“Doğma Azərbaycana
minnətdarlıq...”
Bakıda görkəmli bəstəkar, dirijor Murad Kajlayevin
müəllif gecəsi keçirildi
Sentyabrın 21-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Murad Kajlayevin müəllif gecəsi keçirildi. Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilən tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdi.
Gecədə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında bəstəkarın əsərləri təqdim edildi.
Musiqi daim gənc və əbədiyaşardır
Konsertdən əvvəl festivalla bağlı fikirlərini bölüşən bəstəkar bildirdi ki, Üzeyir Hacıbəylinin şərəfinə keçirilən festivalda iştirak etmək mənim üçün böyük şərəfdir: “Mənim Bakıda konservatoriyanın tərkibindəki musiqi məktəbində təhsil aldığım dövr bu dahi musiqiçinin rektorluğu illərinə təsadüf edirdi. Onunla tələbəliyimin ilk günündəki görüşümü gözəl xatırlayıram. Bu gün isə onun adını daşıyan festivalda mənim əsərlərim ifa edilir. Bakıda professional səhnədə ilk əsərim 68 il əvvəl – 12 yanvar 1950-ci ildə səslənib. Gəncliyimi, unudulmaz pedaqoq və valideynlərimi qaytara bilməsəm də, musiqi daim gənc və əbədiyaşardır. Bu gün tədbirə qatılan hər kəsə sonsuz minnətdarlığımı bildirirəm. Çünki təşrif buyuran hər kəs mənimlə sevincimi bölüşməyə və keçmişlə bağlı xatirələrimi yaşamağa gələrək məni tək qoymadılar. Qismətimə Azərbaycanda doğulmaq, burada təhsil almaq xoşbəxtliyi nəsib olub. Təhsilimi bitirdikdən sonra ata və babalarımın vətəni olan Dağıstana dönüb orada respublikanın musiqisinə öz töhfələrimi verməkdə davam etdim. Bugünkü konsertim doğma Azərbaycana minnətdarlıq işarəsidir”.
Bəstəkar Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunduğuna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Konsertdə bəstəkarın Nizami Gəncəvi mövzusunda “Simfonik freskalar”, “Mahnı belə yaranır” xor silsiləsindən 2 fraqment, “İmam Şamil” simfonik illüstrasiyaları, “Vətən səhəri” simfonik fantaziyası, orkestr üçün “Zirvəyə doğru” pyesi, truba üçün “Qədim üslubda pyes” (solist İsrafil Rəsulov), truba və simli orkestr üçün romansı səsləndirildi. Gecədə Nizaminin əsərləri Xalq artisti Səfa Mirzəhəsənovun qiraətində təqdim olundu.
Dahi Nizamiyə ehtiramla
Bəstəkarın yaratdığı hər bir əsərin öz tarixi, öz xatirəsi var. Konsertin əvvəlində təqdim edilən “Simfonik freskalar” dahi Nizaminin “Xosrov və Şirin” əsərinin motivləri əsasında, sərhədsiz və zamana tabe olmayan sevgiyə münasibətdən yaranıb. Əsərin ilk variantı 1980-ci illərdə yazılıb və ifa olunub. Həmin dövrdə əsərin solisti Azərbaycanın unudulmaz ifaçısı Qulu Əsgərov idi. Q.Əsgərovun vəfatından sonra bəstəkar uzun müddət bu partituraya müraciət etmir. O, 2017-ci ildə yenidən əsərə müraciət edərək üzərində geniş redaktələr aparır, Q.Əsgərovun səsini fleytada muğam improvizələri əvəzləyir və buraya xor və bədii qiraət də daxil edilir. Əsər illüstrasiyalardan tam azaddır və burada Murad Kajlayevin parlaq istedadı göz önündədir. Yeni variantda əsər ilk dəfə ötən il Yaroslavl Akademik Qubernator Simfonik Orkestrinin ifasında (dirijor – Rusiyanın Xalq artisti Murad Annamamedov) səsləndirilib.
“Bakı haqqında xatirələr”
Konsert boyu səsləndirilən hər bir əsər öz möhtəşəmliyi ilə diqqət çəkirdi. Dağıstanın Xalq şairi, Dövlət mükafatı laureatı Rəsul Həmzətovun sətirlərindən ilhamlanaraq ərsəyə gələn musiqi pyesləri hər iki sənətkarı vətənə sevgi məqamında birləşdirir. Bəstəkarın “İmam Şamil” əsərində baş qəhrəman sərkərdəliklə yanaşı, xeyirxahlıq nümunəsi, safqəlbli insan kimi təqdim edilir.
Konsertdə təqdim olunan “Vətənimin səhəri”, “Bakı haqqında xatirələr” və digər əsərlərin hər birində bəstəkarın özünəməxsus dəst-xətti hiss olunurdu. “Bakı haqqında xatirələr” ilk dəfə dahi Niyazinin dirijorluğu ilə 1956-cı ildə Dağıstanda ifa edilib. Musiqi gecəsi bəstəkarın yaşadığı illərə hesabat konserti idi. Özünün də qeyd etdiyi kimi, doğulduğu, təhsil aldığı məmləkətə vəfa borcu idi. Azərbaycanlı tamaşaçılar da borclu qalmadılar. İfa edilən hər bir əsər alqışlarla qarşılandı.
Sənətkar ömrü
Murad Kajlayev 1931-ci ildə Bakıda doğulub, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası) ali təhsil alıb. Sonralar Mahaçkalaya köçüb. Musiqidən dərs deyib, Dağıstan Radiosu simfonik orkestrinin baş dirijoru, Dağıstan Dövlət Filarmoniyasının bədii rəhbəri olub, özünün yaratdığı “Qunib” ansamblına rəhbərlik edib.
Sonra Moskvaya dəvət olunub, 1989-cu ildən 2007-ci ilədək Mərkəzi (Rusiya) Televiziya və Radiosunun akademik orkestrinə rəhbərlik edib. Ömrünün ahıl çağında ana vətəni Dağıstana qayıdıb. Bəstəkarın gənc musiqiçi nəsillərinin yetişdirilməsində mühüm xidmətləri var. 2008-ci ildə Dağıstanda özünün incəsənət məktəbini yaradıb. Maestro dünyanın müxtəlif şəhərlərində konsert proqramlarında iştirak edib. 2014-cü ildə gəncliyinin şəhərində - Bakıda məşhur yaponiyalı pianoçu Çisato Kusunokiylə birgə konsert proqramı ilə çıxış etmişdi. Görkəmli sənətkar Azərbaycan musiqi mədəniyyətinin təbliğindəki müstəsna xidmətlərinə görə 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dostluq” ordeninə layiq görülüb.
Lalə AZƏRİ
Mədəniyyət.- 2018.- 26
sentyabr.- S.9.