Maarifçiliyə həsr olunan
ömür
XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik sahəsində canlanma müşahidə olunurdu. Bakı, Şamaxı, Gəncə və digər şəhərlərdə məktəb və qiraətxanalar açılırdı. Həmin dövrdə maarifçilik hərəkatında fəal iştirak edən ziyalılardan biri də Cəmo Cəbrayılbəyli idi.
Cəmo Alı bəy oğlu Cəbrayılbəyli 1887-ci ildə Şamaxıda anadan olub. Mədrəsə və şəhər məktəbində təhsil alıb. 1902-ci ildə Şamaxıda güclü zəlzələ baş verir və şəhər dağılır. Camaatın xeyli hissəsi Bakıya və digər yaşayış məntəqələrinə köçür. Şəhərin yoxsul təbəqəsi, o cümlədən Cəmonun ailəsi yerlə yeksan olan Şamaxıda qalır.
Müəllimlik peşəsinə maraq göstərən Cəmo Cəbrayılbəyli 1908-ci ildə Şamaxı Realnı məktəbində pedaqoji təcrübə keçərək ibtidai sinif müəllimi diplomu alır. Onun dövrün bir sıra tanınmış maarif xadimləri və ədiblərlə, o cümlədən Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ağəli bəy Nasehlə dostluğu da məhz bu zamana təsadüf edir. 1908-1914-cü illərdə Şamaxıda müəllim işləyir. 1914-cü ildə Bakıya köçür. Burada Rus-tatar məktəbində işə düzəlir. Bu müddətdə pedaqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. Bir neçə pyes, hekayə və şeirlər qələmə alır, dövri mətbuatda dərc etdirir.
Araşdırmalarda göstərilir ki, Azərbaycan Xalq Cümhuriyyəti Xalq Maarif Nazirliyinin məktəbləri dərs vəsaitləri ilə təmin etmək məqsədilə yaratdığı xüsusi komissiyanın fəaliyyətinə Cəmo Cəbrayılbəyli də cəlb edilib.
Sovetləşmədən sonra o, Bakı Pedaqoji Texnikumunda Abdulla Şaiq və Hüseyn Cavidlə birlikdə çalışır. Müəllim işləyə-işləyə Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) oxuyur və 1931-ci ildə ali təhsilini başa vurur. Sonrakı illərdə pedaqoji fəaliyyətlə məşğul olur...
Maarif xadiminin “Xatirələrim” adlı kitabı XIX əsrin sonlarından başlayaraq XX əsrin ikinci yarısına qədərki dövrün xarakterik xüsusiyyətləri haqqında dolğun təsəvvür yaradır. Nəşrdə həmçinin Azərbaycan maarif və mədəniyyətinin inkişafında xidmətlər göstərən insanların həyatından geniş bəhs olunur. Xüsusən M.Ə.Sabir, A.Səhhət və A.Nasehin ömür yolu ilə bağlı maraqlı məqamlar diqqət çəkir: “Molla Nəsrəddin” jurnalı xalqı qəflət yuxusundan ayıldırdı. Sabirin jurnalda dərc edilən kəskin satirik şeirləri ziyalılar və əməkçi təbəqə arasında böyük məhəbbətlə, ruhanilər və varlı təbəqə arasında isə nifrətlə qarşılanırdı”. Cəmo Cəbrayılbəyli 1942-ci ildə pedaqoji sahə üzrə namizədlik dissertasiyası müdafiə edir. 1938-ci ildən 1964-cü ilə qədər Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji İnstitutunda fəaliyyət göstərir, direktor vəzifəsinə qədər yüksəlir...
Görkəmli maarifçi-pedaqoq 1965-ci ildə Şamaxıda vəfat edib, M.Ə.Sabirin məqbərəsi yanında dəfn olunub.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2018.- 28
sentyabr.- S.11.