Otuz yaşlı GÖZYAŞI…
Ulu Şəhriyarımızın
30 illik anımı və təkrarsız
Məmməd Arazımızın “Şəhriyar gəlmədi”
yanımı üstə köklənmiş köşə
Mətnə
– bu böyük Vətən nəğməkarının
“Heydərbabaya salam”ında ümummilli vəsiyyət (və
bu yazı janrına ehtiva) kimi səslənən son bənddən
ilk misra ilə başlayıram:
“Heydərbaba, alçaqların köşk olsun...”
Əlli bir il öncə “Şahlıq” üsul-idarəli Güneyimiz M.P.Vaqifin 250 illiyinə rəsmən dəvətli bu şairin “Rejim” üsul-idarəli Quzeyimizə gəlişini (guya “poçtalyonun dəvətnaməni “səhvən” başqa bir “Məhəmmədhüseyn”ə çatdırması” bəhanəsilə) əngəllədi. Və dövrün bu milli-mənəvi “bomba” hadisəsinə ovaxtadək həmin o güneylimizin yazışdığı quzeyli qocalardan (xüsusən, “Eşq əhlisən, məni yaxşı qanarsan, Gözlər yağış yağdırmasa, yanarsan” kəlmələrilə xitab etdiyi S.Rüstəmdən) qulaq verən olmadı. Otuz dörd yaşlı Məmməd Araz isə yazdı:
Ümidlər yollara sərili qaldı.
Güllər güllüklərdə dərili qaldı –
Şəhriyar gəlmədi...
Bu Allahsız GƏLMƏZLİKdən 19 il sonranın bir yaz günü böyük alim Xudu Məmmədov və dayım – (Ağdamda “Bala Marks” adlandırılan) Zeynal Məmmədovla Bakıdan Füzuli rayonunun Əhmədalılar kəndinə – kiçik qardaşımın toy məclisinə yollanmalı olduq. “Şıx” çimərliyini ötər-ötməz, dayım sürücüsünə dedi: “O kaseti qoy, Güney Dədəmizin səsinə-sözünə qulaq asaq. Ancaq tüstülənəcəyimiz məqamlarda saxla ki, özümüzü söndürə bilək...”
Sürücü düyməni bascaq, salona ilahi bir səs yayıldı:
Heydərbaba, ildırımlar şaxanda,
Sellər, sular şaqqıldaşıb axanda...
Hal əhli sürücü 3-cü bənddə (“Uşaqların bir dəstə gül bağlasın, Yel gələndə, ver gətirsin bu yana, Bəlkə mənim yatmış bəxtim oyana”) kaseti dayandırdı. Ancaq o çağların (Bəxtiyar Vahabzadə, Nurəddin Rza, Şahmar Əkbərzadə də daxil) məşhur “beşlik” üzvlərindən bu ikilik donmuş göl kimi susurdu. Mənsə vəziyyətdən “süi-istifadə” edib, M.Arazın həmin şeirindən növbəti misralara başladım:
Şəhriyar gəlmədi!
Gəlsəydi...
Təbrik yağdırardı məktəblər ona –
Ana dilində.
Təbrik
yağdırardı məktublar
ona –
Ana dilində...
Əslində, şairə sədd
qoyan naşı
Çıxır bu dünyanın
özünə qarşı...
Sürücü düyməyə toxunur. Sözü
göylərə bülənd
Dağ şair ömrün keçməsi,
əsl aşiqlərin
vüsala varmaması,
gözəllərin necolması,
döngə-dönümlərin, itkinlik-ayrılıq-ölümlərin var olması kimi əbədi qaçılmazlıqlardan kəlam-abidələr
yaradıb, “Ay özümü
o əzdirən günlərim,
Ağac minib, at gəzdirən günlərim!..” kimi bənzərsiz
etnorafik tabloya çatanda, Xudu müəllim astaca bir səslə dilləndi: “Belə şairlər Vətən
içində ayrıca
bir vətəndirlər...”
Bu dəm mən M.Araz Şəhriyarından
misralamağa başladım:
Alqışlar qollarda kirindi artıq,
Ümidlər yollardan küründü
artıq...
Qayıtdı geriyə toylar,
yallılar,
Qayıtdı evlərə fərşlər,
xalılar
Şəhriyar gəlmədi!..
Sürücü düyməyə toxunur. Biri-birindən
şimşək bəndlər
səsləndikcə Zeynal
Məmmədov (nəzərlərini
Arazboyu tikanlı məftillərdən ayırmadan):
“Bu misraların bu məftilləri qıracağı
günə az qalıb!..” kimi
qaçaq-qıvraq kəlmələr
işlədir.
Xudu müəllimsə
susur, susur, susur. Ta ovaxtacan ki;
Heydərbaba, göylər bütün
dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!.. -
bəndi səslənir
və güzgüdən
onun sözlü olduğunu görən sürücü kaseti dayandırır. “Ay Zeynal müəllim, doğrudanmı “yaxşı
bizi”?! Biz yaxşıyıqsa,
bu yaman məftillər niyə burdadı?..”
Bu an mən müdaxilə edirəm:
Şəhriyar gəlmədi...
O tayda bir təpə
torpaq dikəldi:
- Mən daşlar altında bir tarix daşam,
Min dəfə daşlara dəyən bir başam,
Yatıram bir qarış
torpaq xanada,
Bir zaman demişdim Səttərxana da:
Düşmənin hər vədi gülə bürünmüş,
İşvəli, qəmzəli mələyə
dönmüş...
Qoyub arxayınca qılıncı
qına,
Getmə
bu vədələr qonaqlığına...
Sürücü bir xeyli sükutdan sonra düyməyə toxunur:
Heydərbaba, alçaqların köşk
olsun,
Bizdən
sora qalanlara eşq olsun,
Keçmişlərim gələnlərə
məşq olsun,
Evladımız məzhəbini danmasın,
Hər içiboş sözlərə
aldanmasın!..
Kaset dayandırılır,
ancaq arxadan səs gəlmir. Sürücü tərəfdən (“təbiət
seyri” mahnasıyla) göz gəzdirib, Xudu müəllimin yanaqlarında yaş görürəm. Dayımsa,
millilik dərd-ələminə
hamımızdan yaxşı
bələd olduğu
bu dostunun cari qəm yükünü
azaltmaqçün səsindəki
qəhəri boğmağa
çalışaraq deyir:
“Həə, tez-tez muzeylərdən yazan bacoğlu, bir fotoaparatın da yox ki, bu
müqəddəs canlı
“eksponat”ı da əbədiləşdirib, haçansa
yazasan...”
O vaxt o göz yaşları ilə o sözləri M.Araz misralarıyla cavablandıra
bildim:
Siz ey bu dünyanın
söz dərgiləri,
Dünyanın qəzetçi xəbərçiləri!
Bir ölkə düzəldin:
yalandan yalan!
Yazın
nə gözəldir:
yalandan yalan!
Həsrətlər qoşulub dartır
qatarı,
Qardaşı qardaşa qonaq aparır.
Şəhriyar “yollanır” Azərbaycana,
Yol hanı, yol hanı Azərbaycana?!.
Ovaxt o poema və o gözyaşı müəllifləri o 300 kilometrlik
yolu bizə 3-4 dəqiqəyə qət etdirdi. Ancaq onların bir-birindən bir ay fərqlə vəfat etmə sehrini bu otuz ildə
sinirib qurtara bilmirəm...
Tahir ABBASLI
Mədəniyyət.- 2018.- 21 sentyabr.-
S.13.