakçılarına məlumat verib.
Sonda şairənin
qızı, Milli Məclisin deputatı Jalə
Əliyeva tədbirin təşkilatçılarına və
iştirakçılarına təşəkkürünü
bildirib.
Mədəniyyət.- 2018.- 21 sentyabr.-
S.6.