“Mədəni yaxınlıq: fərqliliyin vəhdəti”

 

Cenevrədə mədəni irs nümunələrimizin təbliği məqsədilə tədbir təşkil olunub

 

Sentyabrın 25-də Dünya Əqli Mülkiyyət Təşkilatının (World Intellectual Property Organization) İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil-qərargahında Azərbaycanın zəngin mədəni irs nümunələrinin təbliğ edilməsi məqsədilə tədbir keçirilib.

“Mədəni yaxınlıq: fərqliliyin vəhdəti” adlı tədbir Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi ilə birgə təşkil olunub. Tədbirdə Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa regional qrupuna daxil olan ölkələr  milli mədəni irs nümunələrini təqdim ediblər.

Tədbirdə Əqli Mülkiyyət Agentliyi tərəfindən xalqımıza məxsus coğrafi göstəricilər təqdim olunub, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş xalça, kəlağayı, dolma, həmçinin milli şirniyyat növüpaxlava barədə ətraflı məlumatlar sərgilənib. Guşədə quraşdırılmış xüsusi ekranda Azərbaycan haqqında videoçarxlar nümayiş etdirilib, tədbir iştirakçılarına Azərbaycanla bağlı suvenirlər təqdim olunub.

Dünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri çıxış edərək milli-mədəni irsin geniş ictimaiyyətə təqdimatının əhəmiyyətini diqqətə çatdırıb. Qazaxıstanın ədliyyə nazirinin müavini Nataliya Pan regional qrupun koordinatoru qismində çıxış edib.

Tədbirin açılışından sonra iştirakçılara milli mətbəx nümunələri təqdim olunub. İştirakçılar Azərbaycan mətbəxinin dolma, lüləkabab, paxlavas. kimi ləziz nemətlərini yüksək qiymətləndiriblər.

Mədəni tədbir barədə fikirlərini mətbuat üçün bölüşən Əqli Mülkiyyət Agentliyi İdarə heyətinin sədri Kamran İmanov bildirib ki, Azərbaycanda əqli mülkiyyətin qorunması sahəsinə böyük diqqət yetirilir, ölkəmiz bu sahədə beynəlxalq müqavilələrdə iştirak edir.

Tədbirdə ölkəmizin milli mədəni irs nümunələrinin, bir növ milli əmtəə nişanlarının təqdim olunduğunu diqqətə çatdıran Kamran İmanov vurğulayıb ki, Azərbaycan guşəsində təqdim olunan irs nümunələri bir tərəfdən müasir coğrafi göstərici olmaqla yanaşı, digər tərəfdən də UNESCO-nun siyahısına - dünyanın inciləri sırasına daxil edilib. Qeyd edək ki, coğrafi göstəricilərin təqdim olunduğu sərgi sessiyanın sonunadək nümayiş etdiriləcək.

 

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.5.