Aşıq sənəti ədəbiyyat və
incəsənətin birgəliyidir
Aşıq sənəti əsasən incəsənət sahəsi kimi qəbul olunsa da, geniş mənada, ədəbiyyat və incəsənətin vəhdətidir. Buna görə də mütəxəssislər bu Qorqud yadigarını sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti hesab edirlər.
Söz (şeir) və saz (musiqi) birliyinin təzahürü bir sıra aşıq havalarının aşıq şeiri növləri ilə üst-üstə düşməsində də özünü göstərir. Məsələn, “Baş divani”, ”Baş müxəmməs”, “Bəhri divanisi”, “Gəraylı”, “Osmanlı divanisi”, ”Orta müxəmməs”, ”Sallama gəraylı”, ”Koroğlu müxəmməsi”, “Təcnis”, “Türk gözəlləməsi”, “Çoban bayatı” və s. kimi aşıq havaları, adlarından göründüyü kimi, həm də müxtəlif xalq şeiri şəkilləri ilə sıx bağlıdır.
Aşıq havalarına uyğun daha çox ifa olunanlar isə gəraylı və qoşmalardır. Bunun da səbəbi bu janrda olan nümunələrdə hecaların azlığı, aşıq havası üstə rahat oxunmasıdır.
Dastanlar da öz növbəsində söz və saz cütlüyünün ünvanıdır. Nəsr və nəzm növbələşməsi aşıqların məclisləri daha maraqlı aparmaq imkanlarını genişləndirir, dinləyici və tamaşaçıların ruhuna daha yaxşı təsir edir. Dastançı aşıqlarda artistlik qabiliyyətinin olması da mütləqdir. Dastanın danışılmasında sözdən musiqiyə və ya musiqidən sözə keçidlərdə aşıqların bu məqamlara uyğun manevr ustalığı dinləyicilərin diqqətini özünə daha çox cəlb edir.
Dastanlar xalqın düşüncə və arzularının ifadəsi baxımından əhəmiyyətli yerə sahibdir. Qəhrəmanlıq, məhəbbət, el-obaya bağlılıq və s. mövzulu dastanlar saz-söz məclislərinin vazkeçilməzi olub. Dastanların xüsusilə axşam vaxtlarında söylənilməsinə görə keçmişdə toylar günlərlə davam edərdi. Onu da qeyd edək ki, dastan söyləmək bacarığı olan aşıqlar xalq arasında digər ifaçı sənətkarlardan daha çox sevilib, yüksək qiymətləndirilib. Aşıqlar tərəfindən “Əsli və Kərəm”, “Koroğlu”, “Abbas və Gülgəz”, ”Şah İsmayıl”, ”Aşıq Qərib”, ”Qaçaq Nəbi”, “Qaçaq Kərəm” və s. dastanlar daha çox ifa olunub. Eyni zamanda bir sıra ustad aşıqlarla bağlı dastan-rəvayətlər də sənətkarların repertuarında yer alıb.
Aşıqlara qədər bu sənətin daşıyıcıları müxtəlif vaxtlarda “ata”, “dədə”, “ozan”, “yanşaq”, “varsaq” adları ilə tanınmışlar. Saz musiqi aləti də əski çağlardan müxtəlif adlarla (qopuz, qolça qopuz və s.), müxtəlif ölçülərdə (cürə, ana) və simlərinin sayına (7, 9, 11) görə fərqlənib.
Mütəxəssislər sənətkarlıq xüsusiyyətlərinə görə aşıqları üç qrupa ayırırlar:
1. Ustad aşıqlar – özündə şairlik və bəstəkarlıq istedadı, kamil müğənni, çalğıçı, aktyor və hətta rəqs (plastika) sənətkarlıqlarını və ən başlıcası, təcrübəli və müdrik ustadlığı (müəllimliyi) üzvi birləşdirir;
2. İfaçı aşıqlar – qədim saz-söz ənənələrini yaşadan və onu xalq arasında yayan sənət ustalarıdırlar. Azərbaycan folklorunun qorunması və inkişafında onların böyük xidmətləri var;
3. Şair aşıqlar – el şairləri, aşıq sənətinin şeir nümunələrini yaradan, xalq şeirinin inkişafında xidməti olan söz ustadlarıdırlar.
Ümumiyyətlə, bu qrupların hər birində yer alanlar aşıq sənətinin inkişafına və gələcək nəsillərə ötürülməsində rol oynayırlar. Çünki bu sənətin mahiyyətində varislik, birləşdiricilik xüsusiyyəti var. Aşıqlıq peşəkar sənət növüdür və bunun da əsasında ustad-şəyird (şagird, davamçı) münasibətləri dayanır. Yəni aşıqlıq ustad aşıqlardan şagirdlərinə şifahi mənimsəmə yolu ilə ötürülür. Ustad-şəyird anlayışı, əslində, aşıq sənətindəki varislik prinsipinə əsaslanır ki, bu da ənənələrin yaşadılmasını şərtləndirir. Ustad-şəyird münasibətləri eyni zamanda sənəti kamil bilənlərə, onu öyrədənlərə dərin ehtiram və minnətdarlıq hissinin təzahürüdür. Ozan sənətinin tanınmış isimlərindən Aşıq Alı ilə Aşıq Ələsgərin ustad-şəyird münasibətləri, xüsusilə də Dədə Ələsgərin “Bir şəyird ki ustadına kəm baxa, Onun gözlərinə qan damar, damar” misraları fikrimizi əsaslandırmağa yetər.
Ustad tam yetişmiş şəyirdinə sənət icazəsi - indiki anlamda desək, diplom və ya sertifikat verirdi. Ancaq hər aşığa da şəyird verilməzdi və hər uşaq, yeniyetmə şəyird kimi qəbul edilməzdi. Burada aşığın keçirdiyi sorğu-sual mühüm rol oynayırdı. Ustad tərəfindən şəyirdliyə namizəd olan uşağın musiqi və söz duyumu ilə yanaşı, onun xalq ruhuna yaxınlığı, hazırcavablığı və s. kimi keyfiyyətləri sərf-nəzər edilirdi. Yəni ustad ilkin sınaq mərhələsindən şəyird qəbul edəcəyi şəxsin bu sənətin sirlərinə yiyələnəcəyinə müəyyən qədər əmin olurdu. Çünki onun yetişdirdiyi aşıq el-obanın məclislərini yola verməli, ustadının ad-sanını uca tutmalı, həm də özünü bir sənətkar kimi sübut etməli idi. Axı ulularımız “Aşıq eldən yuxarı” deyiblər. Dədə Ələsgərin məşhur ustadnaməsində deyildiyi kimi,
Aşıq olub diyar-diyar gəzənin
Əzəl, başda pürkamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi...
Azərbaycan xalqı həmişə aşıq sənətinə bağlı olub. Hətta milli tarixi-mədəni yaddaşımızın unutdurulduğu dönəmlərdə belə aşıq sənətinə könül verənlər bu ulu mirasın gələcək nəsillərə çatdırılması üçün çalışıblar.
Azərbaycan müstəqilliyə qovuşduqdan sonra dövlətimiz tərəfindən də böyük dəstək görən aşıq sənəti öz inkişafında yeni mərhələ yaşayır. Mədəniyyətimizin qorunması və təbliği istiqamətində müstəsna layihələr həyata keçirən Heydər Əliyev Fondu aşıq sənətinin də ölkəmizdə və beynəlxalq aləmdə tanınmasında əvəzsiz rol oynayır. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və səyləri ilə Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınaraq ümumbəşəri irs statusu qazanıb.
Son illər bu ulu sənətin gələcək nəsillərə çatdırılması üçün Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyi tərəfindən də müxtəlif layihələr həyata keçirilir. Ötən il nazirlik tərəfindən təsdiq olunan “Azərbaycan aşıq sənətinin 2018-2021-ci illər üzrə inkişafına dair Fəaliyyət Planı” bu istiqamətdə görülən işlərə əlavə stimul verəcək.
Etibar ƏLİYEV,
Gədəbəy
Aşıq Məktəbinin direktoru,
Azərbaycan
Aşıqlar Birliyinin üzvü
Mədəniyyət.- 2018.- 21
sentyabr.- S.15.