“Əlvida, Şmidt”
Ekran əsəri almanların Azərbaycanda
məskunlaşmasının 200 illiyinə həsr edilib
Azərbaycan Dövlət Film Fondunun binası. Yəqin ki, bir çoxları, o cümlədən
həmkarlarımız bu
ünvana bələddir.
Gəlin, bir anlıq həmin binanı Almaniya səfirliyi kimi təsəvvür edək...
Cəfər Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyası
tərəfindən lentə
alınan “Əlvida, Şmidt” filmində Almaniya səfirliyi məhz burada “yerləşir”...
Filmin çəkiliş
meydançasındayam. Səhər
tezdən Dövlət
Film Fondunun həyətində
kinostudiyanın qocaman
əməkdaşı, bir
çox filmlərin direktoru və inzibatçısı Arif
Səfərovun fəhlələrə
göstəriş verdiyini,
nəyisə ölçüb-biçdiyini
görəndə məlum
oldu ki, bir neçə saatdan sonra çəkilişlərə
start veriləcək.
Budur, heyət
tam hazırdır. Çəkiliş meydançasında yaşlı
peşəkar və gənclərin bir arada çalışması
ilk baxışdan diqqəti
çəkir. İkinci rejissor
Akif Rüstəmov, icraçı prodüser Tərlan Babayev, Xalq artisti Şamil
Süleymanlı da çəkiliş meydançasında
görünür.
Hələ “motor!” komandası verilməyib.
Odur ki, fürsət tapıb filmin quruluşçu rejissoru Əlisəttar Quliyevə
yaxınlaşıram.
Həddən artıq məşğul olan rejissor əsas
suallarımızı cavablandırır. Çünki müxtəlif ölkələrin
Bakıdakı səfirliklərindən
gəlmiş nümayəndələr
də çəkilişdə
iştirak etdikləri
üçün hər
dəqiqə qiymətlidir.
Rejissor bildirir ki, filmin
çəkilişlərinin 60 faizi həyata keçirilib və oktyabrın əvvəllərində
proses yekunlaşacaq. Çəkilişlər Bakıda baş
qəhrəmanın yaşadığı
evdə - alman kirxası ərazisində
və Ələt yolunda davam edəcək.
Səs-küy, hazırlıqlar, qurğular,
rejissorlar, operator köməkçiləri
ilə məsləhətləşmələri
görüb Əlisəttar
Quliyevə “Yaradıcı
qrup sizi yormur ki” sualını
ünvanlayıram. Quruluşçu
rejissor çox mehriban və peşəkar bir çəkiliş qrupunun
olduğunu bildirir:
“Kino sənətimizin korifeyləri,
sənətini dərin
bilən peşəkarlarla
bir yerdə çalışmaq böyük
zövq verir. Filmdə özəl studiyalardan da nümayəndələr
təmsil olunur və bir komanda
şəklində işləyirik”.
Budur, “motor!” səslənir
və çəkiliş
davam edir. Quruluşçu
operator Nadir Mehdiyev əsas
obrazı yaradan aktyor Azər Aydəmirə öz göstərişlərini verir:
“Pilləkənlərdən düşürsən..., asta-asta
gəl..., sağa dön və bayrağa bax...”.
Fondun binası
qarşısına vurulan
“Almaniya səfirliyi” lövhəsi və Almaniyanın bayrağı
istər-istəməz mənim
də diqqətimi eyni nöqtəyə yönəldir. Lakin çəkiliş prosesinə mane olmamaq üçün sakitcə
kənardan seyr edirəm. Onsuz da fotolar “danışacaq” deyə bir neçə fotoşəkil lentə alıb çəkiliş
meydançasını tərk
edirəm.
Qeyd edək
ki, “Əlvida, Şmidt” “Azərbaycanfilm”
kinostudiyası nəzdində
fəaliyyət göstərən
“Mozalan” studiyasında
Mədəniyyət Nazirliyinin
sifarişi ilə lentə alınır. Film Azərbaycanda
almanların məskunlaşmasının
200 illiyinə həsr
edilib. Ekran əsərində Azərbaycanda doğulan alman Emil Şmidtin başına gələn hadisələrdən bəhs
olunur. O öz sevgi və xoşbəxtliyini
burada tapır. Tragikomediya janrında çəkilən
ekran əsərində
hadisələr Göygöl
(keçmiş Helenendorf)
və Bakıda cərəyan edir. Kinolent dostluq və vətənə sevgini, ölkəmizin multikultural
dəyərlərini əks
etdirəcək.
Filmin premyerası 2019-cu ilə nəzərdə tutulur və həmin il Azərbaycanda ilk alman məskəninin (Helenendorf) salınmasının 200 ili tamam olacaq.
Ekran əsərinin ssenari müəllifi Rüstəm Babazadə, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayevdir. Əsas obrazları Əməkdar artist Rasim Cəfər, aktyorlar Azər Aydəmir və A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrından dəvət olunmuş aktrisa Məryəm Kitiya ifa edəcək. Filmdə həmçinin xalq artistləri Şamil Süleymanlı, Qurban İsmayılov və Əməkdar artist Zemfira Sadıqova rol alıb.
Lalə AZƏRİ
Mədəniyyət.- 2018.- 28
sentyabr.- S.10.