Sələmçini görən varsa, desin ki...

 

 

   Bəzən elə olur ki... Bəzən niyə, çox vaxt elə olur ki, yazıçı, şair hansısa əsərini bəyənmir, onu çap etdirmir, hətta belə bir əsərin qələmindən çıxdığını belə bəyan eləmir. Amma vaxt dolanır, zaman keçir, məlum olur ki, həmin əsər gözəl bir sənət nümunəsi imiş. Təəssüf ki, buna müəllif özü şahid olmur.

   Böyük rus şairi, yazıçı-publisist Nikolay Nekrasovun (1821-1878) adı çəkiləndə rus ədəbiyyatından az-çox xəbərdar olanların yadına onun ən məşhur poeması düşür: «Rusiyada kimin günü xoş keçir?». Amma bu gün biz onun poeziyasından deyil, az sayda yazdığı vodevillərindən birinin səhnə təcəssümündən söz açmaq niyyətindəyik. «Peterburqlu sələmçi»nin S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrındakı tamaşasından.

   Qəribədir ki, N.Nekrasovun o dövr üçün həm janr, həm də mövzu baxımından aktual sayılan bu vodevili çap olunmayıb. Çünki 1845-ci ildə ilk dəfə oynanılan vodevil tənqid atəşinə tuş gəlib. Yalnız müəllifin vəfatından sonra əsərləri çapa hazırlananda bu vodevil yada düşüb. Maraqlıdır ki, sonralar da rus teatrının inqilaba qədər və inqilabdan sonrakı mərhələlərində vodevilə münasibətin dəyişkənliyi «Peterburqlu sələmçi»nin səhnə taleyində elə bir rol oynamayıb. İndisə budur, Rusiya Mədəniyyət Nazirliyinin dəstəklədiyi «Rus teatrı. Sərhədsiz» layihəsi çərçivəsində «Peterburqlu sələmçi» Bakıda məskunlaşıb. Moskvalı rejissor Vladimir Smirnov (Danay) vodevilə yarımsərlövhə də qoyub: «17 haldan ibarət qarət». Əgər əsərin adında sələmçi sözü varsa, janr da vodevildirsə, deməli, bu tamaşada hər şeyi pulla ölçüb-biçən, balasına görə bir qəpiyindən də keçməyən baş qəhrəman var, həm də onun başına gələn məzəli əhvalat!

   Peterburqlu sələmçi Potap Loskutkov (Yuri Omelçenko) yeganə qızı Lizanı (Farida Nesterenko) kasıb İvan Nalimova (Murad İsmayılov) ərə vermək istəmir. Əslində qızın yediyini-içdiyini şotkaya vurub hesablayan Loskutkov, sadəcə, qızını havayı vermək istəmir. Belə demək mümkünsə, qızın əvəzinə başlıq parası istəyir: «Mən kasıb adamam... onu yedirtmişəm, içirtmişəm... Bilirsiniz, onun iştahası həmişə yaxşı olub, gündə dörd funt çörək yeyib. İndi də qızı heç neçəyə verim getsin?». Bu yerdə əsərin məzmunundan xəbərsiz tamaşaçı düşünür ki, belə ataya qarşı hər cür fırıldağa, kələyə əl atmağın yeri var! Elə İvan Nalimov da belə düşünür, üstəlik, sevgilisi də onun tərəfindədir. Potensial kürəkən gələcək qayınatasını inandırır ki, öz rəsm əsərini girov qoymuş rəssam məşhur sənətkardır və bu rəsmin nə az-nə çox, bir milyon qiyməti var. Sevənlərin qovuşmasına yardım etmək istəyən dostlar işə qarışır. Onlar bir-birinin ardınca gəlib həmin rəsmi almaq istəyirlər. Bir şəkli satmaqla varlanacağına inanan Loskutkov oyuna girir, daha varlı müştəri tapdığına inandığı üçün qəpik-qəpik yığdığı pulundan olur. Etibarlı dostların əlinə keçən həmin vəsait isə Nalimovun əli ilə başlıq parası kimi Loskutova qayıdır.

   Bəllidir ki, bu süjet xətti - dünya dramaturgiyasında dəfələrlə hallanan, ən müxtəlif fərziyyələrlə oynanılan «xəsisə ibrət dərsi» verilməsindən başqa bir şey deyil. Sadəcə, qıyımsızlığın səhnədə verilən cəzası seyrçi üçün bir görkdür. Bəs bu dərs bizə necə təqdim olundu?

   Tamaşanın ən maraqlı məqamı baş qəhrəman Loskutkovun Allah ilə söhbətidir. Vladimir Smirnov səhnə rampasının portalındakı qaçan sətir funksiyasından qeyri-adi tərzdə bəhrələnib. Loskutkovun Tanrıya ünvanladığı suallara göylərdən gələn cavab həmin qaçan sətirdə yazılır. Maraqlıdır ki, son illər teatrda qoyulan tamaşalarda elə bir nəzərəçarpacaq rolda görünməyən aktyor Yuri Omelçenko Loskutkov obrazının istər dramaturq, istərsə də rejissor yozumunu çox məharətlə, sırf rus teatr aktyorluğu məktəbinin layiqli davamçısı kimi çatdırır. Onun qəhrəmanı təkcə xəsis, övlad sevgisini, qayğısını pulla hesablayan sələmçi deyil, həm də öz ailə tərbiyəsinin qurbanıdır. Aktyor öz obrazına elə bir saf münasibətlə yanaşır ki, seyrçi tamaşanın sonunda Loskutkovun halına gülməkdənsə ağlayır. Nə qədər qəribə olsa da, belədir.

   Deyə bilərsiniz ki, axı, söhbət vodevildən gedir. Məsələ ondadır ki, quruluşçu rejissor əbədi mövzu - pulun insan həyatındakı xoş və naxoş rolundan bəhs edən mövzuda bu janrın heç bir tələbini gözləməyib. Axı, hər necə olsa, vodevil üçün hadisələrin yüngül, komik cərəyanı, obrazların təqdimatında qrotesk məqamlar vacibdir. Təəssüf ki, hadisənin içindəki tutqun boyaları qabardan quruluşçu rejissor janrın prinsiplərini unudub, satira və qroteskin bütün çalarlarından istifadə etmədiyi üçün obrazların portretindəki ziddiyyətli məqamları zəiflədib.

   Vizual baxımdan tamaşa (quruluşçu rəssam da layihə çərçivəsində dəvət edilib: Moskva Bədaye Akademik Teatrının teatr-studiyasının məzunu Olqa Kuznetsova) tünd-göy çalarlarda işlənilib. Səhnənin dibini örtən, üç-dörd qapısı olan bəmbəyaz arakəsmə səhnə boyu uzanır. İlk baxışda boş divar təsiri bağışlayan arakəsmə, demə, sələmçinin xəzinəsi imiş. Sayı bilinməyən irili-xırdalı qutular, siyirmələr, dolab qapıları pul əvəzinə girov saxlanılan əşyalar sandığıdır. Üstəlik, bu monoxrom fon həm də titrlər üçün ekran kimi istifadə edilir, bir-birini əvəzləyən halların adları burada yazılır. Sadəcə, quruluşda, eləcə də aktyor oyununda çatışmayan dinamika arakəsmənin statikliyini bir qədər artırır və tamaşanı darıxdırıcı göstəriyə tərəf yönəldir.

   Rejissor «Peterburqlu sələmçi»nin bütün ağırlığını, mənəvi-psixoloji yükünü baş qəhrəmanın üstünə «yıxır». Aktyor Yuri Omelçenko da sənət baxımından düzgün oyun sərgiləyir: rola ardıcıllıqla daxil olur, obrazı tədricən mənimsəyir və çatdırır. Tamaşa onun bir qədər ləng və uzun çəkən geyinməyi ilə başlayır. Loskutkov proloqda səhnədə geyindiyi kimi finalda da elə səhnədə soyunur. Lakin bu, tamaşaçını nə çaşdırır, nə də atlet görkəmində olmayan aktyorun görkəmindən diksindirir. Bu, tamaşada Nekrasovdan gələn və rejissorun qabarda bildiyi ən gözəl məqamdır: sələmçinin həyatı - başlanğıc və son arasında nəsə yığıb toplamaq uğrunda miskin yaşamı gözümüzün önündə cərəyan edir. Şairin «Dörd yaşım olardı / atam mənə söylədi: / “bu dünyada nə varsa - / hər şey puldu, paradı» kupleti ilə başlayan proloqdan qarşımızdakı qəhrəmanın kimliyi məlum olur. Sonda isə müəllifin ideyasına rəğmən, rejissor Loskutkovu «öldürür». Saxta sövdələrdə aldadıldığını anlayan Loskutkov bu təhqirə dözmür. Bəlkə də XXI əsrin həris xəsisi məhz belə olmalıdır. Nekrasovun inandığının əksini, başına gələn bu olaydan islah ola bilməyəcəyini anlamalıdır. Amma rejissor baş qəhrəmanı o dünyalıq etməklə əsərin digər qəhrəmanları - Liza ilə İvanın vicdanına ləkə salır. Atanın ölümünə bais olan sevgili ilə necə xoşbəxt yaşamaq olar?

   ...Tamaşaya seçilmiş sonluq «Peterburqlu sələmçi»ni tam olaraq vodevillikdən çıxarır. «Peterburqlu sələmçi»ni gülüşsüz, səbirlə sonadək izləyən tamaşaçı səhnədən gələn soyuqluğu «görək necə bitəcək» intizarı ilə qəbul edir. İndi tamaşaçı auditoriyası bu tamaşanı nə qədər «həzm edəcək», ona nə qədər baxmaq istəyəcək, - bu, tamam başqa söhbətdir. Hər halda aktyor Y.Omelçenkonun daxilindəki gizli sənət potensialının təzahürünü görmək üçün «Peterburqlu sələmçi»yə baxmağa dəyər.

   * * *

   Yazının başlığında nə demişdik?... Əgər sələmçini görən varsa, ona desin ki, sələmə pul vermək haramdır. Bir də atalar deyib ki, çox yemək adamı az yeməkdən də qoyar. Əslində, bu tipli kəlamların sayını artırmaq da, məşhur filmin qəhrəmanı demişkən, yenidən atalar sözlərinə keçmək də olar... Amma siz belə edin: "Peterburqlu sələmçi"yə baxın, onun faciəsindən ürəyiniz sıxılarsa, olsun ki, daha heç vaxt həyatda sələmçi ilə qarşılaşmaq, onun xidmətindən bəhrələnmək istəməzsiniz.

  

   Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2018.- 10 yanvar.- S.10.