Nizami qəhrəmanları miniatür və xalçalarda
Orta əsrlərdə Azərbaycan miniatür rəssamları dünya sənət xəzinəsinə dəyərli töhfələr veriblər. Bu da onu göstərir ki, ölkəmizdə miniatür sənəti köklü ənənələrə malik olub.
Araşdırmalardan məlumdur ki, miniatür sənəti əvvəlcə illüstrasiya kimi təşəkkül tapıb. Sonra klassik Şərq poeziyası ilə sıx vəhdətdə inkişaf edib. XIV əsrdən başlayaraq miniatür sənətinin xalçaçılığa, xüsusən də süjetli kompozisiyaların traktovkasına təsiri artır. Təbriz miniatür məktəbinin formalaşması ilə bu proses daha da güclənir. Bu məktəbin yaradıcısı isə ustad rəssam Sultan Məhəmməd olub. O, dahi Nizami Gəncəvinin “Xəmsə”sinə, Əbülqasım Firdovsinin “Şahnamə”sinə və Hafiz Şirazinin “Divan”ına onlarca illüstrasiya çəkir. Dünyanın ən mötəbər muzeylərində, şəxsi kolleksiyalarda qorunan bu miniatürlər bir çox bənzərsiz xalça nümunələrinin yaranmasına səbəb olur. Belə xalça nümunələrinə Londonun Viktoriya və Albert, Nyu-Yorkun Metropoliten, Parisin Dekorativ Sənət və digər dünya muzeylərində rast gəlinir.
Tədqiqatlarda qeyd olunur ki, Firdovsinin qəhrəmanlıq epopeyası, Nizaminin lirikası, romantik və fəlsəfi-didaktik poemalar xalça ustalarının yaradıcılığına böyük təsir göstərib, onları dünyəvi hisləri, ülvi məhəbbəti tərənnüm edən misilsiz xalçalar yaratmağa ruhlandırıb. Təəssüf ki, bu söz ustadlarının poemalarının motivləri əsasında toxunan erkən Azərbaycan xalçaları dövrümüzədək gəlib çıxmayıb. Ancaq belə xalçaların mövcudluğuna XVI və XVII əsrə aid Kirman, Kaşan xalçaları əsaslı sübutdur. Hər iki xalçanın süjeti Nizaminin “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarından götürülüb. Parisin Dekorativ Sənət Muzeyində saxlanılan XVI əsrə aid Kirman xalçasında təsvir olunan “Şirin çimərkən Xosrovun onu seyr etməsi” və “Leylinin səhrada Məcnunla görüşü” səhnələri xalçanın mərkəz oxu boyunca hər iki tərəfdən güzgü simmetriyası ilə təkrarlanır. Luvr Muzeyində saxlanılan XVII əsrə aid ipək Kaşan xalçasının künc ləçəklərində də “Leylinin səhrada Məcnunla görüşü” səhnəsi təsvir edilib.
Nizaminin “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarının motivlərinə Orta əsrlər ipək parçalarında, keramika nümunələrində, xüsusən də miniatür rəssamlığında rast gəlinir.
Onu da deyək ki, Səfəvilər dövləti üçün xarakterik olan saray üslubu, ölkənin ucqar bölgələrində miniatür sənətinin bədii cəhətdən inkişafına təsir göstərib. Eyni zamanda Təbrizlə Şamaxı və Qarabağ arasında əlaqələrin genişlənməsi şimal bölgələrində bədii cəhətdən Təbriz üslubuna yaxın olan miniatür sənətinin və süjetli xalça sənətinin inkişafına təkan verib. Ancaq bu xalçalar Təbriz xalçalarından fərqli olaraq saray rəssamlarının əsərləri əsasında deyil, ənənəvi xalq sənətkarları tərəfindən toxunub.
Xalçaçıların dönə-dönə Nizami poemalarının motivlərinə müraciət etməsi XIX əsrədək davam edir. Bu dövrdə də xalçaçılar ənənəvi ədəbi mövzu və obrazlara, Şərq poeziyasının klassik nümunələrinə müraciət edirlər. Real xarakterlər yaratmağa çalışır və xalçaların mövzu çərçivəsini genişləndirirlər.
Orta əsrlərdə xalçaçılıq sənəti daha çox sarayla bağlı olub. Bu səbəbdən xalçalarda ədəbi motivlərin işlənməsində incəlik və süjetlərin son dərəcə estetik mahiyyət kəsb etməsi üstünlük təşkil edib. Xalçaçılar arasında ənənəvi mövzuya çevrilən “Leylinin səhrada Məcnunla görüşü” motivi əsasında Təbrizdə toxunan iki xalça buna bariz nümunədir. Hazırda AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunan, 1810-cu ildə toxunmuş xalçanın ara sahəsində zəngin libaslı Leyli və onun qolları üzərində Məcnun yarıbihuş halda təsvir olunub. Arxa planda qız üzlü günəşin çıxışı əks olunub. Xalçada təsvir edilən çoban və qoyun sürüsü, tülkü, ayı, xaltalı it və s. heyvanlar cənub səhralarından çox, Azərbaycan toxucusuna daha yaxşı məlum olan mənzərəni xatırladır.
XX əsrin əvvəllərində “Sirlər xəzinəsi”, “İsgəndərnamə” poemalarının motivləri əsasında “Bəhram Gur ovda”, “Bəhram Gur və Çoban”, “Bəhram Gur və Fitnə ovda”, “İsgəndərin cadugərlərlə döyüşü” adlı xalçalar toxunub. Görkəmli xalçaçı rəssam Lətif Kərimovun rəhbərliyi altında “Ədalətli Nuşirəvanla vəzirin söhbəti”, “Şirinin Bisütun dağına Fərhadın görüşünə getməsi”, “Məcnun vəhşi heyvanlar arasında” , “İsgəndər və Nüşabə” adlı xalçalar ərsəyə gəlib. Bütün bunlar Nizaminin yaratdığı ölməz obrazların möhtəşəmliyinin bariz nümunəsidir.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 5
yanvar.- S.13.