Nic qəsəbəsində Milad bayramı qeyd edilib

 

 

   Yanvarın 7-də pravoslav xristianları İsa peyğəmbərin mövludu gününü, Milad bayramını qeyd ediblər. Bu günü Qəbələ rayonunun Nic qəsəbəsinin sakinləri olan udilər bayram ediblər. Qəbələyə ailəvi gələn xarici turistlər Milad bayramı mərasiminə qatılıblar.

   Cotarialban kilsəsində təşkil olunan bayram mərasimində Alban-Udi dini icmasının rəhbəri, kilsənin keşişi icmanın üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin onlara olan diqqət qayğısından danışıblar.

   Udilər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, “Cotarialban kilsəsinin əsaslı şəkildə bərpasını tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Məlumat verilib ki, Nic qəsəbəsində üç kilsə və iki məscid var. Altı min nəfər əhalisi olan Nic qəsəbəsində 3700 udi yaşayır. Udilər öz dilini, dinini, adət-ənənələrini 2 min ildən çoxdur ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

   Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub, bayram süfrəsi açılıb.

 

Mədəniyyət.- 2018.- 10 yanvar.- S.7.