Məşhur bəstəkar və pedaqoqla görüş

 

 

 

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir tədbir sentyabrın 24-də Xəzər Universitetinin F.Əmirov adına konfrans-konsert zalında təşkil edilib. Burada SSRİ Xalq artisti, məşhur bəstəkar, pedaqoq Murad Kajlayevin müəllif gecəsi keçirilib.

Əvvəlcə tədbir iştirakçıları sənətkarın yaradıcılığından bəhs edən videoçarxa tamaşa ediblər.

Universitetin təsisçisi, professor Hamlet İsaxanlı Murad Kajlayevin yaradıcılığının Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.

Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, bəstəkar, Xalq artisti Tofiq Bakıxanov, rejissor Əli Usubov, bəstəkar Telman Hacıyev və digər çıxış edənlər Murad Kajlayevin çoxşaxəli yaradıcılığından danışıb, onun musiqisinin dünyanın bir çox ölkələrində səsləndiyini vurğulayıblar.

Sonra konsert proqramı təqdim olunub. Xəzər Universitetinin kamera orkestrinin ifasında bəstəkarın əsərlərindən parçalar səsləndirilib.

Tədbirin sonunda Murad Kajlayev gecənin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib, yaradıcılığı haqqında kitabı universitetə bağışlayıb.

 

Mədəniyyət.- 2018.- 26 sentyabr.- S.3.