Büsbütün yeni...
Tək elə
sənətdə yox, tale,
həyata baxış-naxış parametrlərində də təzə,
orijinal və... aşırı prinsipial bəstəkar Elza
İbrahimova
Məsələn, çoxjanrlı əsərlərinin hamısında insanlara hərtərəfli gözəllik, mehribanlıq, mübarizlik, yüksək əyarlı sevgi-məhəbbət, hərtərəfli zənginlik, bütün müsbət pərvərliklər aşılayıb-arzulayan bu bəstəkar öz şəxsi rahatlıq, mənafe-imic, təltif-tərif, bir xanım olaraq bər-bəzək və s. məsələ-mətləblər “büdcə”sinə qarşı xeyli “qəddar” yaşayıb...
Bu sənətkarın istedadı öz yerində və bunu (Allah vergisini!) “insanların mində-milyondabirinə qismət olur” tərifilə mükafatlandırıb başa vurmaq mümkün. Lakin bu xanımın həyat-yaşam fəlsəfəsi, sənət, zövq, ictimai görü, sosial-sferial münasibətlər “mətbəx”ilə tanışlıq “dünya təkrarlardan ibarətdir” kimi doqmatikanı mübahisəyə məruz qoyur.
Məncə, bu qəribə orijinallıqdan bixəbərlər də az deyil və onları baxəbər etməkçün həmin məsələ “tərif-düstur”unun heç “ondabir”ini də qapsamayası bu yazımı belə bir yarımbaşlıqla başlayıram; -
Repressiya “havalı” mahnılar
Bəli, Azərbaycan estradasına tanqo ritmini gətirmiş ilk bəstəkarlardan olan Elza İbrahimovanın “Qurban verərdim” (söz: R.Zəka) əsəri məşhur “37”li sovetin məlum yumşalmış dövründə belə sərt senzura ilə qarşılanıb. Özü də, maraqlıdır, ovaxtın “lap yuxarı”ları tərəfindən yox, Azərbaycan tele-radiosunun “Bədii şura”sı tərəfindən. Şura hökumətinin vəfalı darğaları həmin o şuranın növbəti yığıncağında üstüörtülü eyhamla (“oğrunun yadına daş salmaq” məsəlinə rəğmən) guruldayıblar ki; “necə yəni “keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”?!
O mahnının susdurulmasından bir müddət sonra studiyanın “lap aşağı”larında həmin o “necə yəni” gurultusuna rəğmən belə bir pıçı-pıçı başlayıb: “Yəni ki, Cümhuriyyət hökumətini qaytaraydılar, sovet hakimiyyətini qurban verərdim”!..
Ondan bir az sonralar isə zaman tamam ayrı sözlər dedi, alayı “pıçı-pıçı”lar etdi və bu sayaq-səpkili bəstələri o tip basqı-təpkilərə məruz qoyulan bu sabitqədəm, özünəməxsus yenilikçi sənətkar “Afət”, “Şeyx Şamil”, “Yanan laylalar” operaları, “Neftçilər himni”, neçə-neçə romans, konsert, sonata, kvartet və... az qala xalq nəğmələri qədər kolorital “ənənəvi” mahnılarla bahəm, elə həmin tanqo ritmindəcə bir-birindən gözəl əsərlər (“Sən mənə lazımsan”, “Bağçadan keçmisən”, R.Behbudovun ifasında dünyaya səslənən “Ey vətən” və s.) yaratdı.
Bu xanım -
Əməkdar incəsənət xadimi, Azərbaycanın və Dağıstanın Xalq artisti İbrahimova Elza İmaməddin qızı 10 yanvar 1938-ci ildə Hacıqabul şəhərində doğulub, üç yaşında ikən ailə Bakıya köçüb və burada əvvəlcə 8 saylı, ardınca A.Zeynallı adına musiqi məktəblərini, 1964-də Konservatoriyanın (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirib. Konservatoriya illərinin elə ilk aylarından Qara Qarayev kimi fenomenin diqqətini çəkib. Dahi ustad bu 19 yaşlı qızcığaz haqda belə deyib: “Elza İbrahimovanın simasında gələcəyin çox parlaq və tamamilə özünəməxsus bir bəstəkar görünür”.
Uşaqlıqdan vurulduğu musiqi dünyasına erkən qədəmlənsə də, ilk mahnısını (“Yalan ha deyil”) otuz yaşında bəstələyib. Ancaq bu “gec ilk”in ilk ifaçısı kim ola? Şövkət Ələkbərova!
İkinci mahnısı - “Bakının işıqları” da o dövr gündəmini “işğal” edir və bir müddət çalışdığı “Dan ulduzu” vokal-instrumental ansamblında ikən yazdığı mahnılarının ifaçı-imzaları da ki: R.Behbudov, O.Ağayev, F.Kərimova, A.İslamzadə, E.Rəhimova kimi ustadlar...
Bu xan-bəyanə xanımın duyğulara şaşırdıcı riqqət, eydirici ülfət-ünsiyyət təlqinləyib-bəyanlayan mahnıları haqda düşünəndə, mənim xəyal aləmimdə həmişə mənzumanə mənzərələr canlanıb və hər dəfə də fikirləşmişəm ki, haçansa ondan yazanda da belə bir “asanlıq” baş verəcək. Lakin ilk baxışda (əslində, ilk dinləmdə) görünüb-hiss edilən lirizmdən çox, “anonim” dramatizm yaşanmış bu “həyat və yaradıcılıq”da əmin-aman epiloqlara meydan oxuyan gərginliklərlə dolu proloqlar var. Nümunələrin hər birinin əvvəlilə sonu arasında isə, həmkarlarının çoxundan, ümuminsanlığınsa əksəriyyətindəkindən fərqli, seçkin bir qəlbin gah təntənəli, gah ilıq, çox halda həzin, bəzən məhzun nəqəratları: -
“Ey Vətən!..”, “Mehribanım”, “Sən yadıma düşəndə”, “Bu gecə”...
Bu yepyenirübab bəstəkarın “Bu gecə”si təptəzəavaz bir müğənninin (əlbəttə, Akif İslamzadənin) ifasında par-par parlamada... Mehr-mehr könüllərdə, yar-yar xəyallarda lam-lal çaylar, xışıl-pıçıl yarpaqlar, “dünya çırağı”, “səma cəvahiratı” təki təşbehlərə tay Ay və ulduzlar... Hər duyan kəsin könlünə həzzi-həzin əlamətlər gətirən, sələfiyyətə sadiq xələfiyyətin qəlbindəsə, üstəlik, “Bürüyüb bağçaları, bağları hicran bu gecə, Ay doğub, ayna sular nur ilə rəqsan bu gecə” (M.Ş.Vazeh) kimi xiffətlər də bitirən yeni misralar: “Könlümdə aylı-ulduzlu bir asiman var bu gecə...”
Musiqi bələyində gah nəğmələr nəğməsi olan körpə qığıltısı, gah ana laylası, gah vəfalı bəy-gəlin pıçıltısı, qərib həsrəti, əsgər təpəri, komutan hünəritək səslənən “Ey Vətən”!
“Gül açar, dünya gülər, Aləmə nur tökülər” kimi “adi”, əqli-nəqli kəlmələri duyğularımızı mat qoyan notlara çevirə-çevirə, vergili könlündə yoğurub yapa-yapa bu qədər sevgili bir “Sən yadıma düşəndə”yə çevirmək... nə demək?!
Hələ onun, üçcəsini təqdim edəcəyim misraları yazılı poeziya zirvəsindən də ucaya qovzayan səsli poeziyası!
Bulaq nəğmə dilində
gündüz gördüklərini
gecəyəmi danışır?..
Və yaxud:
O çağlar necə də mənə haydılar,
Könlümə, gözümə şəfəq yaydılar...
Və sair və ilaxır, hörmətli dinləyici və tamaşaçı oxucular!..
Və uca qəlb, ulu Vətən şairi Bəxtiyar Vahabzadə bu nərmənazik hisslər bəstəkarı haqda havayıdan deməyib ki; “Elza İbrahimova mahnı janrında lövhə ustasıdır. O, gözlə görünən dünyanın deyil, görünə bilməyən, bizi içəridən dalğalandıran hisslərin, həyəcanların, bir sözlə, iç dünyamızın rəssamıdır”!
Azərbaycan Prezidenti İlham Əliyevin bu sənətkarın 80 illik yubileyinin keçirilməsilə bağlı imzaladığı 22 dekabr 2017-ci il tarixli sərəncam isə Elza İbrahimovanın yaradıcılıq irsinə əsl mədəni-mənəvi dəyər, əməli qiymətdir.
Belə davam edək ki;
doğma və yaxınları ilə söhbətlərin, təkəmseyrək mətbu və az qala “yox” dərəcəsində olan efir-ekran müsahibələrinin cəminə görə, bu canlı nəğməkar ən maraqlı sözlərini, ən məhrəm söhbətini, giley-güzar, sevgi-sevinc və bu dünyadan “çoxşaxəli nakamlıq” hekayətlərini - bəzən sözdən söz çıxaran insanlara yox, hər zaman “ürəkdən tikan çıxaran” səslərə müştaq notlara deyib. Deməli, bu bəstəkarın hər əlində barmaq formalı beş “dil” (hesabla - on və... bu yenilikçi xanımın tarixən “pianinonun şirmayı dilləri üstündə gəzən barmaqlar” yazmış köhnə jurnalistlər trafaretizmini redaktəyə məruz qoyan leksikon!) varmış...
Bu mizrabbarmaq xanım narazılığını heç vaxt dilə gətirməz, kimdənsə incikliyini büruzə verməzmiş. Bəstələrindən biri olan “Mehribanım” kimi mehriban, sadə bir insanmış. Xatirələrinin birində “Atamız böyük vəzifələrdə çalışıb, 1941-1943-də Təbrizdə Dəmir Yollarının İstismar şöbəsinin rəisi olub” sözlərini işlədən qardaşı Çingiz İbrahimov danışır ki, “Mən heç vaxt onun qızıl taxdığını görmədim. Onun ləl-cəvahiratı Qara Qarayev, Raxmaninov, Çaykovski, Şopen, Çexov, Tolstoy, Sabir, Cavid idi!”
Bu incə-mincə xanımı çox incidirmişlər, xətrinə dəyirmişlər. Yenə qardaşından: “Onu içdən musiqi, çöldən haqsızlıqlar müşayiət edirdi. Ona görə də əsərlərində böyük lirizmlə yanaşı, “kiçik” üsyanlar da var. Allaha çox inanırdı. Az danışan adam idi. Hisslərini sözə deyil, musiqiyə çevirirdi. Adam vardı - saatlarla danışardı, adam da vardı - bir kəlmə də! Niyəsini soruşanda deyirdi, “içdən çürükdür”.
Şəxsi həyatı haqda danışmağı heç xoşlamırdı. Ailəli olub, ancaq erkən yaşlarından ayrılıb. Ancaq gözəl ana idi. Qızı da xaraktercə anasına oxşayıb.
Bir az da özünəqapalı idi mənim əziz bacım. Gülləri həddən çox sevsə də, axırıncı dəfə apardığım buketi götürmədi, dedi, qoy ora, istəmirəm. Depressiya çox ağır şeydir. Allah heç kimə göstərməsin...
Royalını, 7 yaşında olarkən alınmış pianosunu da saxlayıram. İnşallah, evini təmir etdirəndən sonra xudmani bir yaradıcılıq guşəsi açmaq fikrindəyəm”.
...Uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə (74 yaşında) vəfat etmiş bu xanımdan tək elə könüllər əzbəri olan mahnıları yox, maraqlı aforizmlər də qalıb. Məsələn, “Brilyant, qızıl taxan adamın özü, heç olmasa, gümüş olmalıdır”...
Tahir
Abbaslı
Mədəniyyət.- 2018.- 10
yanvar.- S.11.