“Xoşbəxtlik
ulduzu”na inananların sevinci
Gənc Tamaşaçılar Teatrının
uşaqlara Yeni il töhfəsi
Yeni il tətili
günlərində teatr-konsert
müəssisələrinin uşaqlar üçün
təşkil etdiyi şənliklər, təqdim
edilən proqram və tamaşalar bu dəfə zənginliyi ilə seçildi. Heydər Əliyev Sarayında “Nağıl qəhrəmanlarının
səyahəti”, Akademik
Milli Dram Teatrında “Rəqs edən pinqvinlər”, Akademik Opera və Balet Teatrında
“Şelkunçik”, Dövlət
Rus Dram Teatrında “Möcüzəli çaxnaşma”,
Musiqili Teatrda “Qoğalın Yeni il macərası”, Azərbaycan Dövlət Kukla Teatrında “Qış nağılı”,
eləcə də Nizami Kino Mərkəzində
uşaqlar üçün
lentə alınmış
“Qış nağılı”
filmi balacalara əsl bayram əhvalı yaşatdı.
Rəngarəng işıqlarla bəzədilmiş
yolkalar, nağıl personajları, şeirlər
və maraqlı viktorinalar. Sadaladığımız məqamları saf
uşaq dünyasına,
onların baxışlarına,
düşüncələrinə uyğunlaşdırmaq müasir
dövrdə hər bir rejissordan fərdi yanaşma tələb edir. Belə uğurlu yanaşmadan biri də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında
rejissor Elşad Rəhimzadənin Sten Linin “Hörümçək
adam” əsəri
əsasında hazırladığı
eyniadlı tamaşa idi. Yanvarın 7-də - ilin ilk bazar
günündə təqdim
olunan tamaşa teatrı istirahət məkanı kimi seçən məktəblilərə
unudulmaz anlar bəxş etdi.
Rejissor “Hörümçək adam” tamaşası ilə, demək olar ki, uşaqların
sevdiyi nağıl qəhrəmanlarını bir
araya gətirərək
xeyirin şər üzərində qələbəsi,
insanların həmrəyliyi
və yaxşı əməllər sahibi olmaq kimi mətləbləri
məktəblilərə təlqin
edə bilib.
İlk olaraq uşaqlarla
görüşə gələn
Şaxta baba və Qar qız
musiqisi bol, əyləncəli dialoqları
ilə balacaları şənləndirdikdən sonra
səhnəni nağıl
qəhrəmanlarına verdilər.
Bir saata yaxın davam edən tamaşa boyu Miki Maus, Ağca, Dəmir adam, şən tısbağalar və digər sevimli nağıl qəhrəmanları
səhnədə “xoşbəxtlik
ulduzu”nu yolkanın ən uca zirvəsindən
asa biləcək qəhrəman axtarışında
oldular. Balacaları bu ulduzun bütün insanlara sülh, səadət və xoşbəxtlik gətirəcəyinə inandırmağa
çalışdılar. Ulduzu oğurlayan şər qüvvəyə qarşı
mübarizə aparanlar
səhnədən uşaqlara
xeyirxah olmaq, bəd əməllərdən
uzaq durmağı tövsiyə edirdilər.
Tamaşada maraqlı tapıntılardan
biri də nağıl personajlarının
tamaşaçıların qarşısına yolkanın
altında qoyulmuş hədiyyə qutularının
içindən çıxaraq
daxil olmaları idi. Bu “peydaolma”
azyaşlıların xüsusi
marağına səbəb
oldu. Tamaşa boyu zal ilə aparılan maraqlı dialoqlar, şən personajların yaratdığı xoş
ab-hava uşaqları səhnəyə bağlamışdı.
Balacalar mənfi niyyətlərini
həyata keçirmək
üçün onların
fikirləri ilə razılaşmayan bədheybətlərin
sərgüzəştlərini izləyərək finalda kimin qalib gələcəyini
səbirsizliklə gözləyirdilər.
Budur, nəhayət, Hörümçək
adam gəlir
və bütün xoş niyyətlərin həyata keçməsində
öz köməyini əsirgəmir. “Xoşbəxtlik
ulduzu”nu yolkanın ən uca zirvəsindən
asmaqla 2018-ci ildə bütün insanlara sağlamlıq, xoşbəxt
günlər gətirəcəyinə
əminlik yaradır.
Səhnə əsərinin fərqli
şəkildə təqdim
edilməsi bir daha göstərdi ki, Gənc Tamaşaçılar
Teatrının kollektivi
hər bir auditoriyanın zövqünü
oxşamaq üçün
daim yaradıcılıq
axtarışındadır. Tamaşadan sonra balacalara təqdim olunan Yeni il hədiyyələri
də onların sevincinə sevinc qatdı.
Qeyd edək ki, “Hörümçək adam”
tamaşasının quruluşçu
rəssamı Elşən
Sərxanoğludur, səhnə
plastikası Ceyhun Dadaşova, tryukların quruluşu isə İsa Əsədova məxsusdur. Obrazları əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban
Hüseynova, Səbinə
Məmmədova, Nuranə
Hüseynova, Nuriyyə
Əliyeva, Asya Atakişiyeva, Zümrüd
Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edirdilər.
Lalə Azəri
Mədəniyyət.- 2018.- 10
yanvar.- S.6.