Dostluq evi - sənət məkanı

 

 

   “Burada keçirdiyimiz sərgilərə Azərbaycan rəssamlarını da dəvət edirik”

  

   Ankarada fəaliyyət göstərən Rus-Türk Dostluq Evi şəhərin tarixi məkanında - Hamamönündə yerləşir. Bu məkanın Hamamarxası adlanan istiqamətindən yol aldıqda qarşınıza “Sankt-Peterburq meydanı” açılır. Onun adını və açılma tarixini təsdiqləyən böyük daş lövhə də qoyulub. Demə, əvvəllər burada rus məzarlığı olub. Ətrafında isə rus xəstəxanası və üz tutduğumuz ünvan - Rusiyanın (sonralar SSRİ-nin) Ankaradakı səfirliyinin ilk binası olmuş tarixi tikili yerləşib...

   Üzərində türk bayrağı dalğalanan ikimərtəbəli binanın - Rus-Türk Dostluq Evinin girişindən başlayaraq sanki fərqli bir auraya düşürsən: içərini qədim, ənənəvi rus sobası qızdırır, yerə xalı döşənib, divarlarda maraqlı rəsmlər asılıb, otağın baş tərəfində isə piano qoyulub. Rus-Türk Dostluq Evinin rəhbəri və qurucusu Erol Uğurlu ilə də söhbətə bu özəllikdən körpü salırıq.

  

   “Yavaş-yavaş mədəni əlaqələr quruldubizbu məkanı açdıq”

  

   “Bu binanın maraqlı tarixçəsi var. Çoxları bilir ki, Türkiyə Cümhuriyyəti elan olunduqdan sonra SSRİ ilə aralarında sıx əməkdaşlıq qurulub. Hələ Cümhuriyyətin elanından öncə, Qurtuluş savaşında Lenin Atatürkə yardım edir, silah-sursat yollayırdı. O da təşəkkür edir cavab məktubunda yazır: “Siz bizim hökuməti tanıyırsınız, amma səfirliyiniz hələ İstanbulda yerləşir”. Qarşı tərəf isə cavab verir ki, bizim Ankarada yerimiz yoxdur, harada yerləşə bilərik? Atatürk cavabında “Bu bizim problemimizdir, siz oradakı səfirliyi bağlayın gəlin”,- deyir. Beləliklə, Ankaraya gələn 60 nəfərdən ibarət diplomatik heyət gördüyünüz bu binada yerləşir”.

   Qeyd edək ki, səfirlik 1927-ci ilədək bu binada fəaliyyət göstərib. Rus-Türk Dostluq Evinə gəlincə, bu, 1991-ci ildə Erol bəyin təşəbbüsü Rusiyanın Türkiyədəki səfiri İvan Çernışevin dəstəyi ilə qurulsa da, bəlli səbəblərdən dinamik fəaliyyətə bir qədər gec başlayıb. “Yavaş-yavaş mədəni əlaqələr quruldu biz bu məkanı açdıq. Əvvəl Ankara qalasında yerləşirdik. Oturduğumuz bu binada bərpa işləri 2000-ci ildə başladı. 2012-ci ildə isə tarixi binaya köçdük. Buraya köçməyimizdə fəaliyyətimizdə Rusiyanın Türkiyədəki mərhum səfiri Andrey Karlov böyük dəstək verdi”, - deyə həmsöhbətim vurğulayır.

   * * *

   Söhbət əsnasında bəlli olur ki, Erol bəy özü çeçen əsillidir ailəsi Rusiyada baş verən 1917-ci il Oktyabr inqilabından sonra Türkiyəyə köç edib. Atası türk, anası çeçendir: “1920-ci illərdə Belarusdan Türkiyəyə köçdük. Rusiyada yeni hakimiyyəti istəməyənlər ölkəni tərk edirdi. Köç edənlər arasında azərbaycanlılar da az deyildi. Məsələn, çar ordusunda xidmət etmiş İbrahim Safi adlı azərbaycanlı rəssam bizim ata-babalarımızla köç edənlərin arasında olub. O zaman müsəlman kökənli qaçqınları yalnız Türkiyə qəbul edirdi. Təbii ki, Türkiyədə yaşadıqdan sonra bəlkə dilimizi, adətlərimizi bir az unutduq. Amma “soyuq savaş” bitincə, 1991-ci ildə hər kəsin bir xatirəsi ortaya çıxdı, özünəqayıdış prosesi başladı...”

   

   “Mövlanə evi”ndə Azərbaycan rəssamlarının əməyi var

  

   E.Uğurlu rəhbərlik etdiyi qurumun azərbaycanlı sənətçilərlə yaxşı əlaqələrinin olduğunu söyləyir: “Ailəmizə aid 5 min sənət əsəri var. Kolleksiyamızda Azərbaycan sənətkarlarına aid əsərlər də yer alıb. Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun əsərlərini xüsusilə vurğulamaq istərdim. Bəzən Azərbaycan rəssamlarının əsərlərinin başqa ölkələrdə sərgilənməsinə də yardım edirik. Mərkəzdə tez-tez sərgilər keçirir və Azərbaycan rəssamlarını da dəvət edirik”.

   Bu yaxınlarda Ankarada, elə eyni məkanda “Mövlanə evi” açılıb. Bu bina da Rus-Türk Dostluq Evinin nəzarətinə verilib. “Mövlanə evi”nin içərisindəki tablolarda 10 nəfər Azərbaycan rəssamının əməyi var.

   Dostluq evinin rəhbəri onu da deyir ki, iki ölkə arasında münasibətlər bəzən yaxşı, bəzən soyuq olsa da, bu, xalqların dostluğuna sirayət etməyib: “Məsələn, mənim nikah şahidim Rusiyanın tanınmış rəssamı İvan Gerasimov olub. O da 1930-cu illərdə Türkiyəyə köç edib. Yəni demək istəyirəm ki, xalqlar arasında heç vaxt problem olmayıb. Keçmiş sovet respublikalarının Ankaradakı səfirlikləri ilə əlaqələrimiz var, tədbirlərimizə bütün səfirləri dəvət edirik”.

   * * *

   Binanın otaqları, bu otaqlardakı əşyalar, şəkillər, yazışmalar iki ölkə münasibətlərinin tarixini yaşadır. Bina təmir edilərkən onun tarixi orijinallığına toxunulmayıb. Otaqlardakı mebelləri Ankarada yaşayan ruslar hədiyyə ediblər. Hər otaqdazalda fərqli dizayn və mebellərlə rastlaşsaq da, onlar tamamən ənənəvi Rusiya dizaynını xatırladır. Otaqlardan birində isə Atatürkün fransız dilində Leninə yazdığı iki məktub çərçivəyə salınaraq asılıb. SSRİ-Türkiyə münasibətlərini əks etdirən kitablar da diqqəti cəlb edir.

   Mərkəz müxtəlif mərasimlərə ev sahibliyi edir. Burada nəinki ruslar, hətta türklər də nişan və xına mərasimləri keçirirlər. Eyni zamanda burada qonaqlara Rusiya mətbəxinə aid yeməklər təqdim olunur.

   Söhbətin sonunda Erol Uğurlu deyir ki, məqsəd ruslarla türklərin arasında mehriban münasibətləri inkişaf etdirməkdir: “Tarixi məkanda fəaliyyət göstərən bu evi həqiqi dostluq evinə çevirmək istəyirik. Ona görə də bir daha demək istəyirəm ki, bura hər kəsin üzünə açıq evdir, kim istəsə gəlib ziyarət edə bilər”.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 5 yanvar.- S.11.