XX əsrin
novator ruhlu rəssamı
Yeni məzmun, ifadə
prinsipləri, plastik
forma axtarışlarının nəticəsi olaraq XX əsrin əvvəllərində
meydana gələn yeni nəsil rəssamlar müasir incəsənətin təməlçiləri
hesab edilir. Ötən əsrin 80-ci illərində
təşkil edilən
respublika və ümumittifaq rəssamlıq
sərgilərində novator
ruhlu rəssamlar təsviri sənətin müxtəlif sahələrində
eksperimentlər aparır,
ümumiləşdirilmiş stilizasiyaya, fərdi üslub rəngarəngliyinə
və deformasiyaya yer verirdilər. XX əsrin bənzərsiz, novator rəssamları sırasında Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Muradov, Qorxmaz Əfəndiyev, Kamal Əhməd, Müslüm
Abbasovun adlarını
qeyd edə bilərik.
Azərbaycan təsviri sənətində
müasir istiqamətin
banisi hesab olunan Cavad Mircavadovun
adı çoxlarına
tanışdır.
Cavad Mircavadov 19 yanvar
1923-cü ildə Bakıda
anadan olmuşdur.
Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbini bitirdikdən
sonra 1949-1954-cü illərdə
Leninqradda yaşayıb-yaratmışdır.
Rəssamın 1989-cu ildə Moskvada
Şərq Xalqları
Muzeyində təşkil
olunmuş fərdi sərgisinin annotasiyasında
Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi
adlandırılıb.
Onun əsərlərində xeyir və şərin
mübarizəsi, mifik
obrazlar, gərgin rəng qamması ilk baxışda tamaşaçını
cəlb edir. Rəssam əsərlərindəki divlərlə
sanki dövrün eybəcərliklərini saf
uşaq nağıllarından
götürülmüş personajların timsalında
verməklə bir növ improvizasiya etməyə çalışır.
Obrazların mahiyyəti, xarakteri
sətiraltı ifadələrlə
Afrika maskaları altında gizlədilmişdir.
“Arena”, “Ehtiras”, “Divin hiyləsi”, “Çılpaq
qadın”, “Şaman qadın”, “Uzanan qadın”, “Toy” və s. bu kimi əsərlərindəndir.
Cavad Mircavadovun “Şərq miniatürü mövzusunda
improvizasiya” silsiləsinə
“Aqillər”, “Lüt-üryan”,
“Atlılar”, “Sarayda”,
“Günəşli atlı”,
həmçinin “Gəzinti”
, “Uşaq arabası” əsərləri daxildir.
Azərbaycan Dövlət Rəsm
Qalereyasının kolleksiyasına
daxil olan bu silsilədən “Aqillər” adlı rəngkarlıq əsəri
rənglərin effektiv
uyğunluğu, personajların
emosional dolğunluğu
ilə seçilir.
Cavad Mircavadovun tipikləşdirilmiş
obrazları Şərq
xalqlarının ortaq
mədəniyyətlərinə bir növ improvizasiya
cəhdi kimi qiymətləndirilir.
Onun əsərləri müasir cərəyanların
xaotik qarışıqlığından
çox, milli ənənələrdən qaynaqlanan
dərin düşüncənin
nəticəsidir. Rəssam öz
yaradıcılığında mədəni irsin ayrılmaz hissəsi olan milli xalça
ornamentləri, Təbriz
miniatürləri, keramika
elementlərinə tez-tez
müraciət etmiş
və bədii üslubunu zənginləşdirmişdir.
Çağdaş incəsənətə
müxtəlif plastik məzmun gətirmiş, novatorçu yenilikləri
ilə müasir forma axtarışında olan rəssam milli koloristik usta kimi ad qazanmışdır.
Azərbaycan incəsənətində
1950-1980-ci illərdə mövcud
olan “nonkonformistlər”
adlanan qrupa daxil olan rəssam
yaradıcılığında fərqli inkişaf yolu keçmişdir.
Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına
daxil olan “Sirk”, “Qırçılar”,
“Rəqs”, “İstirahət”,
“Aylı gecə”, “Köhnə Bakının
yanğınsöndürənləri”, “Qız muncuqla”, “Öküzün nallanması”,
“Nar ağacının altında”,
“Qadın həvəngdəstə
ilə” kimi çoxsaylı rəngkarlıq
tabloları Cavad Mircavadovun novatorluğunun göstəricisidir. O, əsərləri
ilə cəmiyyətdə
cərəyan edən
müxtəlif hadisələrin
gerçəkliyini göstərməyə
çalışır, tamaşaçını
yalnız həqiqəti
dərk etməyə çağırır. İncəsənətin dili ilə improvizasiya
cəhdi insanların daxilində qorxu, bədbinlik, özünütənqid
kimi hisləri qabardır. Cavad Mircavadovun əsərləri
zamanın xarakterini əks etdirir, onun nəbzini tutur və təhlil
edir. Müasir forma axtarışında olan rəssam əsərlərində şifahi
xalq ədəbiyyatı
personajlarına da yer vermişdir. Bu obrazlar vasitəsilə
əsərləri güclü
enerji ilə əhatələnmiş, bəşəriyyətin
ümumi simvoluna çevrilmişdir.
Rəssamın zəngin rəng
koloriti ilə seçilən “Aylı gecə” əsəri emosional təsir gücünə malik tabloları sırasındadır.
Gecənin qaranlığını aydınladan ay işığı
obrazların psixoloji gərginliyini ön plana çəkmişdir.
C.Mircavadov tabloda göy,
sarı, qırmızı,
yaşıl rəng qammasından istifadə etməklə tamaşaçının
bütün diqqətini
cəlb edir. Zəngin rəng çalarları, kobud yaxmalar onun bütün yaradıcılığına xasdır.
Rəssamın əsərləri təkcə Azərbaycanda
deyil, xarici muzeylərdə də sərgilənir. Onun formaca
müasir, məzmunca milli elementlərdən istifadəsi incəsənətdə
ideoloji prinsipləri qəbul etmədiyinin, yalnız bədii fərdi novatorluğunun göstəricisidir. Azərbaycan rəngkarlığında
avanqard baxışı,
eksperimentləri və
novatorluğu ilə özünəməxsus yer
tutan görkəmli sənətkar 1992-ci ildə
dünyasını dəyişmişdir.
Həmidə Süleymanova
Azərbaycan
Dövlət Rəsm Qalereyasının əməkdaşı
Mədəniyyət.- 2017.- 5
yanvar.- S.13.