“Qız
qalası”nda Nəsimi
motivləri
İçərişəhərdə iki festival bir araya gəlib
Sentyabrın 26-da Bakıda IX “Qız
qalası” Beynəlxalq
İncəsənət Festivalı
start götürüb. Ənənəvi festival bu dəfə daha bir sənət
bayramı – ölkəmizdə
ilk dəfə keçirilən
“Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı”
ilə üst-üstə
düşüb.
Bakının qədim hissəsi - İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda keçirilən incəsənət festivalının iştirakçıları da Nəsiminin yaradıcılığını əks etdirən əsərlər yaradırlar.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, “Qız qalası” festivalının keçirilməsində məqsəd Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdir.
Sentyabrın 29-dək davam edəcək festivalda 17 rəssam dahi Azərbaycan şairi Nəsiminin əsərləri əsasında çəkilən səhnələrlə Qız qalası maketləri bəzəyəcəklər. Hər bir tamamlanmış heykəl xüsusi rəsm üslubunu və hər bir rəssamın dekorasiyasını nümayiş etdirəcək.
Daha sonra bu müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş olunacaq, Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevriləcək. Festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb etməyə qərar veriblər.
Qeyd edək ki, “Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Ötən müddətdə müxtəlif ölkələrdən 100-dən çox rəssam bu festivalda iştirak edib. Festival Bakı şəhərində və Fransanın Kann şəhərində reallaşdırılıb. Layihənin məqsədi 2000-ci ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır.
Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.4.