Ulu türk tarixinin Uzun Həsəni
Bu il görkəmli dövlət xadiminin dünyaya gəlişinin
595 ili tamam olur
Azərbaycan tarixində Ağqoyunlu
dövlətinin mühüm
yeri var. Ağqoyunlular
– 1284-1291-ci illər arasında
Xorasandan Anadoluya köçmüş oğuz
türklərinin tayfa
birliyi olub, Azərbaycan, indiki Türkiyənin Bayburt, Harput, Diyarbəkir, Bitlis bölgələrində
məskunlaşmışlar. Onlar əsasən qoyunçuluqla məşğul
olduqları üçün
bayraqlarında ağ qoç təsvir edilirdi. Səlcuqlu dövlətinin zəifləməsi,
Anadoluda Elxanilər sülaləsinin hökmranlığının
sona çatması ilə Ağqoyunlu dövləti qurulmuşdur.
Bayandur soyunun nümayəndəsi
Ağqoyunlu dövlətinin ən məşhur hökmdarlarından
biri Uzun Həsən (Həsən bəy Bayandur) olub. O, 1423-cü ildə Diyarbəkirdə
doğulmuşdu. Əli bəy
ibn Osman bəyin oğlu, Qara Yuluq Osman
bəyin nəvəsidir.
“Kitabi-Diyarbəkiriyyə”də
babası Osman bəydən başlamaqla Bayandur xanın Uzun Həsənin 52-ci babası olması göstərilir. Onun uşaqlıq
və gənclik illəri barədə geniş məlumat yoxdur. Lakin ehtimal edilir
ki, o, yaxşı təhsil almış və Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak
etmişdir. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarini onun haqqında yazır: “Uzun Həsən yeməyi və öz qonaqlarına qulluq etməyi sevir. Ümumiyyətlə, o, şən xasiyyətli,
arıq, ucaboy, qırmızısifət bir
kişidir və üzündə tatar cizgiləri var”. Mənbələrdə sərkərdənin ucaboylu olduğuna görə “Uzun Həsən” ləqəbi
aldığı bildirilir.
Uzun Həsən Osmanlı İmperiyası, Venesiya Respublikası, Böyük
Moskva Knyazlığı,
Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Misir, Hindistan və başqa dövlətlərlə
diplomatik münasibətlər
qurmuşdu. Uzun Həsənin hakimiyyəti
dövründə (1453-1478) dövlətin ərazisi Qafqaz sıra dağlarından Fars körfəzinə,
Xorasandan Mərkəzi
Anadoluyadək uzanmışdı.
O, dövlətinin güclənməsi
üçün xüsusi
“Qanunnamə” hazırlatmışdı.
“Qanunnamə”nin mətni bizə gəlib çatmasa da, onun islahatları
haqqında salnaməçilərin
“Həsən padşah
qanunları” və ya “Dəsturi-Həsən bəy” adlandırdıqları
qanunlar barədəki
qısa məlumatlara əsasən mühakimə
yürütmək mümkündür.
Vergi islahatçısı
Ağqoyunlu dövlətinin Osmanlı
imperiyası tərkibinə
qatılan qərb ərazilərinə (Diyarbəkir,
Mardin, Urfa, Ərzincan,
Harput və s.) aid olan bəzi sənədlər Türkiyə
arxivlərində saxlanılır. Bu mənbələr Ağqoyunlu
dövlətinin vilayətlərində
feodal münasibətlərini
araşdırmaq baxımından
əhəmiyyətlidir.
Uzun Həsənin islahatının
ümumi xarakteri haqqında “Tarix əl-Qiyasi”də deyilir: “Uzun Həsən ədalətli və xeyirxah idi. O, bütün dövlətin
ərazisində tamğanı
(tacir və sənətkarlardan alınan
vergi – red.) ləğv
etmək istəyirdi. Lakin əmirləri onunla razılaşmadılar. Sultan
tamğanı yarıbayarı
azaldaraq iyirmidə bir dirhəmə çatdırmışdı. Uzun Həsən əhali arasındakı mübahisə və şikayətlərə aid “Qanunnamə”
də tərtib etdirmişdi. O, günahkarları
sərt şəkildə
cəzalandırmağı tələb edirdi. Sultan “Qanunnamə”ni icra edilmək üçün dövlətin
bütün vilayətlərinə
göndərmişdi”.
Uzun Həsən feodal özbaşınalığını məhdudlaşdırmaq və
vergilərin yığılması
zamanı sui-istifadə
hallarını aradan qaldırmaqla iqtisadiyyatın
inkişafına təkan
verdi. Tarixçilərin qeyd etdiyi kimi, Uzun Həsən
uzaqgörən dövlət
xadimi idi. O, yaxşı başa düşürdü ki, uğurlu hərbi qələbələr nəticəsində
yaradılmış Ağqoyunlu
dövləti ərazicə
geniş olsa da, daxilən möhkəm deyil. Hər hansı təhlükəni
aradan qaldırmaq üçün real gücə
əsaslanan, mərkəzləşdirilmiş
dövlət yaratmaq lazımdır. Ağqoyunlu ərazisindən
müxtəlif ölkələri
birləşdirən çoxlu
karvan yolları keçirdi. Bu yollardan keçən karvanlardan gömrük rüsumu alınırdı.
Bütün bunlar dövləti
gücləndirdi.
Qeyd edək
ki, Şərqdə, Qərbdə, dünyanın
hər yerində məşhur olmuş istedadlı qadın
diplomat Sara xatın Uzun
Həsənin anasıdır. O, bütün
dövlət işlərində
Uzun Həsənin yaxın məsləhətçisi
idi. Bir çox ölkələrdən
Sara xatının adına məktublar gəlirdi. Xarici ölkələrdən gələn elçilər,
səyyahlar, dövlət
adamları Uzun Həsənlə görüşməzdən
əvvəl onun görüşünə gedirdilər.
Xarici ölkə səfirliklərinin
nümayəndələri Sara xatınla danışıqlar
aparırdı.
Qardaş
qardaşa rəqib olarsa...
Avropa ilə ticarət əlaqələrini
günü-gündən genişləndirən
Uzun Həsən eyni zamanda kompleks
tədbirlər həyata
keçirirdi. Belə ki, Osmanlı
dövləti Avropaya çıxış yollarını
bağladıqdan sonra
aydın olur ki, Böyük İpək Yolu marşrutu da qapanıb. Odur ki, yolun mərkəzində yerləşən
Azərbaycana böyük
zərər dəyir.
Uzun Həsən Qara dənizin cənub sahillərində yerləşən
Trabzon imperatorluğu vasitəsilə
Avropa ilə əlaqə yaratmağa çalışır. Bu məqsədlə o, imperator IV İohanın
qızı Dəspinə
xatınla evlənir və bu izdivacdan
Uğurlu Məhəmməd,
Maqsud bəy, Zeynal bəy, Sultan Xəlil, Mirzə Yaqub, Yusif Mirzə
və Məsih Mirzə adlı 7 oğlu dünyaya gəlir. O, bacısını
Şeyx Cüneydə
(Şah İsmayıl
Xətainin babası),
qızı Aləmşah
bəyimi isə Şeyx Cüneydin oğlu Şeyx Heydərə ərə verir. 1461-ci ildə
Osmanlı qoşunu Trabzona hücum edəndə qonşu Qaraqoyunlu dövləti ilə vuruşmalara başı qarışan Uzun Həsən başda anası Sara xatın olmaqla diplomatik danışıqlar
aparmaq üçün
nümayəndə heyəti
göndərir. Osmanlıların
yürüşə top götürmədiyindən
xəbərdar olan Uzun Həsən danışıqlar yolu ilə onları yubatmaq və bundan istifadə edib qoşunları ilə Trabzona doğru irəliləməyi
planlaşdırır. Lakin Trabzon imperatoru
osmanlılara döyüşsüz
təslim olduğundan
Sara xatının missiyası
əhəmiyyətini itirir.
Bununla belə, 1461-ci ildə Yassıçəməndə Ağqoyunlu
və Osmanlı dövlətləri arasında
müqavilə imzalanır.
Osmanlılar Trabzon şəhərini, ağqoyunlular isə onun bütün xəzinəsini götürür.
Avropaya yol açmaq fikrindən dönməyən Uzun Həsən Aralıq dənizi limanlarından istifadə etmək qərarına gəlir. Danışıqlardan sonra Venesiya Respublikası, Macarıstan,
Neapol krallığı,
Papalıq, Rodos, Kipr, Qaraman əmirliyi
ona qoşulur. Onlar müharibə zamanı osmanlılara qərbdən
zərbə vuracaqlarına
söz verirdilər.
1472-ci ildə Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında birgə mübarizə haqqında Təbriz müqaviləsi bağlanır.
Digər
Avropa dövlətləri
bu müqaviləyə
qoşulmur və gözləmə mövqeyi
seçirlər.
1472-1473-cü illər Ağqoyunlu-Osmanlı müharibəsi
hər iki dövlətin qüvvələrinin
səfərbər edilməsini
tələb edirdi. Ağqoyunlu qoşunu
Osmanlı dövlətinin
lap içərilərinə qədər irəliləyir
və Aralıq dənizinin sahilində yerləşən Qaraman vilayətinə çatır.
Lakin Venesiya öhdəliklərini
yerinə yetirmədiyi
üçün Ağqoyunlu
dövlətinin planları
pozulur. 1473-cü ildə baş vermiş birinci döyüşdə (Malatya döyüşü)
Uzun Həsən qalib gəlir, lakin ikinci döyüşdə
(Otluqbeli döyüşü)
məğlub edilir.
Aydın
olur ki, Ağqoyunlu qoşunları
bütün Osmanlı
dövlətinin ərazisini
yarıb Avropaya çıxış əldə
etmək iqtidarında
deyil. Bunu başa düşdükdən
sonra Uzun Həsən Suriya və Gürcüstanı
məğlub edib, ya Aralıq dənizi, ya da Qara dəniz
vasitəsilə Avropaya
çıxış əldə
etmək qərarına
gəlir. O, Urfa və
Amid şəhərlərinin
yaxınlığında Suriyanı
nəzarət altında
saxlayan Misir məmlük dövlətinin
qoşunlarını məğlub
edir. Daha sonra isə
gürcü çarlarını
məğlubiyyətə uğradır.
Lakin qələbələrinin nəticəsini
görə bilmir.
Uzun Həsən 1478-ci ildə
Təbrizdə vəfat
edib və “Nəsriyyə” kompleksində
dəfn olunub.
Elm və mədəniyyət hamisi
Uzun Həsən ölkədə elmə və abadlıq işlərinə xüsusi fikir verirdi. O, ölkədəki savadlı insanları saraya toplayır və himayə edirdi. Böyük hökmdar Qurani-Kərimi türkcəyə çevirtdirmişdi. Onun kitabxanasında altmışa qədər alim işləyirdi. Hökmdar özü də kitabları çox sevirdi. Aşıq havalarını sevən sultanın göstərişi ilə saz ansamblı (sazəndələr dəstəsi) yaradılmışdı. Burada doxsan səkkiz aşıq toplanmışdı. Uzun Həsənin sarayında fəaliyyət göstərən elmi məclisdə 58 alim çalışırdı. Təbrizdə “Qeysəriyyə” adlı örtülü bazar və “Nəsriyyə” məscidini də o tikdirmişdi. Bu məscid gündə üç dəfə rəngini dəyişirdi...
Aynurə ƏLİYEVA
Mədəniyyət.- 2018.- 28
sentyabr.- S.15.