Qəbələdə yumor və
musiqi festivalı
Festivalın əcnəbi iştirakçıları
üçün Azərbaycan
mədəniyyəti gecəsi
təşkil olunub
Xəbər verildiyi kimi,
yanvarın 5-də Qəbələ
şəhərində “Veselo”
yumor və musiqi festivalı başlayıb. 12-ci dəfə keçirilən
beynəlxalq festival bu
dəfə “Gilan
Hospitality Group” MMC və Ukraynanın
CİTA turizm şirkətinin
birgə təşkilatçılığı
ilə Qəbələni
özünə məkan
seçib.
Festival çərçivəsində iştirakçılar yerli
sakinlər və əcnəbi qonaqlar qarşısında maraqlı
proqramlarla çıxış
ediblər. “Kvartal-95” yumor qrupunun çıxışı xüsusilə
yaddaqalan olub.
Heydər Əliyev Konqres
Mərkəzində Ukraynanın
tanınmış yumor
aktyoru Vladimir Zelenskinin
rəhbərliyi ilə
təqdim olunan konsertin tamaşaçıları
arasında Ukrayna,
Belarus, Rusiya və Avropa ölkələrindən
yüzlərlə turist,
eləcə də yerli yumorsevərlər olub. İki saat davam edən konsert alqışlarla qarşılanıb.
Sonra Vladimir Zelenski Azərbaycan
barədə xoş təəssüratlarını tamaşaçılarla bölüşüb,
gözəl təbiəti
olan Qəbələni
çox sevdiyini bildirib. Qəbələdən sonra Bakıda
da “Kvartal-95” yumor qrupunun üzvləri ilə birgə konsertlə çıxış
etmək istədiyini bildirən V.Zelenski Azərbaycanda komediya janrında film çəkmək
arzusundan da danışıb.
Yanvarın 8-də festivalın əcnəbi iştirakçıları
üçün Azərbaycan
mədəniyyəti gecəsi
təşkil olunub.
Tədbirdə qonaqlara
monitor vasitəsilə xalqımızın
qədim tarixi, musiqi mədəniyyəti,
milli mətbəxi və turizm imkanları təqdim olunub. Festival iştirakçıları
Heydər Əliyev Konqres Mərkəzinin foyesində istedadlı gənclərin əl işlərindən və
rəsm əsərlərindən
ibarət sərgiyə
baxıblar.
Mədəniyyət gecəsi yerli musiqiçilərin konserti ilə davam edib. Nağaraçıların çıxışı, “Cəngi”, “İgidlər” rəqsi və “Azərbaycan” mahnısının ifası alqışlarla qarşılanıb. Sonra əcnəbi qonaqlara “Qafqaz Riverside” hotelində milli mətbəximizin ləziz yeməkləri təqdim olunub.
Festivalın proqramına Vaxtanq Kikabidzenin (9 yanvar) və Diana Arbeninanın iştirakı ilə “Nocnie Snayperi” qrupunun (10 yanvar) konsertləri də daxildir.
Festival yanvarın
10-da başa çatacaq.
Mədəniyyət.- 2018.- 10
yanvar.- S.7.