Üzeyir festivalının səsi Qarabağ torpağından da gəldi
Sentyabrın 25-də Üzeyir Hacıbəyli
X Beynəlxalq Musiqi Festivalı çərçivəsində
Ağcabədi rayon Mədəniyyət
mərkəzində F.Əmirov
adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konserti olub.
Ansamblın bədii rəhbəri
Xalq artisti Ağaverdi Paşayev və rayon İcra Hakimiyyəti başçısının
müavini Naibə Mustafayeva çıxış
edərək böyük
bəstəkarın ömür
yolundan, zəngin yaradıcılığından, milli musiqi mədəniyyətimizin
inkişafında əvəzsiz
xidmətlərindən danışıblar.
Diqqətə çatdırılıb ki, böyük bəstəkar tariximizdə
silinməz iz qoyub. Üzeyir bəy həm də bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni
həyatında yaxından
iştirak etmiş böyük şəxsiyyətlərimizdəndir.
Qeyd olunub ki, 2009-cu ildən etibarən Azərbaycanda hər il keçirilən
beynəlxalq festival böyük
əks-səda doğurub.
Heydər Əliyev Fondu
və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı
ilə gerçəkləşən
festivalın konsertlərində
görkəmli musiqiçilər,
müxtəlif ölkələrdən
bədii kollektivlər,
solistlər, dirijorlar iştirak edirlər.
Ənənəvi olaraq festivalın
bir konsert proqramı dahi bəstəkarın dünyaya
göz açdığı
Qarabağ torpağında
da təşkil olunur.
Sonra Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi
ilə Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblı, həmçinin “Qarabağ Muğam Mərkəzi”nin ifaçıları
dahi bəstəkarın əsərlərindən
parçalar, muğam
və mahnılar, rəqslər təqdim ediblər. Konsert proqramı ağcabədili musiqisevərlər
tərəfindən maraqla
qarşılanıb.
Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.7.