Musiqişünaslıq missiyası

 

   Əməkdar incəsənət xadimi, professor Elmira Abasova Azərbaycan musiqi sənətinin, elminin və təhsilinin inkişafında mühüm xidmətləri olan görkəmli alim, pedaqoq, musiqi tənqidçisi, publisist, ictimai xadimdir. Onun yarıməsrlik dövrü əhatə edən çoxşaxəli fəaliyyəti və nailiyyətləri musiqi tariximizdə şərəfli yer tutur.

   Elmira Əbdülhəmid qızı Abasova 10 yanvar 1932-ci ildə Bakıda anadan olmuşdur. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (ADK) fərqlənmə diplomu ilə bitirəndən sonra AMEA Memarlıq və İncəsənət İnstitutunda elmi və konservatoriyanın Musiqi tarixi kafedrasında pedaqoji fəaliyyətə başlamışdır. “Azərbaycan musiqi tarixi”, “Rus musiqisi tarixi”, “Xarici ölkələrin musiqi tarixi” və s. fənləri tədris etmiş, dosentprofessor vəzifələrinə yüksəlmişdir. Ona respublikamızın ən təcrübəli musiqişünas-pedaqoqlarından biri kimi həmişə hörmət və ehtiramla yanaşılmış, zəngin təcrübəsi, metodu və tövsiyələri diqqətə alınmışdır.

   E.Abasovanın professional fəaliyyəti musiqi elminin və təhsilinin inkişafını təmin edən mühüm nəticələrlə zəngindir. O, ali təhsilli musiqişünas kadrların hazırlanması işində məsuliyyət və uğurla çalışmış, onlarla aspirant, dissertant və doktorantın elmi rəhbəri olmuş, peşəkar musiqişünas nəsilləri yetişdirmişdir. Elmira xanım 14 il (1977-1991) Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində işləmişdir. Konservatoriyada təhsil və tədrisin səviyyəsinin daha da yüksəlməsi, elmi tədqiqat işlərinin keyfiyyət və kəmiyyətinin artması, peşəkar kadr hazırlığının daha da təkmilləşdirilməsi, yeni tədqiqat mövzularının işlənilməsi, SSRİ konservatoriyaları ilə əməkdaşlığın genişlənməsi və s. nailiyyətlər onun rektorluğu dövründə baş vermişdi. Onun qərarı ilə ADK-da Xalq musiqisi kafedrasının bazasında Xalq çalğı alətləri və Xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedraları yaranmış, bu kafedraların əsasında eyniadlı şöbələr təsis olunmuşdu. E.Abasovanın daha bir xidməti isə İfaçılıq fakültəsində “milli vokal” ixtisasının yaradılması idi. Bundan başqa, Şərq musiqi alətləri üzrə ifaçıların Ümumittifaq müsabiqəsi ilk dəfə Bakıda keçirilmişdi. Ü.Hacıbəylinin 100 illik yubileyinə həsr olunan bu müsabiqənin təşəbbüskarı və təşkilatçısı rektor E.Abasova idi. Onun ciddi səyləri nəticəsində Opera studiyasının yarımçıq qalmış tikintisibaşa çatdırılmış və təklifi nəzərə alınaraq, studiyaya Şövkət Məmmədovanın adı verilmişdi.

   O, həmçinin SSRİ Təhsil Nazirliyinin qərarı ilə Şərq musiqisinə dair ümumittifaq elmi konfranslarının ADK-da keçirilməsinə nail olmuşdu. Nazirliyin qərarı ilə ADK bütün SSRİ-də Şərq musiqisinin elmi cəhətdən öyrənilməsi üzrə aparıcı təhsil müəssisəsi elan olunmuşdu. Nəticədə, konservatoriyada 1981-1990-cı illərdə Şərq xalqlarının musiqisinə həsr olunmuş beş Ümumittifaq elmi konfransı keçirilmişdi. Bu konfransları təşkil etməklə, E.Abasova Azərbaycan musiqisinin Şərq musiqisi tarixində və mədəniyyətində aparıcı rolunu, novator mövqeyini bir daha əsaslandırdı. 1970-1980-ci illərdə Səmərqənddə keçirilən beynəlxalq muğam simpoziumlarına sanki alternativ elmi tədbirləri həyata keçirən E.Abasova, bununla Azərbaycan ənənəvi musiqisinin Şərq mədəniyyətindəki üstün mövqeyini, təsiredici gücünü və yüksək bədii keyfiyyətlərini SSRİ miqyasında bəyan etmiş oldu. O, Ü.Hacıbəylidən və Ə.Bədəlbəylidən sonra musiqi şərqşünaslığının gələcək inkişafına real elmi zəmin yaratdı.

   E.Abasova 1958-ci ildən başlayaraq Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Musiqişünaslıq və tənqid bölməsində uğurla çalışmışdır. ABİ-nin II qurultayında (1962) Qara Qarayevin təklifi ilə bu bölmənin rəhbəri və ittifaqın idarə heyətinin üzvü seçilmişdir. Professionallığı, təşkilatçılığı, bacarığı, məsuliyyət və tələbkarlığı, əldə etdiyi nailiyyətlər sayəsində ABİ-nin IV qurultayında (1973) qurumun katibi seçilmişuzun illər bu məsul vəzifədə işləmişdir. Bəstəkar əsərlərinin genişmiqyaslı təbliği, bədii-estetik tərbiyə işinin gücləndirilməsi və musiqi tənqidinin fəallaşması əsas məqsədlərindən idi. ABİ-nin sədri Q.Qarayev, katibləri Fikrət Əmirov, Soltan Hacıbəyov, Tofiq Quliyev, Səid Rüstəmov, Vasif Adıgözəlov, müttəfiq respublikaların musiqi xadimləri onun peşəkarlığına, novatorluğuna, bilik və istedadına həmişə yüksək qiymət vermişlər. SSRİ Bəstəkarlar İttifaqının sədri, SSRİ Xalq artisti Tixon Xrennikov Elmira xanımın maraqlı və professional səviyyədə yazdığı yubiley məqaləsinə görə rəsmi təşəkkür məktubu göndərmişdi. Bir maraqlı faktı da nəzərə çatdıraq. E.Abasova yeganə Azərbaycan musiqişünasıdır ki, SSRİ Bəstəkarlar İttifaqının IV qurultayında (1968, dekabr) hesabat məruzəsi ətrafında Azərbaycan musiqişünaslığının vəziyyətinə və nailiyyətlərinə dair çıxış etmişdir. Onun Ü.Hacıbəyli yaradıcılığına dair tədqiqatları isə SSRİ Bəstəkarlar İttifaqı sədrinin hesabat məruzəsində ümumittifaq miqyaslı nailiyyətlər sırasında qeyd olunmuşdur.

   E.Abasova respublikamızda musiqi tərbiyəsi işinin önündə gedən fədakar musiqişünas idi. O, Niyazi və T.Quliyevlə birlikdə ABİ-nin nəzdində Uşaq filarmoniyası yaratmışdı. Televiziyadaradioda məktəblilərə və gənclərə ünvanlananMusiqi lektoriyası”, “Musiqi klubu”, “Musiqi görüşləri” verilişlərini aparırdı. 1970-ci illərdə Uşaq filarmoniyasının xətti ilə bəstəkarlar, musiqişünaslar, musiqi kollektivləri uşaqların musiqi-estetik tərbiyəsi işinə səfərbər olunmuşdular. Orta məktəb şagirdləri, universitet tələbələri üçün mütəmadi olaraq mühazirə-konsertlər təşkil olunur, məktəblilər və tələbələr üçün operabalet tamaşaları göstərilirdi. E.Abasova məktəblilərin yaz tətili günlərində keçirilən “Məktəblinin musiqi həftəsi” festivallarının təşəbbüskarı və təşkilatçılarından idi. Festivalların birində akademik, SSRİ Xalq artisti, SSRİ Bəstəkarlar İttifaqının katibi, musiqi tərbiyəsi üzrə beynəlxalq səviyyəli mütəxəssis, bəstəkar D.Kabalevskiiştirak etmiş, Ümumittifaq Televiziyası və Radiosunun Dövlət Uşaq Xorunun ifasında məktəblilərimiz üçün konsertlər təşkil olunmuşdu.

   E.Abasova Azərbaycanda tarixi və nəzəri musiqişünaslığın elmi əsaslarını yaradan alimlərdəndir. Onun elmi fəaliyyəti çoxistiqamətlidir: Ü.Hacıbəylinin yaradıcılığı; Q.Qarayev musiqisi; Azərbaycan, rusAvropa bəstəkarları; musiqi tarixi; xalq musiqisi, muğamlar, ifaçılar; muğamsimfonizm; musiqi tənqidi. Bu istiqamətlərin hər birində məsuliyyətlə və məhsuldar çalışan alim zəngin musiqişünaslıq irsi yaratmışdır.

   Ü.Hacıbəylinin yaradıcılığına həsr olunan ilk əhatəli musiqişünaslıq dissertasiyası məhz E.Abasova tərəfindən yazılmışdır. Onun aspiranturada təhsil aldığı 1955-1958-ci illərdə elmi rəhbəri Moskva Dövlət Konservatoriyası Musiqi nəzəriyyəsi kafedrasının professoru, SSRİ Elmlər Akademiyası İncəsənət Tarixi İnstitutunun baş elmi işçisi İ.V.Rıjkin olmuşdur. E.AbasovaÜzeyir Hacıbəyovun operaları və musiqili komediyaları” mövzusunda dissertasiyasını 1962-ci ildə bu institutda müdafiə edərək sənətşünaslıq elmləri namizədi alimlik dərəcəsini almışdır. SSRİ-də və xaricdə tanınan görkəmli musiqi alimləri - V.M.Belyayev və N.Şahnəzərova onun rəsmi opponentləri idi. Müdafiə zamanı əsərlərin üslubuna, melodiya, lad, harmoniya, çoxsəslilik, janrforma xüsusiyyətlərinə, eləcə də dahi bəstəkarın tarixi roluna dair çətin suallara gənc iddiaçı tutarlı elmi arqumentlərlə cavab vermişdi. Hətta dissertasiyada “Əsli və Kərəm”in muğam operası adlandırılmasına professor V.Belyayevin irəli sürdüyü etirazlar E.Abasova tərəfindən qəbul olunmamış, gənc musiqişünas öz elmi müddəa və nəticələrini əsaslandıraraq, sübuta yetirmişdir. Elmi Şuranın sədri, professor Y.Keldış gənc musiqişünasın dissertasiyası haqqında müsbət fikirlər söyləmişdir.

   E.Abasova dissertasiya əsasında iki monoqrafiya hazırlamış və nəşr etdirmişdir. Bunlardan biriÜzeyir Hacıbəyovun “Leyli və Məcnun” operası” (1960), digəri “Ü.Hacıbəyovun operaları və musiqili komediyaları” (1961) adlanır. Rus dilində yazılmış monoqrafiyalar indi də aktualdır və onlara istər tədqiqat, istər təhsil prosesində müraciət olunmaqdadır.

   E.Abasovanın elmi tədqiqat mövzularından birimuğamlarla bağlı olmuşdur. 1955-ci ildə konservatoriyanı yenicə bitirməsinə baxmayaraq, həmin il SSRİ Bəstəkarlar İttifaqının Tbilisidə keçirilən musiqişünaslıq və tənqid məsələlərinə dair plenumunda respublikamızın nümayəndə heyətinin tərkibində iştirak etmiş, bəstəkarların muğamlardan istifadəsinə həsr etdiyi çıxışı maraqla qarşılanmışdır. Sonrakı illərdə elmi məqalələrində, monoqrafiyakonfrans məruzələrində muğamın ayrı-ayrı aspektlərini araşdırmışdır.

   Görkəmli alimin 1970-ci illərdə irəli sürdüyümuğamsimfonizmmövzusu və ideyası XX əsrin musiqişünaslıq elmində yeni bir hadisə idi. Məqalələrində simfoniyaların forma, üslub və ifadə xüsusiyyətlərini təhlil edən alimmuğam simfonizmiproblemini qaldırmışdı. Ü.Hacıbəylinin “muğam-opera”sına, F.Əmirovun “simfonik muğam”ına, akademik B.Asafyevin simfonizm təliminə istinad edən alim, akademikin “mahnı simfoniyası” ideyasına alternativ olaraq, özününmuğam simfonizmi” və “muğamvarilikkimi elmi-nəzəri konsepsiyasını irəli sürmüş və əsaslandırmışdı. Onun irəli sürdüyü “Şərq simfonizmi”, “muğam simfonizmi”, “muğamvarilikkimi ideya və terminlər sözün əsl mənasında, elmi kəşf idi.

   E.Abasovanın özünəməxsus akademik yazı üslubu var idi: sadə, anlaşıqlı olduğu qədər də elmi-məntiqi, arqumentli. Musiqişünaslar arasında heyrətamiz oratorluğu, səlis və aydın nitqi, fikir məntiqi ilə seçilirdi. O, kütləvi musiqisevərlər auditoriyası üçün yazanda da, mütəxəssislər qarşısında məruzə edəndə də, aktual məsələləri professional həmkarlarına ünvanlayanda da musiqişünaslıq missiyasını unutmur, öz professional səviyyəsinə, ziyalı-alim prinsiplərinə və vətəndaşlıq mövqeyinə sadiq qalaraq, musiqi incəsənətinə, elminə və təhsilinə yüksək peşəkar münasibətlə yanaşırdı.

   E.Abasovanın musiqi publisistikası janr, mövzu, üslub baxımından çox zəngindir. Ü.Hacıbəyli, M.Maqomayev, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, Niyazi, S.Rüstəmov, T.Quliyev, C.Cahangirov, A.Məlikov, V.Adıgözəlov, R.Mustafayev, T.Bakıxanov, N.Rzayev, ifaçılardan R.Behbudov, F.Bədəlbəyli, E.Nəzirova, F.Əhmədova, L.İmanovb. haqqında yazdığı onlarla məqalə musiqi publisistikası və tənqidinin peşəkar səviyyəsini yüksəltmiş, bu sahənin elmi obyektivliyini, sosial fəallığını və ictimai aktuallığını artırmışdır. O, ən müxtəlif məsələlərdə musiqişünaslığın yaşlı və orta nəslini təmsil edən aparıcı, həmişə səmimi, fəal fikir mübadiləsində olmuş, elmdə də, incəsənətdə də mövqe və baxışların müxtəlifliyinə, fərqliliyinə obyektiv yanaşmışdır. 2009-cu ildə dünyasını dəyişmiş görkəmli musiqişünas-alimin çoxşaxəli fəaliyyəti, elmi-pedaqoji irsi və xidmətləri musiqi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilir.

   

   Ariz Abduləliyev

   Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi

 

Mədəniyyət.- 2017.- 5 yanvar.- S.12.