Yubiley mövsümü “Zülmətdə nurla başladı

 

 

 

Sentyabrın 25-də Sumqayıt  Dövlət Dram Teatrı 2018-2019-cu teatr mövsümünü açdı. Açılış günü kollektiv repertuardakı ən yeni tamaşalardan biriniNizami Muradoğlunun “Zülmətdə nur” mənzum dramını təqdim etdi.

Tamaşadan əvvəl yaradıcı kollektivlə birlikdə səhnəyə çıxan teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov 50 yaşına yetişmiş sənət ocağının tarixinə qısaca nəzər saldı. O, ötən yarım əsrdə qazanılmış uğurlar barədə məlumat verdi, yubiley mövsümü üçün planlaşdırılan layihələrdən söz açdı. Direktor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə qeyd ediləcək yubileyə hazırlıq prosesindən, şəhər İcra Hakimiyyətinin teatra göstərdiyi diqqətdən danışdı.

Teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov çıxışında yaradıcılıq planlarından bəhs edərək, mövsümün açılışı günü oynanılacaq tamaşa barədə məlumat verdi. Bildirdi ki, N.Muradoğlunun “Zülmətdə nur” mənzum dramı iki yubileyə - Azərbaycan Cümhuriyyətinin 100, şair-dramaturq Hüseyn Cavidin 135 illik yubileylərinə həsr olunub.

Firudin Məhərrəmovun quruluş verdiyi tamaşada Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiqin repressiyaya məruz qaldığı dövrdə böyük şairlərlə onların ailə üzvlərinin qarşılaşdığı işgəncə və mənəvi iztirablardan bəhs olunur. Üç görkəmli şair-vətəndaşın simasında heç bir ideologiyaya uymayan, vətən təəssübü çəkən gerçək ziyalıların üzləşdiyi siyasi repressiyanın amansızlığı, dövlət təhlükəsizliyi orqanlarında özlərinə möhkəm yer eləmiş erməni daşnaklarının Moskvadakı və Bakıdakı “sapı özümüzdən olan baltalarla birgə Azərbaycan ziyalılığına düşmən kəsilməsi qabarıq göstərilir.

Səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Tamaşanın quruluşunda diqqətçəkən məqamlar çoxdur. Məsələn, səhnədəkilərin fərq etmədiyi, amma salondakıların aşkar gördüyü İblis obrazı ilə Cavid ailəsinin son xoşbəxt günlərindən birində balaca Turana qoşularaq rəqs etdiyi səhnədə sofitlərin işıq oyunu, tamaşada köhnə radiodan səslənən musiqilər, müstəqil Azərbaycanın himni, keçmiş SSRİ-nin himni, Mircəfər Bağırov ilə Stalinin nitqlərindən parçalar, indi unutduğumuz sovetləri tərənnüm edən mahnılar, Yazıçılar İttifaqındakı ifşa iclasında əsas qəhrəmanların salonda əyləşməsi, tamaşanın sonunda Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinin görüntüsü fonunda ulu öndər Heydər Əlievin tarixi çıxışının səslənməsi kimi rejissor tapıntıları tamaşasını daha baxımlı edir.

Əsas rollarda əməkdar artistlər Rauf Ağakişiyev (Əhməd Cavad), İlahə Səfərova (Müşgünaz), Cəlal Məmmədov (Mikayıl Müşfiq) və İzaməddin Bağırov (Müstəntiq), aktyorlar Habil Xanlarov (Hüseyn Cavid), Oktay Mehdiyev (İblis, Bağırov), Sədaqət Nüriyeva (Şükriyyə), İlahə Səfərova (Dilbər), İlham Səfərli (Sumbatov), Şəmistan Süleymanlı (Ərtoğrul), Şəhla Məmmədova (Turan) və b. məşğuldur.

 

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.9.