Sənətə sədaqətin
üfüqləri
Görkəmli teatr və musiqi xadimi Cəlil bəy Bağdadbəyov milli səhnə sənətinin inkişafı yolunda çox zəhmətlərə qatlaşıb. Yazıb-yaratdığı əsərlər bu gün də öz dəyərini itirməyib.
Onun uşaqlıq və gənclik illəri Şuşa şəhərində teatrın, xüsusilə muğam sənətinin canlandığı vaxta təsadüf edib. Bu haqda xatirələr kitabında belə yazır: “1887-ci ildə Şuşa şəhərində anadan olmuşam. Uşaq ikən bu yerlərdə gördüyüm əyləncələr, tamaşalar, ümumiyyətlə, ictimai yığıncaqlar yaxşı yadımdadır. Şəhərin görkəmli xanəndə və aşıqları: Hacı Hüsü, Məşədi İsi, Çarıqçı Bahadır, Çəkməçi Məhəmməd, Keçəçi Məhəmməd, Qaryağdıoğlu Cabbar və başqalarının keçirdiyi el şənlikləri hələ də gözümün önündədir...”
Cəlil bəy
ibtidai təhsilini Şuşada,
orta təhsilini Sankt-Peterburqda
gimnaziyada alıb. Bakıya
qayıtdıqdan sonra Teatr
Texnikumuna daxil olur. Sonra ali
teatr təhsili almaq məqsədilə
Moskvaya gedir, orada Y.Vaxtanqov və K.Stanislavskinin bu sahədə
təcrübəsini dərindən öyrənir. O, həmçinin
rus dilindən savayı ərəb, fars, fransız
dillərini də bilirdi.
C.Bağdadbəyov rejissor fəaliyyətinə
1920-ci ildə Bibiheybət
və Balaxanı teatr klublarında başlayıb. Eyni zamanda
Ağdaş, Lənkəran,
Şəki və Şuşada fəaliyyət
göstərən teatrlarda
rejissor kimi çalışır.
Azərbaycan hökuməti Orta
Asiya xalqlarının
mədəni inkişafına
yardım etmək, istedadlı gəncləri
üzə çıxarmaq
məqsədilə görkəmli
sənətkarlardan bir
qrupunu ezam edir. C.Bağdadbəyov 1929-cu ildə Aşqabada
gələrək Musiqi
Texnikumunda dram kurslarına
rəhbərlik edir.
Türkmən dram truppasını yaradır və Aşqabad teatrı üçün “Aulda
radio” pyesini yazır.
Azərbaycan dramaturqlarının əsərlərini də
türkmən dilinə
ilk dəfə o tərcümə
edir. Aşqabadda peşəkar teatrın
sonradan Dövlət
Opera və Dram Teatrına
çevrilməsində Azərbaycanın
bir sıra mədəniyyət xadimləri
ilə yanaşı C.Bağdadbəyovun da böyük xidməti olur. O, Tacikistanda da peşəkar teatrın bünövrəsini
qoyanlardan biri olub. Bu illər
ərzində o çox
məhsuldar işləyir,
yeni tamaşalar hazırlayır, pyeslər
yazırdı. Düşənbə,
Səmərqənd, Daşkənd,
Kokand, Aşqabad və
başqa şəhərlərin
teatrlarında onun “Buxaranın əmiri”, “Parlayan ulduzlar” və s. pyesləri əsasında tamaşalar
hazırlanır.
Cəlil bəyin qızı Züleyxa Bağdadbəyova
xatirələrində yazır:
“Evimiz həmişə
qonaq-qaralı olurdu. Orta Asiyanın sənət adamları, artistlər, rəssamlar tez-tez bizə gələrdi.
Böyük masa arxasında
əyləşər, çay
içə-içə teatr
və sənət haqqında söhbət edərdilər. Belə şən
və mənalı keçən günlərin
birində qapı döyüldü. Atam qapını
açdı. Otağa dəri
pencəkli və papaqlı adamlar soxuldular. Onlar atama nə isə deyib evdə axtarışa başladılar. Anamın rəngi
ağappaq oldu. Atam onu sakitləşdirdi
və dedi: “Özünü ələ
al, bu, anlaşılmazlıqdır,
hər şey yoluna düşəcək”.
Çağırılmamış qonaqlar evi ələk-vələk etdikdən
sonra kitab və kağızları,
hətta fotoalbomu da kisələrə yığdılar. Onlar
atamı apardılar...”
Sonralar məlum olur
ki, C.Bağdadbəyov
onunla Orta Asiyaya ezam edilən
bir nəfərin yanlış ifadəsinə
görə həbs edilibmiş. Uzun sürən
sürgün həyatı,
nəhayət, başa
çatır. Ona Daşkənddə
xalq komissarının
müavini vəzifəsi
təklif olunsa da, Bakıya getmək istədiyini bildirir. Bakıya qayıdaraq Azərbaycan
Dövlət Teatr Texnikumunda müəllim işləməyə başlayır.
Həmçinin rejissor kimi fəaliyyətini müxtəlif
teatrlarda davam etdirir. Konsert birliyinə direktor
təyin olunur. Eyni zamanda Teatr İnstitutunda
mühazirələr oxuyur.
Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi
xidmətlərə görə
ona Əməkdar
artist fəxri adı verilir.
Araşdırmalarda göstərilir ki, Cəlil bəy həmçinin Şuşada keçirilən cıdır yarışları, dini ayinlər, Qarabağı dolaşan dərviş, seyid və məşhur şəxsiyyətlər haqqında maraqlı yazıların müəllifidir. O, folklorşünas kimi də tanınıb, nağıl və rəvayətləri qələmə alıb, Qarabağda xalq arasında yayılan bəzi rəvayətlərin mahiyyətini açıb.
Zəngin yaradıcılığı ilə təkcə ölkəmizdə deyil, bir sıra türkdilli xalqların mədəni həyatında da dərin iz qoymuş Cəlil bəy Bağdadbəyov 21 aprel 1951-ci ildə vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2018.- 10
yanvar.- S.15.