Musiqi alətlərimiz “Sülhü yaşadaq” festivalında səslənib

 

 

 

Ölkəmiz Fransanın Normandiya regionunda keçirilən “Sülhü yaşadaq” festivalında təmsil olunub. Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə festivalda tütək, zurnabalabanda mahir ifaçı Səddam Novruzbəyov konsert proqramı təqdim edib.

Səddam Novruzbəyovun musiqi alətlərimizdə ifası iştirakçıların alqışları ilə qarşılanıb. Onu zərb alətlərində Nagib Şanbezadə, bas gitarada Emrah Kaptan müşayiət ediblər.

Hindistan səfirliyinin dəstəyi, Tapovan Yoqa və “Ayurveda” Açıq İnstitutunun təşkilatçılığı ilə 21 sentyabr – Beynəlxalq sülh günü münasibətilə keçirilən festival barədə təəssüratlarını bölüşən gənc ifaçı deyib: “Konsert çox gözəl keçdi. Azərbaycanın üç nəfəs alətini təqdim etdim. Alqışlardan və dinləmələrdən də məlum idi ki, balaban alətinin ifasını tamaşaçılar daha çox sevdilər. Hazırda isə eyni tərkibdə yeni Azərbaycan musiqiləri üzərində çalışırıq. Məqsədim Azərbaycan musiqisini layiqincə təbliğ etməkdir”.

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.9.