Qardaşlaşmış məktəblərin
şagirdlərinin birgə konserti
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbində Özbəkistanın V.Uspenski adına İxtisaslaşmış məktəb-liseyinin şagirdlərindən ibarət “Miras” musiqi qrupu ilə görüş keçirilib.
İdarədən bildirilib ki, məktəb-liseyin direktoru Dildora Camalova və F.Əmirov adına İncəsənət məktəbinin direktoru, Əməkdar müəllim Adilə Yusifova görüşü yüksək qiymətləndiriblər. Vurğulanıb ki, bu cür tədbirlər məktəblərarası qarşılıqlı əlaqələrin qurulmasına, müştərək layihələrin - ustad dərslərinin, konsertlərin, konfransların keçirilməsinə xidmət edir.
Görüşdə “Miras” qrupunun təqdimatında özbək xalq musiqisi nümunələri, Azərbaycan xalq mahnıları və Üzeyir Hacıbəylinin əsərlərindən ibarət proqram hər kəsin könlünü oxşayıb. Konsertdə özbək qonaqlar azərbaycanlı şagirdləri bir o qədər də tanış olmayan sato, tənbur, dütar kimi musiqi alətlərinin tembri, ifa tərzi ilə də tanış ediblər.
Məktəbin xoreoqrafiya şöbəsinin şagirdi Lalə İsgəndərovanın ifasında özbək rəqsi qonaqların alqışları ilə müşayiət olunub. Daha sonra səhnədə həm özbək, həm də azərbaycanlı şagirdlər birlikdə “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa ediblər.
Tədbirin sonunda məktəblərarası yaradıcılıq görüşlərinin davamlı keçirilməsi qərara alınıb, qarşılıqlı hədiyyələr təqdim olunub.
Mədəniyyət.- 2018.- 5
yanvar.- S.5.