Mədəniyyət sahəsində əməkdaşlıq
məsələləri müzakirə olunub
Nazir Əbülfəs Qarayev
Moskvada görüşlər keçirib
Azərbaycan
Respublikasının mədəniyyət naziri Əbülfəs
Qarayev Moskvaya səfəri çərçivəsində
sentyabrın 21-də Rusiya Federasiyasının mədəniyyət
nazirinin müavini Pavel Stepanovla görüşüb.
Görüşdə 2019-2020-ci illərdə Azərbaycan Respublikasında və Rusiya Federasiyasında qarşılıqlı mədəniyyət mövsümlərinin keçirilməsi, bir sıra digər məsələlər müzakirə edilib.
Müzakirələr zamanı müştərək film çəkilişinin həyata keçirilməsi, müvafiq təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən teatr sahəsində çalışan gənc kadrların mübadiləsi, xoreoqrafiya tədris ocaqları arasında qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi məsələləri qaldırılıb.
* * *
Mədəniyyət naziri Əbülfəs Qarayev sentyabrın 22-də Moskva Hökumətinin naziri, Moskva Şəhər Mədəniyyət Departamentinin başçısı Aleksandr Kibovski ilə də görüşüb.
Görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəniyyət sahəsində ikiillik tədbirlər planının hazırlanması və digər məsələlər müzakirə edilib.
Söhbət zamanı həmçinin təhsil müəssisələri arasında kadr mübadiləsi, qarşılıqlı qastrol səfərlərinin təşkili, kitabxana sahəsində Moskvada tətbiq olunan yeni texnologiyaların Bakıda da tətbiqi imkanlarına baxılması, beynəlxalq festivallarda müştərək iştirak, Azərbaycan bəstəkarlarının əsərlərinin Moskva teatrlarının repertuarına əlavə edilməsi, birgə tamaşaların qoyulması və Moskva teatrlarından birində həftəlik “virtual pəncərə” təşkil olunması, qarşılıqlı sərgilərin keçirilməsi, arxeologiya sahəsində birgə fəaliyyətin genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan
Respublikasının Rusiya
Federasiyasındakı səfiri Polad Bülbüloğlu iştirak
edib.
Mədəniyyət.- 2018.- 26 sentyabr.-
S.5.