“Uşaqlığımdan bəri dəyişməyən
idealım türkçülükdür”
“Azərbaycanda
olduğum günlərin hər bir anı mənin üçün
əzizdir”
Azərbaycanda da yaxşı tanınan Türkiyənin keçmiş mədəniyyət naziri Namik Kamal Zeybək ölkəsində müxtəlif sahələrdə aktivliyi ilə seçilib. Millət vəkili, ölkənin ilk mədəniyyət naziri (1989-91), gömrüklər üzrə dövlət naziri, S.Dəmirəlin baş nazirlik və prezidentlik dövrlərində türkdilli ölkələrlə əlaqələr üzrə müşaviri (1992-95) kimi fəaliyyət göstərib. Hazırda da müxtəlif toplantılarda aktiv iştirak edən N.K.Zeybək 25 ildir Əhməd Yəsəvi Fondunun qurucusu və rəhbəridir. Ona ilk sualımız da elə bu barədə oldu.
- Əhməd Yəsəvi sizin üçün niyə bu qədər önəmlidir?
- Birincisi, mən türkçüyəm. Türkçülük ideologiyamda iki insanın böyük təsiri var: Ziya Göyalp və Mustafa Kamal Atatürk. Mən onların müstəvisində türkçüyəm. Sual verə bilərsiniz ki, türkçülüklə Əhməd Yəsəvinin nə əlaqəsi var? Türklüyün türk dilindən vaz keçdiyi və fars dilində yazıb-danışdığı bir zamanda Əhməd Yəsəvi ilə türk dili təkrar dirildi. Türklərə müsəlmanlığı da o anlatdı. Mənə görə, bu, əslində, əski Göy Tanrı inancı ilə yeni dinin birləşməsindən meydana gəlmiş türk müsəlmanlığıdır. Bunun üçün mən də türkçü olaraq dində də, dildə də Əhməd Yəsəvi yolundayam.
- Nə zamandan türkçülüyü özünüzdə hiss etməyə başladınız?
- 1944-cü ildə
Bayburtda anadan olmuşam. Erkən yaşlarımdan turançı oldum.
Əlbəttə, bu mənim
atamdan gəlirdi.
Atam müəllim idi. 13 yaşımda radio dalğalarını qarışdıra-qarışdıra
Bakı radiosunu tuturdum. “Danışır
Bakı. Hörmətli dinləyicilər, verilişimizə başlayırıq”.
Bu səsləri eşitmək
üçün radionu
az qala
qulağıma dayayırdım.
Azərbaycan şivəsində şeirlər tapıb əzbərlədim. Beləcə, 16 yaşımda ilk dəfə
yazdığım yazının
mövzusu turançılıq
oldu. Bu yazı
bir müddət sonra “Orkun” dərgisində
çap olundu. Yəni uşaqlığımdan bəri
dəyişməyən idealım
türkçülükdü. 23 yaşımdan başlayaraq
10 il kaymakam
vəzifəsində çalışdım.
33 yaşımda isə Türkiyə Gömrük Nazirliyində
ən gənc müstəşar (nazirdən
sonra vəzifəcə
ikinci şəxs -
red.) oldum. 1987-ci ildə millət vəkili seçildim, qısa bir vaxtdan
sonra isə mədəniyyət naziri təyin edildim. Təbii ki, bir türkçü
mədəniyyət naziri
olursa, ilk addımda Türk dünyası ilə maraqlanar. Mən də bu istiqamətdə
ilk səfərimi qardaş
ölkəyə - Azərbaycana
etdim. Sonra Özbəkistana səfər etdim.
- Azərbaycanla
bağlı təəssüratlarınız
necə oldu, yadınızda nələr
qaldı? İlk diqqətinizi nə
cəlb etdi?
- Mənim xəyalım Azərbaycanın
konsert salonlarından birində bir konsert proqramı dinləmək idi. Hələ tələbə ikən Rəşid Behbudov, Zeynəb Xanlarovanı dinləyir, Azərbaycan dilində öyrəndiyim
şeirləri söyləyirdim.
İndi də mən o şeirləri əzbər
deyə bilərəm.
Azərbaycanda olduğum günlərin
hər bir anı mənin üçün əzizdir
və hamısı yadımda qalıb.
Bu ölkə mənim
üçün önəmlidir
və sanki oraya aid olduğumu hiss etdim. Yəni, bir düşünün,
13 yaşımda radionu
dinləyərkən öz-özümə
deyirdim ki, bunlar bizim dilimizi
radioya qoyublar. Çünki o qədər
bənzər sözlər
var idi ki...
Bayburtda da eyni sözlər
istifadə olunur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra xeyli sənətçi
- rəssam, heykəltəraş,
bəstəkar və
s. Türkiyəyə gəlməyə
başladı. Bunların arasında
Əflatun Nemətzadə
də daxil olmaqla çoxunu mən dəvət etdim. Sonra Azərbaycan da
daxil olmaqla Türk dünyasının
hər yerindən xeyli tələbəni təhsil almaları üçün Türkiyəyə
gətirdik. Qardaş ölkə
ilə əlaqələrim
indi də davam edir, Azərbaycana
gedirəm, toplantılara
qatılıram.
- Qayıdaq Əhməd Yəsəviyə,
fondun qurulmasına...
- Əhməd Yəsəvi bütün Türk dünyasını birləşdirəcək bir şəxsiyyətdir. Mən hələ də onun irsini araşdırıram. Bu günə qədər 19 kitab yazdım, onlardan ikisi Əhməd Yəsəvi ilə bağlıdır. Sizə bir əhvalat danışım. Nazir işlədiyim vaxtlarda bir qazax gəldi yanıma və mənə dedi ki, bizim Qazaxıstanda Türküstan deyə bir şəhər var. Orda da Əhməd Yəsəvinin məzarı var ki, Əmir Teymur onun üzərində türbə tikdirib. Hazırda həmin türbə UNESCO-nun dünya mirası siyahısında yer alıb. Dedi ki, türbə dağılıb və biz onu təmir edə bilmirik. Çünki maliyyə imkanımız yoxdur. Dedim ki, Əhməd Yəsəvi Türk dünyasının atasıdır və onun məzarını təmir etmək bizim vəzifəmizdir. Bildirdim ki, get mədəniyyət nazirinizə de ki, biz Türkiyə olaraq bu işi həyata keçirəcəyik. Sonra mənə dəvət gəldi, Qazaxıstanın mədəniyyət naziri ilə danışdım. O zamanlar əlaqə qurmaq, telefon bağlantıları indiki kimi asan deyildi. Dedim ki, məni Türküstana siz yox, Əhməd Yəsəvi çağırdı. Nazir kimi fəaliyyətim dövründə demək olar ki, bütün Türk dünyasını gəzdim. Sonra baş nazirin baş müşaviri və səfir təyin olundum. Azərbaycan da daxil olmaqla, bütün türk cümhuriyyətləri ilə Türkiyə arasında münasibətlərin qurulması üçün çalışdım. 1992-ci ildə Əhməd Yəsəvi Fondunu qurdum. 1993-cü ildə isə Türküstan şəhərində Əhməd Yəsəvi Universitetini qurduq və 14 il ona rəhbərlik etdim. Yəni mənim Yəsəvi ilə bu qədər bağlılığım var.
- Bu böyük şəxsiyyətin adını daşıyan fondun hazırda fəaliyyət istiqamətləri nədən ibarətdir?
- Toplantılar keçirir, gənclərə Yəsəvi haqqında məlumat veririk. Gənclər Türk dünyası ilə bağlı mühazirə hazırlayır və fondda təqdimatını edir. Bundan başqa, “Türk devrimi” adlı dərgi çıxarırıq. Bir sözlə, Əhməd Yəsəvi bizim üçün böyük türkdür.
- Türk dünyasına baxışlarınız necədir? Türk respublikaları arasında daha sıx əlaqə, işbirliyi qurulması üçün prioritet nə olmalıdır, sizcə?
- Bu sahədə bu günə qədər xeyli yol almışıq, amma hələ çox işlər görməliyik. Əhməd Yəsəvi Universitetində Türk dünyasına bağlı 50 min tələbə yetişdirmişik. Hər kəsin, bütün xalqın türkçü olmasını gözləmək sadəlövhlük olardı. Amma bəlli bir qisim aydın türkçü olarsa, gözəl işlər görülə bilər. Naxçıvanda türkdilli ölkə başçılarının zirvə toplantısında Türk Keneşinin (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası - red.) qurulması çox gözəldir. Arzum gələcəkdə 6 dövlətin iştirakı ilə Turan Dövlətlər Birliyinin qurulmasıdır. Öncə bunun damını qurmaq, yavaş-yavaş da özünü inşa etmək lazımdır. Bilirsiniz, biz əlaqələrə, işbirliyinə mədəniyyətdən başladıq. Bu əlaqələr siyasət və iqtisadiyyata daha sıx nüfuz etməlidir. Mədəniyyətlə başladığımız yolu daha geniş üfüqdə davam etdirməliyik.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2018.- 10
yanvar.- S.12.