Avropa Şurasının mədəni
marşrutlar üzrə illik
forumu
26-28 sentyabr tarixində Almaniyanın Görlitz şəhərində keçirilən Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Günel Aslanova iştirak edir.
Məşvərət forumunda əsas müzakirələr “Avropa Şurasının mədəni dəyərləri, mədəni irs sahələri və vətəndaşları birləşdirən mədəni marşrutlar üzrə strategiya və birgə fəaliyyət” adı altında aparılır.
Tədbirin açılışında Görlitz şəhərinin meri Slegfried Deinege çıxış edərək mədəni marşrutların inkişafı nəticəsində mədəniyyət mübadiləsi, xalqlar arasında dialoqun genişləndirilməsi prosesinin daha da sürətləndiyini qeyd edib. O, foruma ev sahibliyi etdiklərindən məmnunluğunu bildirərək deyib ki, Görlitz şəhərinin yalnız Avropa Şurası çərçivəsində deyil, digər beynəlxalq təşkilatların layihələri əsasında fəaliyyət göstərən mədəni marşrutlarda təmsil olunması həm şəhərin tanıdılması, həm də əcnəbi qonaqların mütəmadi səfərlərinin təşkili baxımından olduqca əhəmiyyətlidir.
Tədbirdə çıxış edən Günel Aslanova ölkəmizin bu forumda ilk dəfə təmsil olunduğunu nəzərə alaraq, tədbir iştirakçılarına son illər beynəlxalq mədəni marşrutlar çərçivəsində Azərbaycan tərəfinin gördüyü işlər barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi ənənəvi marşrutlarla yanaşı Avropa Şurasının “Zeytun Yolları” kimi yeni inkişaf edən layihələrində də iştirakı vacib sayır.
Forumun ikinci
günündə nümayəndəmiz tərəfindən Azərbaycanın
Avropa Şurası çərçivəsində
növbəti mədəni marşruta daxil edilməsi və layihənin işlənib
hazırlanması ilə bağlı müzakirələr
aparılıb.
Mədəniyyət.- 2018.- 28
sentyabr.- S.8.