Tale TABLOsu
Bunu – 37 yaşınadək üç minə
yaxın rəsm, üç avtoportret yaratmış Van Qoq
öz yaşamıyla yapmış...
Dünya
incəsənəti qalereyasındakı bu analoqsuz həyat və
yaradıcılıq “tablo”suna adekvat diqqətlə baxa bilsək,
belə bir qənaət də hasil etmək mümkün: elə
ki başqalarının iztirablarını onların özlərindən
də fazla fazada sinirdin, yadların ağrı-acılarını
da özününkü kimi qəbul etdin, işin bitdi; ya dəli
olacaqsan, ya səfil...
Amma bu
möcüzəvi holland həm də dahi oldu...
Özü
də bunlar ona məxsus “qəribəliklər”in (psixi
sarsıntılar pikində “ən çox sevdiyi” boyaları
yeməsi, ömürsonuna yaxın kəsilmiş qulağını
aşiq olduğu qıza hədiyyələməsi,
hələ lap gənckən “mən kor adamlara rəsm
satmaram!” kaprizilə “tapşırmışam ki, tabutumu qəbrə
rəsmlərimlə birgə qoysunlar!” nidalı “ərəfə
vəsiyyəti” və s.) sonu deyildi; 1890-ın 29 iyulunda camaat
onun evindən atəş səsi, qardaşı isə bu
iniltisiz intiharçının dilindən (dünyanın əbədi
əhval tablosu təsiri bağışlayan) belə bir
pıçıltı eşidir:
“Qəm
daim davam edəcək...”
Vaxt
ötdükcə bütün bəşəriyyətin
eşidib-düşünəcəyi o atəş və
pıçıltıdan üç gün sonra məşhur
həmkarı K.Pissarro oğluna məktubunda yazacaqdı:
“Bilirdim ki, Van ya dəli olacaq, ya da – bizim hamımızı o
dünyaya səfərdə də xeyli qabaqlayacaq... Lakin hər
ikisini edəcəyi ağlıma gəlməzdi…”
Onun “Mən kor adamlara rəsm satmaram!” deməsi necə,
ağlasığanmı? Özü də kimlərə?!
“Rəsmdən bir şey anlamayan holland yoxdur” (A.Kamyu) deyimilə
qiymətləndirilmiş bir ölkə xalqına...
“Kor
adamlara...”
Dahiliyə
–
xüsusilə
Van Qoqluğa yaraşmayan bu acığın nə vaxt,
hansı situasiyada deyilməsi, sağkən “tam
maraqsız”lığının, yoxkən “tam
düha”lığının birmənalı qəbul edilməsi,
əsərlərindən bəzilərinin auksionlarda rekord qiymətlərə
(150 000 000 dollardan da yuxarı) satılması kimi faktları
belə bir xitab kölgəsinə buraxıram: “adi”lik
dövrlərində yaradılmış bu əsərlərin
“qeyri-adi”lik təyini, “dahiyanə”lik meyarı kimi qiymətləndirilməsi
üçün bu rəssam mütləq ölməliymişmi?..
Dərki
çox baha başa gələn bu sualı bizim söz
tabloçularımızdan Əli Kərimin misraları ilə
cavablandırıram: “Sən mənim qədrimi biləsən
deyə, Bu cavan yaşımda ölümmü indi?!”
Əsasən 1870-ci illərin sonundan təsviri incəsənətlə
məşğulluq, Brüssel və Antverpen rəssamlıq
akademiyalarında (1880-1886) aldığı mükəmməl
təhsil, dövrün tanınmış rəssamlarının
məsləhətləri Vanı tezliklə (və qeyri-adi
sürətlə!) addımlayacağı dahilik yoluna səmtləyir. Lakin bu dövr əsərlərinədək
yaşadığı dərin psixoloji gərginlikləri,
tez-tez üzləşdiyi maddi problemləri ehtiva edən
tünd (tündməcaz!) rənglər, kəskin-dramatik
keçidlər, qəmgin təəssüratlar belə bir
ecazkar bədii “epiqriz” də sərgiləyir ki, o elə həmin
templə “son mənzil”ə doğru da
addımlayırmış. Özü də –
Belə
bir tərcümeyi-halla:
Hollandiyada (Breda şəhəri
yaxınlığındakı Qrut-Zundert məntəqəsi)
keşiş ata, evdar ana ailəsində dünyaya (1853) gəlir. Çox
şeyini rəngsiz gördüyü məktəbi
yarımçıq buraxıb, “avara və yalqız”
keçirdiyi uşaqlıqda “öz içinə
bağlı” bir həyat sürür. Atasının dəstəyilə
rəsm qalereyasında iş həyatına başlasa da,
içindəki yaxı-çəki yönəli eşq
“virus”u onu rahat buraxmır. İyirmi üç
yaşınadək Haaqa, Brüssel, London və Parisin rəssamlıq
müəssisələrində adi satıcılıq, müəllimlik,
teologiyanı qədərincə öyrəndikdən sonra isə
Belçikanın Borinaj şəhərində din xadimliyi
edir. London (Goupil) Qalereyasında
çalışarkən kirayəsində
yaşadığı evin yeniyetmə qızına necə
vurulursa, öz yaşından artıq bir ehtirasla ona təcili
evlənmək təklifi edir. Lakin
aldığı mənfi cavab 22 yaşlı Vinsentə
“müstəqil gənclik” erasının ilk “ictimai
sarsıntı”sını yaşadır və o, təcili
olaraq “hadisə yerindən” uzaqlaşır.
Bu “ilk məhəbbət” zəhərini can-qanından
xaric etməyə çalışan aşiq
könlünü büsbütün rəsm pərisinə
verir. Küçə sərgərdanlıqlarından
bezdiyi məqamlarda rəsm qalereyalarına, muzeylərə
baş çəkir. Bunlardan da bir sakitlik
tapmadığını duyub, “əcnəbi şəhər və
ölkə səfərləri”nə başlayır.
Lakin daimi “xarakter atributları” ilə birgə! Bu isə onu
haqyeyənlərin gözündə dəliyə, müdafiə
etdiyi kəndlilərin, qazmaçıların aləmində
müasir İsaya çevirir...
Doğma
yurduna qayıtdıqdan sonra məşhur rəssamlardan
aldığı dərslər və qardaşı Teodan
gördüyü dəstək sayəsində xeyli dirçəlsə
də, uzun illər görmədiyi dul əmiqızısıyla
rastlaşması onun hərəkələrini yenidən
özəl “təyinat”ına – “dəli”lik ritminə qoşur.
Əsl
Tale təyinatı olan dahiliksə daim –
Yaxasında!
Mütəxəssislərin
fikrincə, vəfatına iki il
qalmış Arla gəlib, “axır ki, bir yerdə bir xeyli
dayanıqlayan” Van Qoqun “formalaşma” prosesini (üslub, işləmə,
təsvir metodikası və s.) “tam
yekunlaşmış hesab etmək olar”. Ancaq bu
“tamamilə yeni” mərhələ işləri, sənətkarlıq
baxımından heç də “köhnə” hesab edilməyən
əvvəlki mərhələdəkilərlə müqayisədə
antaqonluq ovqatı da saçır. Belə ki, tarixcə
birincilərin əksəriyyətində günəşli-gündüzlü
ab-hava, qızılı fon-tonlu tarlalar, qırmızı
qırım-durumlu zəhmətkeş insanlar, həyatın
daha çox xoş həqiqətləri, insanlara sevgi, acı
talelərə şəfqət hisləri, dünyanın ən
küskün tamaşaçısını belə major həyat
ritminə qoşası rənglər… İkinci dövr (hər
biri öz müəllifini bir üz də dahiləşdirəsi)
tablolarının baş qəhrəmanları isə; müqəyyəd
nigaranlıqlara doğru uzanan qaranlıq küçələr,
sanki üstünə heç bir sabah-səhər
işığı doğmayası gecə klubları,
mübahisə-münaqişə ulduzları heç vaxt
barışmayası küskün, düşkün, qəzəbli
həmsöhbətlər, nəfsi əxlaqından iti
pulaxtaranlar, gizli içləri aşkar baxışlarından
da yüngül səfil, fahişə kimsələr…
Tarixi
faktlar, tədqiqatlar, xatirələr deyir ki; –
Böyük
İncəsənətə...
dəhşətli
vurğunluğu, evsiz-eşiksiz qadınlara isə
(obyektiv-subyektiv səbəblərdən evlənə bilməməsinə
rəğmən) vəhşətli mübtəlalığı
bu dahinin nəfəsini kəsib və bunlar – digər
“çalarlı” xarakter cizgilərilə (sənətkarlıq
istedadından aşağı olmayan “eqo”su səbəbilə
dava-dalaşlar, ruhi xəstəxanalar və s.)
çulğaşaraq, onsuz da çox qısa
ömürlü bu anadangəlmə rəssamın son illərini
büsbütün qara boyayıb...
İş
prinsipini “quru” texnikilik (işıq, həcm, aydın rənglər
və onların sıxlığı, laylar sayı və s.)
deyil, yaşanan hislərin müşahidəçiyə
(başqa sözlə, baxılanın baxana)
çatdırılma istəyini ehtiva edən impressionizmin ən
çılğın-çılpaqçılarından
olmuş Van Qoqun əsərlərindən ağızdolusu
danışmaq xeyli asan, arın-arxayın yazmaq isə, yayda
qar iştahası.
Çünki...
bu əsərlərin
hər biri öz “nağıl”ını hərəyə bir
cür nəql edir. “Hökm”ümü bir az
yumşaltmaqçün əlavə edim ki, bu rəsmlərin
şərh taleyi seyrçilərinin elitar və ya proletar
qavrayışına, rəsmi pasionarlıq və ya xəlqi
emossionallığına bağlı. Məsələn
(yox, “Günəbaxanlar” yox, bu, bir kitablıq söhbət!), “Arlda
gecə”. Kimsə daha çox bu küçədəki
qoxunu hiss edir, kimsə qorxunu. Birinin baxışları
buradakı daşların qabarıqlığına ilişib
qalır, obirinin duyğuları fənər
işığının istisində, qulaqları – bu əsrarəngiz
“gecənin səsində”...
Yaxud “Toxucu dəzgahı qarşısında”. Müəllifin buradakı
mexaniki qurğu qarşısında oturmuş insanı bu
ruhsuz maşının “davamiyyəti” (növbəti
detalı) kimi verdiyini
söyləyənlər də ola bilər, balaca
bir bəndənin nəhəng bir əşyaya ağalıq
etməsi işarəti kimi də.
Həyatı
da çox “mozaik”...
“Van Qoq. Həyatı” kitabının müəlliflərinin
(S.Nayfe və Q.Smit) qənaətincə, o,
tanıdığı iki oğlandan birinin əlindəki
tapançanın təsadüfən açılması nəticəsində
ölüb. Digər versiyalara görə,
mehmanxanada qaldığı günlərin birində
sünbül zəmisini rəsm etməkçün getdiyi
tarlada özünü güllələyib. Başqa bir
versiya: “V.Qoq “Ovür-sür-Uaz” ruhi xəstəxanasında
tamamladığı son əsəri (“Buğda tarlası və
qarğalar”) qarşısında intihar etmişdir”.
Qulağının necə, haçan, özü ya
başqası tərəfindən kəsilməsi
versiyaları isə daha “zəngin”. Bizcə, həmkarı
– fransız “Pol Qogen əhvalatı” daha inandırıcı.
Bəli, pozğun bir xanım naminə savaşa
başlayan bu iki dostun biri ülgücə, o biri şpaqaya
sarılır.
Anlar ötür, şiddətlər artır və
qarşılıqlı cəld hərəkətlərin
birində hollandlının bir qulağının
yarısı düşür torpağa. Qogen qorxudan
ildırım sürətilə qaçır, Van Qoqsa,
qulağının kəsilmiş hissəsinin qanını ləzzətlə
yalayıb dəsmalına bükür, sevimli Raşelinin
qapısını döyüb, deyir: “Bu xəzinəni qoru!”
Bir neçə vaxtdan sonra, həmin qapını
döyüb sahibəyə (birini “Kəsilmiş qulaq və qəlyanla”,
digərini “Cuna ilə sarınmış qulaqla”
adlandırdığı) iki əsər uzadır. Ac-yalavac həyat sürən
Raşel isə (bir azdan milyonlarla dollara satılacaq) bu rəsmləri
rədd edir…
Hələ
o “qulaqkəsdi” ilə bağlı məşhur istintaq prosesi;
Van Qoq polis idarəsində dostunun (şübhəli sevgi bəslədiyi
Qogenin) törətdiyi bu xəta haqda susub, rəqibinin
yalanını (“Van Qoq qulağını özü kəsmişdir”)
“doğrultması” ilə tədqiqatçılarından birinə
belə bir fraza da bəxş etmiş olub: “Sorğu-sual
zamanı Van Qoq bir kəlmə də danışmayıb;
sanki onun qulağı yerinə dili kəsilibmiş”...
Yoxluğunda
əsərlərinin dəyərini “milyonlar”a
qaldırmış xələflərin onun
sağlığındakı sələflərinə
(ümumən dünyanın bu əbədi ənənəsinə)
nə deyəsən?..
Ərz edək
ki, o doğumdan bəriki bu 165 il, o 37 il
“vunderkind”ini hələ layiqincə açıb-aşkarlaya
bilməyib. Hətta avtobioqrafik janrın banisi İrvinq Stounun
“Yaşamaq yanğısı” əsəri və eyni adla lentə
alınmış film (1956) belə...
Tufansayağı
iki il...
1888-də
Parisi tərk edib, Fransanın Arl adlı cənub əyalət
şəhərciyinə köçən Van “Arlda
biçin”, “Çiçəkləyən ağac”,
“Çubuq çəkən kişi”, “Provansda böyük
yol”, “Alp dağlarının ətəklərində”, “Sərv
ağaclarının əhatəsində sarı
sünbüllər” şedevrlərini yaradır. Hər
fürsətdə sağlamlığı qayğısına
qalan həkim (həvəskar rəssam və sənətşünas)
dostuna həsr etdiyi (maddilikdən çox mənəvilik təsiri
bağışlayan, seyrçiyə rəngdən çox
söz kimi görünən) “Doktor Qaşenin portreti”ndəki
subyekt isə... vallahi, çox şeylə bərabər, onu
rəsm edənin labüd ölümü barədə də
düşünür...
Bəli, o, içində daşıdığı
bütün hislərin ifadəsini yalnız rənglərdə
tapdı.
İnsanlar bunu tapanda isə Vinsent Van Qoq özü yoxa
çıxmışdı...
Yüz qırx səkkiz ildir –
bəşəriyyətin keçirdiyi ali incəsənət duyğularında bənzərsiz payı olan bu sənətkarın canlı ikən yaşadığı xoş dəqiqələri də bu yazı hesabına salaq: “Qırmızı üzüm bağı” tablosunu (bütün ömrü uzunu ilk və son olaraq) sata bilməsi, yaradıcılığı barədə məşhur bir jurnalda dərc olunan (sağkən ilk və son) yazı və rəssamlığı adına aldığı (bu da yuxarıdakı mötərizələrdəki sayda) mükafat...
Səhifəmdə - bu incəsənət nəhəngi haqda deyilmiş maraqlı fikirlərə kifayət edəcək yer qalmadığından (və onları tapıb oxumaq reallığı olduğundan), özümdən daha iki nüans:
1) Van Qoq müsəlman olsaydı, deyərdim: “Leyli rənglər Məcnunu...”;
2) Bir həftə öncə “TRT Belgesel”də izlədiyim qısametrajlı filmdə gördüm, onun “Günəbaxanlar”ını günlərlə “imitasiya”ladıqdan sonra Hollandiyaya səfər edib, “dünya ustadı” adlandırdığı bu dahinin gəzdiyi yerlərdə addımlayıb, bir neçə əsərinin “obyekt”lərinə baş çəkib öz vətəninə – Çinə qayıdan bir gənc rəssam bütün bunları danışdıqca, masa arxasında əyləşmişlər içərisində gözəlliyilə də seçilən bir qız elə hey ağlayır, ağlayır... Filmçilər isə... hər dəfə hönkürdükcə əllərilə üzünü qapayan o gözəlin sifətini bircə kərə də iri planda göstərmir...
Və bu səhnə onsuz da öz qəribəliklərilə xülyalaşmış Van Qoqu bir az da illüzionlaşdırdı...
Tahir ABBAS
Mədəniyyət.- 2018.- 28
sentyabr.- S.13.