Qətərlə kitabxana sahəsində əməkdaşlıq davam edir

 

 

 

Sentyabrın 26-da Qətər Milli Kitabxanasının icraçı direktoru xanım Sohair Vastavi Azərbaycan Milli Kitabxanasında olub. Qonaqla qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlıq, təcrübə mübadiləsi istiqamətində fikir mübadiləsi aparılıb.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bu yaxınlarda Qətər Milli Kitabxanasının yeni binasının açılış mərasimində iştirak etdiyini xatırladaraq bildirib ki, səfər çərçivəsində iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması əlaqələrin inkişaf etdirilməsinə, kitab mübadiləsinə təkan verəcək.

Sohair Vastavi qədim kitabların və əlyazmaların rəqəmsallaşdırılması, mühafizə edilməsi və qorunması ilə bağlı Azərbaycan Milli Kitabxanasının iki əməkdaşının Qətər Milli Kitabxanasına ezam olunmasını təklif edib və ölkəsinin bu sahədə təcrübəsi ilə bağlı köməklik göstərə biləcəyini vurğulayıb.

Kərim Tahirov bu fikri müsbət qarşılayaraq aidiyyəti şəxslərin noyabrda Qətərə ezam olunacağını qeyd edib. O, həmçinin Qətər Milli Kitabxanasının əməkdaşlarının təcrübə mübadiləsi çərçivəsində Bakıya gəlmələrini təklif edib.

Görüşdə qarşılıqlı kitablar hədiyyə olunub.

Sonra qonaq Milli Kitabxananın nadir kitablarkitabxana muzeyi şöbəsini və fond saxlancları ilə tanış olub, oxuculara xidmət proseslərinin avtomatlaşdırılması və elektronlaşdırılması işləri ilə də maraqlanıb.

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.5.