ABŞ-da vəfat etmiş
məşhur pianoçu Çingiz
Sadıxov Bakıda dəfn olunacaq
Tanınmış azərbaycanlı pianoçu, respublikanın Xalq artisti Çingiz Sadıxov Amerika Birləşmiş Ştatlarında vəfat edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, görkəmli musiqiçinin nəşi vətənə gətiriləcək və Bakıda, II Fəxri xiyabanda dəfn ediləcək. Hazırda aidiyyəti dövlət qurumları bununla bağlı təşkilati işləri həyata keçirirlər.
Çingiz Hacı
oğlu Sadıxov
1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk
musiqi təhsilini indiki Bülbül adına Orta
ixtisas musiqi məktəbində alıb.
Sonra Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki
Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində,
Moskva Dövlət Konservatoriyasının aspiranturasında
oxuyub. Görkəmli musiqiçi Azərbaycan
Dövlət Filarmoniyasının
solisti və konsertmeysteri olub, məşhur vokalçıları
müşayiət edib.
Bakıda 16 saylı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin
bədii rəhbəri,
Bakı Musiqi Akademiyasının professoru
vəzifələrində çalışıb,
eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət
İnstitutunun təşkilatçısı
və müəllimi olub.
Pianoçu 1959-cu ildə Azərbaycanın
Əməkdar artisti,
1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə
“Şöhrət” ordeni
ilə təltif edilib.
Çingiz
Sadıxov 1994-cü ildən ABŞ-ın San-Fransisko,
son zamanlarda isə San-Xose şəhərlərində
yaşayıb və 2017-ci il dekabrın
30-da dünyasını dəyişib.
Mədəniyyət.- 2017.- 12
yanvar.- S.4.