“Hər bir uğurlu fəaliyyətin arxasında fədakar
əmək dayanır”
Dövlət başçısının sərəncamları ilə təltif olunan sənət adamları mükafatlandırıldı
Sentyabrın 19-da Muzey Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafındakı xidmətlərinə görə təltif olunmuş mədəniyyət xadimlərinin mükafatlandırılması mərasimi keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışdı.
Bildirdi ki, yaradıcı əməyin dövlət səviyyəsində qiymətləndirilməsi ənənəsi ulu öndər Heydər Əliyevə məxsusdur. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində dövlət başçısı tərəfindən bir sıra mədəniyyət xadimlərinin mükafatlandırılması onların əməyinin daim diqqətdə olmasına işarədir. Hər bir uğurlu fəaliyyətin arxasında sənət adamlarının fədakar əməyi dayanır. Dövlətimiz hər zaman mədəniyyətin inkişafına xüsusi diqqət ayırıb və incəsənət sahəsində çalışan insanların fəxri adlarla təltif edilməsi ənənə halına çevrilib”.
Nazir diqqətə çatdırdı ki, 1996-cı ildə fəxri adların verilməsi ilə bağlı məsələ müzakirə edilərkən ulu öndər deyirdi ki, sənət adamlarına fəxri adın verilməsi o qədər maddi əhəmiyyət kəsb etməsə də, yaradıcı insanların cəmiyyətdə mövqeyində mühüm amildir. Çünki incəsənət xadimləri cəmiyyətin mədəni dünyasının zənginləşməsində, təfəkkürün formalaşmasında əməyi olan şəxslərdir. Bu gün yaradıcı insanlara fəxri adlarla bərabər müxtəlif orden və medallar, təqaüd və mükafatlar verilir. Bütün bunlar sənət adamlarının əməyinə, həm də mədəniyyətimizə göstərilən diqqətdir.
Əbülfəs Qarayev vurğuladı ki, ölkəmizdə bu gün çoxsaylı beynəlxalq tədbirlər reallaşır və bu tədbirlər bir daha Azərbaycan mədəniyyətinin zənginliyini əks etdirir. Musiqi sənətimiz dünya səviyyəsində tanınır, təbliğ olunur. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə olan qayğısı sayəsində mümkün olub. Hazırda Azərbaycanın bir sıra mədəni irs nümunəsi UNESCO-nun müxtəlif siyahılarına daxil edilib.
Nazir dedi: “Bu gün təqdimatda iştirak edən mədəniyyət xadimlərimizin sırasında musiqi, kino, rəssamlıq, muzey və digər sahələri əhatə edən şəxslər var. Hesab edirəm ki, bu müxtəliflik ondan xəbər verir ki, Azərbaycan mədəniyyəti kompleks şəkildə inkişafdadır. Bu səbəbdən də bütün sənət adamları adından ölkə rəhbərliyinə bu diqqət və qayğıya görə təşəkkür edirik. Mədəniyyətin inkişafı fərdlərin fəaliyyətindən asılıdır. İnanıram ki, bu sahədə çalışan hər bir şəxs bundan sonra da böyük həvəs və vicdanla mədəniyyətimizə öz töhfələrini verəcək”.
Daha sonra mükafatlar sahiblərinə
təqdim edildi.
Xalq artistləri Oqtay Mirqasımov və Rasim Balayevə “Şərəf” ordeni, Əməkdar incəsənət
xadimi, rejissor Rafiq Quliyev, professor Məhərrəm Qasımlı,
Xalq rəssamı Natiq Əliyev və Xalq artisti
Ramiz Əzizbəyliyə
“Şöhrət” ordeni
təqdim olundu. Əməkdar incəsənət xadimi Cəmil Quliyevə isə 3-cü dərəcəli “Vətənə
xidmətə görə”
ordeni verildi.
Mükafata layiq görülən bir sıra sənətkarlar
çıxış edərək
yaradıcılıqlarına göstərilən diqqət
və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini
bildirdilər.
Xalq artisti adına layiq görülən Abduləhəd Mahmudov, xalq rəssamları fəxri adı ilə təltif edilən Arif Əzizov, Sakit Məmmədov milli-mənəvi
dəyərlərə verdikləri
qiymətə görə
ölkə rəhbərliyinə
dərin minnətdarlıqlarını
ifadə etdilər. Vurğulandı ki, mədəniyyətimizi
yaşadıb inkişaf
etdirən insanların
əməyinə verilən
qiymət mədəniyyət
və incəsənətimizin
sabaha daha inamla addımlamasına təkan verən məqamdır.
Sonda nazir Əbülfəs Qarayev mədəniyyət xadimlərinin
yaradıcı əməyinin
qiymətləndirilməsi ilə
yanaşı, bu sahəyə aid dövlət
proqramlarının qəbul
edilməsi, qanunvericiliyin
təkmilləşdirilməsi ilə bağlı məsələlərin uğurla
davam etdirildiyini və bu sahənin
daim dövlətin və ictimaiyyətin diqqətində olduğunu
vurğuladı. Nazir ölkəmizin tərəqqisi,
mədəniyyətimizin təbliğində
mədəniyyət və
incəsənət xadimlərinə
yeni uğurlar arzuladı.
L.AZƏRİ
Mədəniyyət.- 2018.- 21
sentyabr.- S.3