“Peru Andlarının mənzərələri”
İçərişəhərdə
Sentyabrın 25-də “Art Tower” rəsm qalereyasında “Peru Andlarının mənzərələri” adlı rəsm sərgisinin açılış mərasimi keçirildi.
Sərgi Perunun Azərbaycandakı səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə gerçəkləşdi.
“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov layihə haqqında məlumat verdi. Qeyd etdi ki, sərgidə Perudan olan dörd rəssamın əsərləri nümayiş olunur. O, əsərlərin yerli sakinlər, eləcə də ölkəmizin qonaqları üçün maraqlı olacağını diqqətə çatdırdı.
Perunun Azərbaycandakı səfiri Mariya Kastanyon Seoanı sərginin açılmasında əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, fırça ustaları möhtəşəm And dağlarının əzəmətini, meşələrini, füsunkar dağların ətəklərindən axan Amazon çayını və onun qollarını təşkil edən çayları, habelə böyük göllərini, quraq və qumlu sahil düzənliklərinin gözəlliklərini öz əsərləri vasitəsilə təqdim edirlər.
Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış oldular. Sərgidə “Amazon”, “Volkan vadisi, Arekipa”, “Pinçoyo, Kolka vadisi”, “İki nəsil, qapakçiko və puno qadını” və digər rəsm əsərləri nümayiş olunur.
“Art Tower” rəsm qalereyasında “Peru Andlarının mənzərələri” adlı sərgi oktyabrın 6-dək davam edəcək.
FARİZ
Mədəniyyət.- 2018.- 28
sentyabr.- S.16.