İmpressionizmdən klassisizmə - Pyer Ögüst Renuar
Məşhur fransız rəssamı
Pyer Ögüst Renuar (1841-1919) incəsənət
tarixində özünün
bənzərsiz əsərlərilə
qalıb. O, ortabab
bir ailənin övladıydı. Atası və
anası dərzi idilər. Renuar üç yaşında
olanda valideynləri doğma Limogesdən Parisə köçürlər.
Yeddi yaşında o, rahiblərin
məktəbinə gedir,
yazmağı və oxumağı öyrənir.
13 yaşı olanda atası onu bir keramika
ustasının yanına
şagirdliyə verir.
Pyer keramika məhsullarını
boyamağı öyrənməklə
yanaşı, axşamlar
Dekorativ sənətlər
və rəsm məktəbinə gedirdi.
Dörd il
çalışdığı keramika emalatxanası bağlanır və Renuar yelpik bəzəyən
bir emalatxanada özünə iş tapır. O, yelpiklər üzərində böyük
ustalıqla rəsmlər
çəkirdi. Bu işdən yaxşı pul da qazanırdı,
ancaq onun başlıca məqsədi
rəssamlıqla dərindən
məşğul olmaq
idi.
Renuar sənətə başladığı ilk illərdə
Eduard Monenin üslubunu
bəyənmiş, bunu
Qustav Kurbenin plastik ifadə tərzi və Ejen Delakruanın rəng dünyası ilə birləşdirmişdi.
1862-ci ildə İncəsənət Akademiyasına
qəbul olunur və isveçrəli rəssam Şarl Qleyrin emalatxanasında çalışmağa başlayır.
Burada o, sənətdə
irəliləyişinə təkan
verəcək rəssamlar
Alfred Sisley ve Klod Mone ilə tanış olur. 1864-cü ildə “Esmeralda avaralar arasında rəqs edir” əsəri sərgiyə
qəbul edilir. Bu arada Renuar
çalışdığı emalatxanada düşüncələrinin
dostlarıyla düz gəlmədiyini anlayır
və İncəsənət
Akademiyasından ayrılır.
Bundan sonra o, Fontenblo
meşəsində açıq
havada rəsmlər çəkir və rəssamın impressionizm dönəmi başlayır.
Bu meşə bir çox rəssamların ilham qaynağı idi. Bu illərdə rəssam ona bir çox
əsərində modellik
edən Liza Treo ilə
tanış olur. Renuar öz modelini
böyük ilhamla çəkir, onun gözəl simasını
bütün əsərlərində
verməyə çalışırdı.
1870-ci ildə Almaniyanın Fransaya qarşı savaşa başlaması Renuarın yaşamında
və yaradıcılığında
dəyişikliyə səbəb
oldu. Cəbhəyə gedən rəssam
sonradan xəstəliyi
üzündən ordudan
tərxis edildi. Yenidən yaradıcılığa başlayan
sənətkar iki məşhur əsərini
yaratdı. Onlardan biri
dostunun sevgilisinin portreti, o birisi isə “Qadın tutuquşu ilə” əsəri idi. Bu əsərdə yenə də əsas obraz sevimli Liza idi.
Renuar 1872-ci ildə impressionistlərin
böyük himayədarı
Paul Durandla görüşür.
O, rəssamın bir neçə əsərini
alır. 1873-cü il aprel-may aylarında Renuar, Mone və başqa
rəssamların impressionist əsərlərindən ibarət
ilk sərgiləri açılır.
Bu, impressionistləri qəbul etməyənlərə
qarşı atılmış
addım idi. Bir il sonra isə Parisdə fotoqraf Nadarın qalereyasında düzənlənən sərgidə
hərrac yoluyla Renuarın üç əsəri satılır.
Bu illərdə
Renuar yalnız
impressionist əsərlər çəkir və rəğbətlə qarşılanır.
1879-cu ildə o, yavaş-yavaş bu cərəyandan uzaqlaşmağa
başlayır. 1881-ci ilin fevralında Əlcəzairə gedir.
Bir ay sürən səyahət
zamanı rəssam çoxlu portret və mənzərələr
çəkir. Həmin ilin
oktyabrında İtaliyaya
yollanır. Bu səfər də onun yaradıcılığına
təsirsiz ötüşmür.
Rəssam İtaliyada klassisizmlə daha yaxından tanış
olur və onun təsirinə düşür, beləliklə,
bu yöndə bir neçə əsərini yaradır.
1881-ci ildə bir varlı
adamın Renuarın əsərlərini almasıyla
maddi durumu yaxşılaşır. Rəssam uzun
sürən maddi qayğı və sıxıntılardan qurtulur.
Qeyd etdiyimiz kimi, bu illərdə o artıq impressionizmdən uzaqlaşaraq klassisizmə
üz tutmağa başlamışdı. Onun yaradıcılığında
bunu göstərən
ilk əsər “Çətirlər”dir.
Rəssam bu əsərlə yeni bir üsluba yön aldığını
anlayır. Bu müddətdə Renuarın
açıq rənglərdən
uzaqlaşdığı aydınca
görünür. İmpressionizmdən uzaqlaşaraq bu sayaq əsərlər yaratması onun daha böyük sərgilərdə görünməsinə
gətirib çıxarır.
Renuar yaradıcılığının
ən yüksək nöqtəsinə çatdığı
zaman amansız xəstəliyə tutulur.
1903-cü ildə ölkənin cənubundakı
Cagnes şəhərinə
köçür. 1915-ci
ildə xanımının
ölümü də
sənətkarda dərin
üzüntü yaşadır.
Bundan dörd il sonra
- 1919-cu ildə o, vəfat
edir.
Bu əvəzsiz
rəssamdan bəşəriyyətə
“Mulen de la Qaletdə
bal”, “Böyük çimərlik”,
“Yaz çiçəkləri”,
“Esmeralda avaralar arasında
rəqs edir”, “Liza çətirlə”, “Günəş
işığında çılpaq”,
“Gəzinti” və onlarla bu kimi
bənzərsiz sənət
əsəri qalıb.
Onun gözəl rənglərdən,
duyğulardan yaranmış
tabloları insanlığın
ən dəyərli mənəvi sərvətləri
sırasındadır.
S.Qaliboğlu
Mədəniyyət.- 2018.- 10
yanvar.- S.15.