Gənc mədəniyyət işçiləri güclərini idmanda sınayıblar

 

 

 

Sentyabrın 25-də Qusar Olimpiya Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş gənc mədəniyyət işçiləri arasında mini futbol üzrə II ümumrespublika “MEMM kubokuuğrunda yarış keçirilib.

Yarışın keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, müxtəlif mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət işçilərinin fəaliyyətinin stimullaşdırılmasıdır.

Mədəniyyət naziri Əbülfəs Qarayev turnirin keçirildiyi məkana baş çəkib, gənc mədəniyyət işçiləri ilə görüş keçirib. Görüş zamanı nazir gənclərin “İdeya fondunun yaradılması ilə bağlı elektron portalın təşkil edilməsi üçün tapşırıq verib. Sonra fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, mini futbol turnirində iştirak edən 8 komanda UNESCO-nun siyahılarına daxil edilmiş mədəni irs nümunələrimizin adlarını daşıyır: Novruz” (Xaçmaz), “Muğam” (Ağdaş, Sabirabad), “Aşıq” (Ağcabədi, Şəki, Lənkəran), “Misgərlik” (Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz), “Kamança” (Kürdəmir, Biləsuvar), “Çövkən” (Gəncə, İsmayıllı), “Xalça” (Şəmkir, Ağstafa), “Tar” (Bərdə, Sumqayıt).

Turniri Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar üzrə nümayəndəsi Davud İbrahimxəlilov və MEMM-in direktoru Asif Usubəliyev açaraq oyunçulara uğurlar, iştirakçılara isə xoş təəssürat diləyiblər.

AFFA-nın milli dərəcəli baş hakimi Elxan Müslümov və köməkçi hakim Ağahüseyn Əzizovun idarə etdiyi turnirin qalibi “Aşıq” komandası olub. 2-ci yeriKamanca”, 3-cü yeriNovruz” komandası tutub.

 

Mədəniyyət.- 2018.- 26 sentyabr.- S.5.