“Şuşanın sədaları” Mahnı Teatrında səsləndi

 

 

Sentyabrın 25-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Şuşa şəhər musiqi məktəblərinin iştirakı ilə “Şuşanın sədaları” adlı konsert oldu.

Üzeyir Hacıbəyli X Beynəlxalq musiqi Festivalı çərçivəsində gerçəkləşən tədbiri Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, Əməkdar artist Teymur Məmmədov açaraq dahi bəstəkarın xatirəsini yaşadan musiqi bayramından danışdı. Qeyd etdi ki, 1995-ci ildə ulu öndər Heydər Əliyevin müvafiq fərmanı ilə təsis edilən “Üzeyir musiqi günü”, eləcə də 2009-cu ildən əsası qoyulan beynəlxalq festivalın böyük sənətkarın xatirəsinə göstərilən bu ehtiram ümumilikdə Azərbaycan musiqisinə verilən dəyərdir. Bu musiqi bayramına Şuşa şəhər musiqi məktəblərinin şagirdləri də qoşulub.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Milli musiqi gününün, hər il 18 sentyabrda başlanan festivalın əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, biz bu festivalın gözəl günlərini yaşamışıq. Hər gün 2-3 tədbirimiz olub. Ü.Hacıbəyli yenə də bizim mövzumuz oldu. Çünki Üzeyir bəyin sənəti, musiqisi, çoxşaxəli yaradıcılığı tükənməz bir xəzinədir: “İndi bu gözəl salonda “Şuşanın sədaları” adlı konsert keçirilir. Qoy şuşalı uşaqların səsi Şuşadan, Cıdır düzündən gəlsin... Biz onları alqışlayırıq. Bu arzu ilə də yaşayırıq”.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxışında bütün tədbir iştirakçılarını Üzeyir musiqi bayramı münasibətilə təbrik etdi. Hamıya öz dərin təşəkkürünü bildirdi.

Çıxışlardan sonra konsert proqramı təqdim edildi. Konsertdə görkəmli Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, xalq mahnılarına da müraciət olundu. Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin də izlədiyi konsert proqramı alqışlarla qarşılandı.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.6.