İtaliyalı musiqiçi Bakıda konsert proqramı ilə çıxış edib

 

 

   Beynəlxalq Muğam Mərkəzində ötən ilin son əcnəbi qonağı italiyalı musiqiçi Luiza Sello olub. Dekabrın 29-da Yeni il münasibətilə təqdim olunan konsert proqramı Beynəlxalq Muğam Mərkəzi və “United Culturesin təşkilatçılığı, İtaliyanın Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyinin dəstəyi və Friulia-Venezia-Giuliya regionunun tərəfdaşlığı ilə reallaşıb.

   Konsertdə klassik musiqinin məşhur isimləri - bəstəkarlar C.Rossini, J.Bize və V.A.Motsartın kompozisiyaları, həm də müasir dövrün bəstəkarlarından Ennio MarikoneValter Silviottinin musiqiləri səsləndirilib.

   Luiza Sello həmçinin Stefano Muskaritolo və Kəmalə Əlizadənin məhz bu konsert üçün bəstələdikləri musiqi parçalarını azərbaycanlı musiqiçilərlə birlikdə ifa edib. Kompozisiyalardan biri azərbaycanlı kontr-tenor İlham Nəzərov tərəfindən ifa olunub.

   Konsertdə Luiza Sello tarzən Sahib Paşazadə ilə birlikdə Kəmalə Əlizadə və Stefano Muskaritolo tərəfindən tərtib olunmuş, xüsusi İtaliya və Azərbaycan etnik ənənələrini özündə əks etdirən parçalardan ibarət musiqi sintezini də təqdim edib.

   Tamaşaçılar italiyalı musiqiçinin çıxışını alqışlarla qarşılayıblar.

 

Mədəniyyət.- 2018.- 5 yanvar.- S.4.