Aşıq sənəti dünən və bu gün

 

 

 

Ozan-aşıq sənəti Azərbaycanda ta qədimlərdən formalaşmağa başlayıb və xalq yaradıcılığının mühüm tərkib hissəsi kimi yalnız ulusun istəklərini tərənnüm etmir. Bu ulu sənət həm də Azərbaycanın görkəmli folklorşünas alimi, mərhum professor Azad Nəbiyevin dediyi kimi, xalq yaradıcılığı bulağı olmaqla xalqın spesifik mədəniyyətinin formalaşmasına çox güclü təsir göstərir və mədəniyyət yaradıcıları üçün ilham mənbəyi kimi çıxış edir.

Saz bizim ən qədim musiqi alətimizdir. Ulu dədələrimizin bir əlində qılınc olanda bir əlində də saz olub. Xalq şairi Zəlimxan Yaqub haqlı olaraq deyirdi:

Millətimi saz anladar, saz anlar,

Saza baxsın tariximi yazanlar.

Özündə poeziya, musiqi və ifaçılığı birləşdirən aşıq sənəti həm də xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Bu sənətin xalq yaradıcılığından irəli gələn öz qanunauyğunluqları vardır. Aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir.

Bu gün saza tapınmaq həm də tariximizə tapınmaqdır. Bədii yaradıcılıq forması kimi bu sənətin kökləri xalqımızın dərin tarixinə söykənir və həyatın özü onu daim zənginləşdirir. Aşıq musiqisinin mövzuları həyatın özü kimi çox rəngarəngdir – xalqın azadlıqsevərliyi, igidlərin qəhrəmanlığı, onların cəsurluğu, alicənablıq, düzgünlük və xeyirxahlıq kimi xüsusiyyətlər hər biri tariximizin bir səhifəsinə ayna tutan qəhrəmanlıq və məhəbbət dastanlarında öz əksini tapıb, aşıqlarımızın sazında-sözündə nəsillərdən nəsillərə keçərək bu günümüzə gəlib çatıb. Bu nöqteyi-nəzərdən yanaşsaq, aşıqları həm də salnaməçi adlandıra bilərik. Aşıqlar öz dövrlərinin qəhrəmanlarının şəninə dastanlar qoşaraq onları yaşatmışlar.

* * *

Aşıq sənəti tarixin sərt sınaqlarından həmişə üzüağ çıxıb, bütün məqamlarda özünəməxsusluğunu qoruyub, yad təsirlərə qarşı dözümlü olub. Azərbaycanda 70 illik sovet dönəmində də heçonu öz yolundan döndərə bilməyib. Sərhədlərin bağlı olduğu o illərdə də saz türkün mənəvi dünyasının xəritəsini bütövləşdirib.

XX yüzilin əvvəllərində Azərbaycanda sovet rejiminin qurulması ədəbiyyata, mədəniyyətə də təsirsiz qalmadı. Yazarlar kimi sənət adamlarının qarşısında şərt qoyuldu ki, sovet ideologiyasını təbliğ etsinlər. 1928-ci ildə Bakıda aşıqların I qurultayı keçirildi. Moskvanın icazəsi olmadan respublikalarda heç bir irimiqyaslı tədbirin keçirilməsinin mümkün olmadığı bir vaxtda yenicə qurulmuş, problemləri başdan aşan bir hökumətin aşıq sənətinə belə diqqət ayırması diqqətçəkici olmaqla yanaşı, səbəbsiz də deyildi. Sovet imperiyasının ideoloqları aşıqların el-obada böyük hörmət sahibi olmalarını, hər məclisdə onlara başda yer göstərildiyini və xalq arasında sözlərinin keçərli olduğunu yaxşı bildiklərindən, onlardan öz təbliğatlarında istifadə etmək istəyir, çox zaman Lenindən, Stalindən, kommunizmdən oxumağa vadar edirdilər. Televiziyaradionun olmadığı, qəzetlərin ucqarlara gedib çatmadığı və üstəlik əhalinin əksəriyyətinin yazıb-oxumağı bacarmadığı bir vaxtda aşıqlar çox yaxşı bir təbliğat vasitəsi idi. Aşıqların 1938-ci ildə II, 1961-ci ildə III qurultayları da əslində bu məqsədə xidmət edirdi. Doğrudur, o dövrdə aşıqlara dövlət tərəfindən fəxri adlar, ordenmedallar, müxtəlif mükafatlar da verilirdi. Ancaq bütün bunların arxasında, qeyd etdiyimiz kimi, aşıqlardan sovet quruluşunun təbliğatında istifadə etmək məqsədi dururdu. Təəssüf ki, sistemin mahiyyətindən doğan zorakılıq, repressiya bu sənətdən də yan ötmədi, imperiyanın zülm maşını aşıqlarımıza da olmazın divan tutdu. Onlar arasında günahsız güllələnən, Sibir çöllərinə sürgün olunanömrünü dörd divar arasında keçirənlər oldu. Bir neçə fakt göstərmək kifayətdir ki, bu haqda aydın təsəvvür yaransın.

* * *

1854-cü ildə Şəkidə dünyaya gələn və el arasında Molla Cümə adıyla məşhur olan, ərəb və fars dillərini mükəmməl bilən Süleyman Saleh oğlu Molla Oruc 1920-ci ilin may ayında rus ordusu Şəkinin kəndlərinə hücum edərkən güllələnib.

1872-ci ildə Şamaxının Qəşəd kəndində anadan olmuş, Şirvan aşıq məktəbinin görkəmli nümayəndəsi, ərəb və fars dillərini kamil bilən, klassik poeziyaya dərindən bələd olan, Azərbaycanla yanaşı İran, Dağıstan, Orta Asiya, Gürcüstan və İrəvanda da məşhur olan, aşıqlarının 1928-ci ildə keçirilən  I qurultayında iştirak edən aşıq Mirzə Bilal (Bilal Mustafa oğlu Mikayılov) 1937-ci il iyununda həbs edilib, həmin il noyabrın 26-da “xalq düşməni” adı altında güllələnib. Bu böyük sənətkar yalnız Azərbaycan öz müstəqilliyinə nail olduqdan sonra – 1993-cü ildə özünün halal haqqını alıb, üzərindən “xalq düşməni” damğası götürülüb.

Repressiya qurbanlarından biri də 1876-cı ildə bu gün Ermənistanın ərazisi hesab olunan qədim Gümrü mahalının Qarakilsə kəndində anadan olmuş Ağacan Cabbar oğlu Cabbarlıdır. O, Türkiyədə dini və dünyəvi təhsil almışdı. 1949-cu ildə ailəsi ilə birlikdə Sibirə sürgün olunub və 1951-ci ildə orada vəfat edib.

Repressiyanın acı rüzgarı 1900-cü ildə Ərdəbildə dünyaya gələn və sonradan Borçalıda məskunlaşan Məşədi Hüseyndən də yan keçməyib və o, 1952-ci ildə sürgündə vəfat edib.

1906-cı ildə Qazax mahalında anadan olan aşıq Hacı Babakişi oğlu Qaracayev Azərbaycanda sovet quruluşuna qarşı çıxdığına görə həbs edilib. Ömrünün çox hissəsini həbsxana divarları arasında keçirib.

1925-ci ildə Dağ Borçalıda anadan olan Qəhrəman Ömər oğlu Süleymanov isə repressiya ilə iki dəfə üzləşib: 1937 və 1951-ci illərdə ailəsi ilə birlikdə Qazaxıstana sürgün edilib.

İkinci Dünya müharibəsi də aşıq sənətinə böyük zərbə vurub. Belə ki, 1941-1945-ci illərdə  sovet-alman savaşı zamanı heç bir güzəşt olunmadan aşıqlar da cəbhəyə göndərilib və onların böyük əksəriyyəti ya geri qayıtmayıb, ya da şikəst qayıdıblar.

Göyçə mahalından Niftalı Qafar oğlu Qafarovİdris Məhərrəmov, Aşıq Hüseyn Saraçlı kimi böyük sənətkarın ustadı olmuş Quşçu İbrahim, Əhməd Məmməd oğlu İbrahimovdaha neçə-neçə aşıq bu müharibənin qurbanı olub.

Ermənilərin təkcə torpaqlarımıza yox, həm də mədəniyyətimizə göz dikdiyi hamıya bəllidir. Onların zülmü ilə üzləşən sənət adamları arasında aşıqlar daha çoxdur. Böyük ustad Aşıq Ələsgərin şəyirdi olmuş göyçəli Aşıq Nəcəfin (Nəcəf Allahverdi oğlu Bayramov) başına gətirilənlər dünyada bənzəri olmayan bir faciədir. 1919-cu il fevralın 5-də erməni zabit Selikovun əmri ilə Aşıq Nəcəfin belinə odlu samovar bağlanıb və beş oğlu ilə birlikdə vəhşicəsinə öldürülüb.

Digər göyçəli sənətkar Xəstə Bayraməli (Bayraməli Abbasəli oğlu Xudiyev)  1952-ci ildə məkrli erməni siyasətinin qurbanı olub.

XX yüzilin sonlarında soydaşlarımız Ermənistandan – öz tarixi ata-baba yurdlarından qovulanda aşıqlarımıza və aşıq sənətinə də böyük zərbə dəydi. Azərbaycan aşıq sənətinə Aşıq Ələsgər kimi bənzərsiz bir bəxş edən, özünəməxsus zəngin tarixi ənənəsi olan Göyçə aşıq məktəbinin nümayəndələri pərən-pərən düşdü.

El şənliklərinin bəzəyi olan aşıqlar dövrün haqsızlıqlarına qarşı həmişə barışmaz olublar. Təxminən 90 il ömür sürmüş Əlixan Qarayazılı (1909-1998) sovet quruluşuna etiraz olaraq Tiflisdə Leninin abidəsini güllələdiyinə görə həbs olunub. Bir çox aşıqlar isə sovet sisteminin haqsızlıqlarına qarşı etirazlarını özlərinin yaradıcılığında ifadə ediblər. XX yüzildə Azərbaycan aşıq sənətində özünəməxsus yeri olan böyük ustad Mikayıl Azaflıdan haqq sözü aşkara deməyin elə də asan olmadığını poetik dillə belə ifadə edirdi:

Ürəyimdə min dərdim var,

Bil, aşkara deyəmmərəm.

Mənim işim haqq ilədir,

Zülümkara deyəmmərəm.

Başqa bir şeirində yenə haqsızlığa, ədalətsizliyə dözmür, Təbriz həsrəti ilə qovurulur, Sibir çöllərinə sürgün olunan soydaşlarımızın acı taleyinə biganə qala bilmir:

Qoca Azaflıyam, dilim var, lalam,

Təbrizdə qardaşım, Sibirdə balam.

Elə dərd varmı ki, çəkməmiş olam,

Bax, onlar ağartdı başımı mənim.

* * *

Qeyd etdiyimiz bu nümunələrdən bəlli olur ki, bugünkü səviyyəsinə çatması, özünün tarixi ənənələrini qoruması üçün aşıq sənəti hansı məşəqqətli yollardan keçib. Böyük söz ustadı Zəlimxan Yaqubun dediyi kimi:

Sinələrdə dinən sazı

Daşdan-daşa çalan oldu,

Saz yaşadı!

Şəriətə ziddir deyib,

Ocaqlara qaladılar,

Havacatı haram bilib,

Yası yasa caladılar,

Saz yaşadı!

Bəllidir ki, zaman-zaman ustad aşıqlarımız öz haqlarını almayıblar. Ancaq bu da bir həqiqətdir ki, əvvəlcə gərək sənət öz haqqını alaydı ki, sənətkara da qiymət veriləydi. Şükürlər olsun Allaha ki, dövr dəyişdi, Azərbaycan dövlət müstəqilliyini yenidən əldə edərək dünya birliyində öz layiqli yerini tutdu xalqımız, dövlətimiz öz milli mədəni sərvətlərinə sahib çıxdı. Bu gün sorağı dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq folklor festivallarından gələn sənətçilərimiz Azərbaycan mədəniyyətini, incəsənətini ləyaqətlə təmsil edirlər.

2009-cu ildə Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində bu ulu sənət bəşəri status qazanıb. Son 10 ili aşıq sənətinin inkişafında yeni bir mərhələ hesab etmək olar. Məhz bu illərdə sənətə və aşıqlarımıza dövlətin qayğısı daha da artıb, ustad aşıqlar fəxri adlaraPrezident təqaüdünə layiq görülüblər. Bu dövrdə Azərbaycanda iki dəfə beynəlxalq aşıq festivalı, ustad aşıqların yubileyləri keçirilib, aşıq sənətinin elmi-nəzəri tədqiqinə və ustadların həyat və yaradıcılığına həsr olunmuş kitablar nəşr olunub, aşıqlarımız dünyanın bir çox ölkələrinin möhtəşəm salonlarında çıxış ediblər.

Bu gün aşıq sənəti həm də ölkəmizin nüfuzlu ali məktəblərində tədris olunur, əksər musiqi məktəblərində saz sinifləri fəaliyyət göstərir. Bu sənətin inkişafı və beynəlxalq miqyasda geniş təbliği istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Azərbaycan aşıqları ilk qurultaydan 90 il sonra özlərinin VI qurultayına da böyük uğurlarla gəliblər və onları bir araya gətirən Azərbaycan Aşıqlar Birliyi bundan sonra da üzərinə düşən məsul vəzifəni layiqincə yerinə yetirmək əzmindədir.

 

Musa NƏBİOĞLU

Azərbaycan Aşıqlar Birliyinin katibi,

Əməkdar mədəniyyət işçisi

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.12.