Arşın mal alan”dan gözəl hədiyyə?

 

   Yeni ilin ilk günlərində Nazib Jiqanov adına Kazan Dövlət Konservatoriyasının tələbələri şəhər sakinlərinə gözəl hədiyyə bəxş ediblər. «Kazanski reportyor» portalının yazdığına görə, musiqili teatrın olmadığı şəhərin gənc vokalçıları Üzeyir Hacıbəylinin «Arşın mal alan» musiqili komediyasını tamaşaya qoyublar.

   Konservatoriyanın opera studiyasında göstərilən tamaşaya quruluş vermək üçün Simferopoldan Krım-Tatar Musiqili Dramatik Teatrının rejissoru Rinat Biktaşov dəvət edilib. Tamaşanı tədris ocağının «Tatirica» tatar musiqisi orkestri müşayiət edib. Məxsusi teatr səhnəsi olmadığından quruluşçu rejissor tərtibatçı rəssam Bulat İbrahimov həm orkestrin ifası, həm vokalçıların tamaşa oynaması üçün münasib səhnə həlli tapa biliblər.

   Tamaşa haqqında yazının müəllifi Zinovi Beltsov tələbələrin ifası barədə fikirlərini yazmazdan öncə, «Arşın mal alan» operettası barədə oxuculara ətraflı məlumat verib. Hətta əsərin 1945-ci il ekran variantının neçə dilə dublyaj edilməsi, neçə ölkədə nümayiş olunması, 2013-cü ildə operettanın 100 illiyinin UNESCO-da qeyd olunması barədə faktlar da yazıda əksini tapıb. Üzeyir bəyin əsərdə Azərbaycan musiqisi ilə Avropa musiqisini ustalıqla uzlaşdırdığını yazan müəllif unudulmaz Rəşid Behbudovun ifasında tacir Əsgərin kupletlərini oxucuların yadına salıb.

   Tamaşada gənc vokalçılar Kazan konservatoriyasının tələbələri Aygül Qardislamova (Gülçöhrə), İlgiz Muhutdinov (Əsgər), Ennan Mamutov (Süleyman), Anisa Valiyeva (Asya), Albert Xammadeyev (Vəli), Gülnaz Şiqapova (Telli), Ramil Aymetdinov (Soltan bəy) Zeynəb Velullayeva (Cahan xala) çıxış ediblər. Maraqlıdır ki, operetta, demək olar ki, üç dildə oynanılıb: mətn - rus dilində səsləndirilib, ariyalar - tatarca, kupletlər isə Azərbaycan dilində ifa edilib.

   Simferopoldan dəvət edilmiş rejissor, «Teatr. Çexov. Yalta» Beynəlxalq festivalının baş mükafatçısı Rinat Biktaşov portalın suallarına cavab verərkən deyib:

   - Üzeyir Hacıbəylinin musiqisi ölməz, librettosu isə o qədər saf və xoşagələndir ki, tamaşaçı bu əsərə həmişə heyran qalır. Yaşlı nəsil isə təkrarolunmaz Rəşid Behbudovun baş rolu oynadığı filmi hələ də unutmayıb. Mənim aktyorlarım konservatoriyada yaxşı məktəb keçiblər, çox yaxşı bazaları var. Onlarla işləmək asandır. Mənə çox xoşdur ki, gənclər bu işə həvəslə yanaşdılar, gözəl də tamaşa alındı. Burada kimin xidmətinin daha çox olduğu mühüm deyil. Əsas odur ki, işləməyə hazır komanda formalaşdı və maraqlı tamaşa alındı.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2018.- 10 yanvar.- S.12.