Qara Qarayevin 100 illik yubileyi Moskvada qeyd olundu
Sentyabrın 22-də Moskvadakı P.İ.Çaykovski adına
konsert zalında dahi Azərbaycan bəstəkarı, görkəmli
alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti Qara
Qarayevin 100 illiyinə
həsr olunmuş təntənəli yubiley gecəsi keçirildi.
Mərasim Qara Qarayevin 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamına
uyğun olaraq Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi
tərəfindən təşkil
edilmişdi.
Konsert zalının
foyesində bəstəkarın
həyat və yaradıcılıq yolunu
əks etdirən fotolardan ibarət sərgi nümayiş olunurdu.
Aparıcı yubiley gecəsini
açıq elan etdikdən sonra Azərbaycanın Respublikasının
mədəniyyət naziri
Əbülfəs Qarayev,
Rusiya Federasiyası mədəniyyət nazirinin
müavini Pavel Stepanov və ölkəmizin Rusiyadakı
səfiri Polad Bülbüloğlu səhnəyə
dəvət olundular.
Səfir Polad Bülbüloğlu tədbir iştirakçılarını
salamlayaraq bildirdi ki, bu təntənəli
gecə Azərbaycanın
və Rusiyanın musiqi tarixində bizim mədəniyyətlərimizin,
mədəniyyətə münasibətimizin
vəhdətinin təsdiqi
kimi qalacaq. O, Qara Qarayevin yaradıcılıq
irsinin Azərbaycana, Rusiyaya və bütün dünyaya məxsus olduğunu vurğuladı: “Qeyd etmək lazımdır ki, o, Rusiya ilə
çox bağlı idi – Moskvada konservatoriyada oxumuşdu,
Dmitri Şostakoviçin tələbəsi
olmuşdu, SSRİ Bəstəkarlar
İttifaqında fəal
çalışırdı. Bundan əlavə, SSRİ Ali Sovetinin
deputatı kimi də nüfuzlu bir şəxsiyyət idi. Sovet İttifaqında mümkün olan bütün adlara sahib olmuşdu. Lakin bütün bunlarla
yanaşı çox
təvazökar bir insan idi”.
Səfir
çıxışını bu sözlərlə bitirdi: “Neçə illər keçsə də, 120, 150, 200 il sonra da dünya
Qara Qarayevin – görkəmli mədəniyyət
xadiminin, dünya miqyaslı musiqiçinin yubileyini qeyd edəcək”.
Polad Bülbüloğlu
yubiley gecəsinin təşkilatçılarına, eləcə də görkəmli dirijor Rauf Abdullayevin rəhbərliyi ilə konsert proqramını təqdim edəcək orkestrə öz minnətdarlığını bildirdi.
Daha sonra çıxış edən Rusiya mədəniyyət nazirinin müavini Pavel Stepanov dahi bəstəkarın geniş yaradıcılıq diapazonuna diqqət yetirdi. Qeyd etdi ki, Qara Qarayev həm Azərbaycanın, həm də Rusiyanın musiqi həyatında nadir şəxsiyyətdir. O, yaradıcılığının genişliyi – simfonik musiqisi, baletləri, kiçik həcmli əsərləri, filmlərə, teatr tamaşalarına yazdığı musiqilərlə bu gün də hər kəsi heyran edir. Görkəmli bəstəkar yaradıcılığında müxtəlif xalqlara, müxtəlif zamanlara müraciət edib.
Yubiley gecəsində çıxış edən nazir Əbülfəs Qarayev diqqətə çatdırdı ki, böyük bəstəkar Qara Qarayevin 100 illiyi Azərbaycanda və xarici ölkələrdə müxtəlif tədbirlərlə qeyd edilir. O, Moskvada təşkil olunan konsertin əhəmiyyətindən danışaraq dedi: “Bu musiqi axşamı təkcə Qara Qarayevin 100 illiyi şərəfinə təşkil edilən mərasim deyil, eyni zamanda Azərbaycanın və Rusiyanın tarixində iz qoymuş görkəmli mədəniyyət xadimlərinin xatirəsinə ehtiramın nümunəsidir. Qara Qarayevin xatirəsi Rusiyada hər zaman böyük ehtiramla yad edilir. Moskvada onun adını daşıyan musiqi məktəbi var, bir neçə il öncə barelyefinin açılışı olub. Bu il Rusiyanın böyük şəhərlərində bəstəkarın 100 illiyi ilə bağlı konsertlərin keçirilməsi də onun yaradıcılığına, sənət irsinə, ümumilikdə Azərbaycan musiqisinə və mədəniyyətinə dərin hörmətin göstəricisidir. Bütün bunlar həmçinin Azərbaycanla Rusiya arasında mövcud olan sıx mədəni əlaqələrin təsdiqidir”.
Nazir onu da vurğuladı ki, Qara Qarayevin yaradıcılıq irsi musiqinin, demək olar ki, bütün janrlarını əhatə edir və onun əsərləri dünya musiqi mədəniyyətinin xəzinəsinə daxildir.
Sonra nazir Rusiya-Azərbaycan mədəni əməkdaşlığına toxundu və bildirdi ki, Azərbaycanda elə bir beynəlxalq tədbir olmur ki, orada Rusiya musiqiçiləri iştirak etməsin: “Eyni şəkildə, bizim musiqiçilərimiz Rusiyadakı tədbirlərdə tez-tez qonaq olurlar. Təbii ki, bu gün bizi birləşdirən musiqi mədəniyyətinin möhkəm təməli var”.
Sonra konsert proqramı təqdim olundu.
İki hissədən ibarət konsertdə görkəmli
dirijor, Azərbaycanın
Xalq artisti Rauf Abdullayevin idarəsi ilə P.İ.Çaykovski adına
Dövlət Akademik Böyük Simfonik Orkestrinin və solist – tanınmış skripkaçı, beynəlxalq
müsabiqələr laureatı
Alyona Bayevanın ifasında Qara Qarayevin “Don Kixot” simfonik qravürləri, 3 saylı simfoniyası, skripka və orkestr üçün konserti və “İldırımlı yollarla”
baletindən 2 saylı
süitası səsləndirildi.
Konsert proqramı tamaşaçılar
tərəfindən böyük
maraqla izlənildi və sürəkli alqışlarla qarşılandı.
Qeyd edək
ki, yubiley gecəsinin iştirakçıları
arasında tanınmış
mədəniyyət xadimləri
vardı. Onlar konsert proqramından
zəngin təəssüratlarını
bölüşüblər.
Mstislav Rostropoviç Fondunun prezidenti, maestronun qızı Olqa Rostropoviç bəstəkarın
yüksək insani keyfiyyətlərindən söz
açıb: “Qara Qarayev fenomenal bəstəkar və çox gözəl insan idi. Mən onu
yaxşı xatırlayıram,
o bizim evə gəlirdi, atamla birgə çalışırdı”.
Yubiley axşamının
prodüseri Yelena Tverdolyub
Qara Qarayevin 100 illiyinin Moskvada qeyd olunmasının əhəmiyyətini bildirərək
böyük bəstəkarın
yaradıcılığının bəşəri miqyasını
vurğulayıb.
Mehparə SULTANOVA
Moskva
Mədəniyyət.- 2018.- 26
sentyabr.- S.8.