Xalq artisti Nəriman
Məmmədovun xatirəsi
yad edilib
Yanvarın 8-də
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyində tanınmış
bəstəkar, Xalq artisti, professor Nəriman Məmmədovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
İştirakçılar
muzeyin foyesində bəstəkarın həyat
və yaradıcılıq
yolunu əks etdirən sərgi ilə tanış
olublar.
Muzeyin direktoru, Əməkdar
mədəniyyət işçisi
Alla Bayramova, şöbə müdiri Xanım Abdinova çıxış edərək
sənətkarın ömür
yolundan danışıblar.
Bildirilib ki, 1927-ci ildə Naxçıvanda anadan olan Nəriman
Məmmədov şəhərdəki
uşaq musiqi məktəbinin tar sinfini bitirdikdən sonra Bakıda Asəf Zeynallı adına
Musiqi məktəbinin
nəzəriyyə şöbəsində
oxuyub. Bu dövrdə
xalq çalğı
alətləri üçün
"Süita»sını bəstələyib.
Əsər Səid Rüstəmovun
rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında səslənib.
Nəriman Məmmədov daha sonra Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət
Konservatoriyasında musiqi
nəzəriyyəsi və
bəstəkarlıq ixtisasları
üzrə ali musiqi təhsili alıb. 1943-cü ildə
C.Məmmədquluzadə adına Naxçıvan
Dövlət Dram Teatrında
musiqi rəhbəri kimi əmək fəaliyyətinə başlayan
N.Məmmədov sonralar
Azərbaycan Dövlət
Filarmoniyasının xalq
çalğı alətləri
orkestrində çalışıb,
Asəf Zeynallı adına Musiqi məktəbində müəllim
işləyib. 1961-ci ildən ömrünün
sonunadək AMEA-nın
Memarlıq və İncəsənət İnstitutunda
çalışıb.
Bəstəkarın simfoniya, balet,
musiqili komediya, oratoriya, kantata və kamera-instrumental əsərləri milli musiqi mədəniyyətinin
dəyərli nümunələridir.
Səməd Vurğunun “Komsomol
poeması” əsəri
əsasında yazdığı
“Humay” baleti 80-ci illərdə Azərbaycan
Dövlət Opera və
Balet Teatrında səhnə təcəssümü
tapıb. Xalq musiqisindən
bəhrələnərək bəstələdiyi lirik mahnılarla Azərbaycan bəstəkarlıq məktəbi
ənənələrini layiqincə
davam etdirib. Bəstəkarın Azərbaycan xalq
musiqisinin, muğamların
nota köçürülməsi sahəsindəki fəaliyyəti
də təqdirəlayiqdir.
Tədbirdə bəstəkarın qızı, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Kaminə Məmmədova çıxış
edərək iştirakçılara
təşəkkürünü bildirib.
Tədbir konsert proqramı
ilə davam edib. Bəstəkarın əsərlərindən ibarət kompozisiyalar səsləndirilib.
Mədəniyyət.- 2018.- 10
yanvar.- S.5.