Mən bir sönməz duyğuyam
ki...
Mikayıl Müşfiqin xatirəsi anılıb
Yanvarın 6-da Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin (1908-1938) xatirəsi anılıb.
Mərasim şairin ölümünün 80-ci ildönümü münasibətilə Sayadlar kəndində Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında keçirilib. Xızı Rayon İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Xızı rayonu üzrə nümayəndəliyi, “Cabir Novruz” Mədəniyyət Fondu və Mikayıl Müşfiqin xatirə muzeyi tərəfindən təşkil olunan tədbirdə şair və yazıçılar, elm və incəsənət xadimləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Əlizadə çıxış edərək bildirib ki, Mikayıl Müşfiq şəxsiyyəti gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev, institutun şöbə müdiri, professor Asif Rüstəmli, şairlər Ofeliya Babayeva, Musa Ələkbərli, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Sənan Talıbov, yazıçı-publisist Müşfiq Cabiroğlu, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə və başqaları çıxış edərək ölməz şairin həyat və yaradıcılığından, onun ədəbiyyatımızdakı yerindən söhbət açıblar.
Qeyd edilib ki, sovet totalitarizminin repressiya qurbanı olan Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. O, 30 il ömür sürməsinə baxmayaraq, qiymətli bədii irs yadigar qoyub.
Tədbirdə Xızı məktəbliləri nakam şairin şeirlərindən parçalar səsləndirib, ədəbi-bədii kompozisiya təqdim olunub.
Qeyd
edək ki, Mikayıl Müşfiqin
xatirəsinə həsr olunan silsilə tədbirlərdən
biri də Bakıda şairin
büstü önündə “Cabir Novruz” Mədəniyyət
Fondunun təşkilatçılığı
ilə keçirilib.
Mədəniyyət.- 2018.- 10
yanvar.- S.7.