Dünyanın ən gözəl yeri

 

 

   Bu gün yaşasaydı (əslində, bizlərin sənət ömründə yaşayır) 95 yaşı olacaqdı. Doğrusu, onu bu yaşda təsəvvür etməkdə acizəm. Mənim üçün ötən əsrdəki çılğın, mehriban, şux yerişli Tofiq Kazımov elə həmişə 57 yaşındadır. Adına qocalıq deyilən amansız ömür çağının onun sənətinə, şəxsiyyətinə heç bir dəxli yoxdur...    

   Teatr haqqında o, belə deyərdi. Və həqiqətən ilk baxışda sadə görünən sözlərdə dürlü mənalar gizlənirdi. Az-az müşahidə etdiyim sevincli anlarında bu sözləri o, xüsusi vurğu ilə söylərdi. Bəlkə yeganə mətləb idi ki, bu zaman zarafatı, yaxud istehzanı unudardı. Halbuki, komik duyğu onda çox güclü idi. T.Kazımovu şəxsən tanıyan, onun yaradıcılığına az-çox bələd olan hər kəs bunu təsdiq edə bilər. Dünyanın fəci məqamları, həmin məqamlarda çox zaman gülünc şəklə düşən adamların nizamsız vurnuxmaları T.Kazımova məlum idi, yaxın idi. Onun sənətkar aləmində çatışmayan bir şey var idisə, o da lirika idi. Saf və uca lirika. Bax, belə bir lirika həsrətində idi.

   İlk baxışda qəribə görünsə də, çoxlarına təəccüblü gəlsə də, o, çox zaman təbiətindəki komikliyi sıxışdırar, bütün məkanı lirikaya verər, bundan usanmazdı. Rejissor T.Kazımovu dramaturq İ.Əfəndiyevlə bağlayan səbəblərdən birisi də bu idi. O, söhbətlərinin çoxunda bu barədə xüsusi coşqunluqla danışır, İ.Əfəndiyevi “böyük lirik” adlandırırdı.

   Bu iki sənətkarın yaradıcılıq əməkdaşlığı sayəsində respublikamızın mədəni həyatında hadisə kimi qeyd edilən neçə-neçə tamaşaların ərsəyə gəlməsi ilə bərabər qızğın mübahisələr də olmuş, sevincdən axan göz yaşları da. Onların cəmi iki saat küsülülüklə bitən mübahisələrini, səhər obaşdan çalınan telefon zənglərini, tərəddüdlər və təbrikləri, hətta həmin tamaşalarla bağlı qərəzli tənqidləri də indi məmnunluqla xatırlayırıq, çünki onlar artıq tarixə çevrilmişdir.

   Qəribədir ki, sənət adamları hər hansı şəxs haqqında fikir yürüdəndə çox zaman bir qütbdən başqa qütbə yuvarlanırlar, yəni həmin adam ya son dərəcə yaramaz keyfiyyətlərlə, ya da şipşirin, müqəddəs kimi təsvir edilir. Halbuki insanın, xüsusən, yaradıcı şəxsiyyətin təzadlı təbiəti, onun özəl dünyası heç bir gəlişigözəl dəbli ifadələrin köməyi ilə hamarlanmamalıdır. Bu sayaq canfəşanlıq onun şəxsiyyətinin məna tutumunu zədələyir. Çünki (çeynənmiş həqiqət üçün üzr istəyirəm) şəxsiyyətin əsl dəyəri onun məhz qəbul edilmiş qaydalara sığmaması, daha sadə desəm, ətrafındakı min bir adama bənzəməməsidir.

   Odur ki, T.Kazımovu da hamıya şamil edilən qaydalara uyğunlaşdırmaq, onu olduğundan daha yaraşıqlı göstərmək, əslində, onun şəxsiyyətini düzgün qavramamaq demək idi. Belə vaxtlarda o, özünəməxsus atmacalarla istehzasını gizlətməz, bəzi hallarda isə hirslənib özündən çıxardı. Öz portretini görəndə söylədiyi “bu mənəm?” ifadəsinin səbəbi də bu idi. Həmin vaxtdan illər ötəndən sonra düşünürəm ki, onun məhz öz qəlibi olmasının xoşbəxtliyi də vardı, ürəksıxan, özü demişkən, “bıktıran” məqamı da. Bəli, onun şəxsiyyəti hamar deyildi və “kommunizm qurucusunun əxlaq kodeksi” ilə uyğun gəlməyən neçə-neçə keyfiyyətləri vardı. Bu keyfiyyətlərə görə olurdu ki, o, tənə də eşidirdi, müxtəlif dedi-qoduların obyektinə də çevrilirdi. Hətta T.Kazımov ilə bir dəfə də olsun üzbəüz əyləşməyənlər, onun yaradıcılığına, şəxsiyyətinə bələd olmayanlar içərisində belə onun haqqında bəd fikirdə olanlar tapılırdı.

   Ən qəribəsi budur ki, T.Kazımova mane olan qüvvələrin hamısı teatrdan kənarda deyildi, elə teatrın özündə də onun kölgəsini qılınclayan tapılırdı. Həmin adamlar elə bil iş-güclərini atıb, onu izləyir, hansı məqamdasa səhv söz deyəcəyini, yanlış addım atacağını gözləyir, bəzən aşkardan, bəzən isə pusqudan onun üzərinə atılırdılar. Onların içərisində müxtəlif səviyyəli, eləcə də teatr aləmində müxtəlif mövqe tutan adamlar, tənqidinə məhəl qoymadığı teatrşünaslar, pyesi qəbul edilməyən dramaturqlar, sənətinə “layiqli qiymət verilməyən” rejissorlar, rolsuz qalan aktyorlardan ibarət “inciklilər” var idi. Və ən qəribəsi də budur ki, bəzən onlar teatr həyatı üçün adi olan faktları belə T.Kazımovun ünvanına ittiham kimi çevirə bilirdilər. Məsələn, T.Kazımovun həm baş rejissor, həm də milli teatr sənətinin təəssübünü çəkən vicdanlı səhnə xadimi kimi uzun illər ərzində teatrda yeni aktyor nəsli hazırlamaq səyi gərəkli bir xidmət kimi təqdir olunmalı olduğu halda, müxtəlif iddialı hücumlara məruz qalırdı.

   Bəli, onu qısqanırdılar, get-gedə artan nüfuzuna xələl gətirmək istəyirdilər. Məşhur ifaçı A.Rostropoviçlə, rejissor A.Efrosla, Q.Lordkipanidze, K.İrd və başqaları ilə dostluq münasibətlərindən danışarkən həsəddənmi, qəzəbdənmi, bilmirəm, onun gözləri yaşarar, hər dəfə “pah atonnan, elə bil onlar başqa dünyadan, biz isə tamam başqa dünyadanıq” sözlərini təkrar edərdi.

   T.Kazımovun yaradıcılığında pyes üzərindəki işə xüsusi “yanaşma metodu” var idi. Əslində, bu hər bir rejissorun fərdi laboratoriya işidir, lakin burada bütün rejissorları eyniləşdirən, bənzər edən məqamlarla bərabər hər kəsin tək özünə məlum olan cəhətlər də var. Yəni Piter Brukla Georgi Tovstonoqovu, yaxud Yeji Qrotovski ilə Anatoli Efrosu bir-birinə bənzədən və fərqləndirən xüsusiyyətləri olduğu kimi, Azərbaycan teatrının görkəmli sənətkarları Adil İsgəndərovun, Mehdi Məmmədovun və Tofiq Kazımovun da fərqləri açıq-aşkar idi. Yəqin buna görədir ki, fikirlər haçalananda T.Kazımov: “Mənimçün belə xoşdur. Başqa səbəb-filan axtarmayın”, - deyərdi.

   Məlumdur ki, səhnə ehtirasların toqquşmasını, mövqelərin çarpazlaşmasını, “çaxnaşma” və “əlbəyaxa”ları sevir. Bu mənada teatrın səhnəarxası həyatı da sakit olmur. Təbiidir ki, mən səhnəarxası intriqaları, yaxud nifaqları yox, gələcək tamaşanın bu və ya digər bədii xüsusiyyətləri, taleyi ətrafında gedən “əlbəyaxa” nəzərdə tuturam. T.Kazımov Şekspirlə, Mirzə Fətəli ilə, Mirzə Cəlillə, İlyas Əfəndiyevlə yaradıcılıq mübahisələrinə girişir, nəticədə şübhə və tərəddüdlər geridə qalır, teatr sənəti uğur qazanırdı.

   T.Kazımovun tamaşalarında bədii konsepsiya finalda tamamlanmırdı. Sadəcə nöqtələr qoyulurdu. Tamaşanın əvvəli hadisələr silsiləsinin davamı kimi verildiyi üçün, onun sonu da başqa, yeni mərhələdə davam edən hadisələrin dialektik ardıcıllıqla getməsinə işarə idi. T.Kazımovun səhnə fəlsəfəsi öz ifadəsini sadə və müdrik teatr vasitələri ilə tapırdı; yəni hər dəfə həyat öz axarında, insanlar yaşamaqlarında davam edirlər fikri “oxunurdu”.

   Onun müxtəlif illərdə tamaşaya qoyduğu səhnə əsərlərində müəllif nəticəsindən əlavə rejissor remarkaları olurdu ki, həmin remarkalar rejissor fikrini daha “oxunaqlı”, bədii konsepsiyanı daha ifadəli edə bilirdi. Fikrimcə, T.Kazımovun rejissor sənətində fövqəladə yer tutan bu xüsusiyyət “Antoni və Kleopatra”, “Ölülər”, “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Fırtına” və onlarla başqa tamaşaların müvəffəqiyyətini şərtləndirən başlıca amillərdəndir. Bu tamaşalarda T.Kazımovun “əli”ni, yalnız ona məxsus olan rejissor “möhürü”nü görmək çətin deyildi.

   T.Kazımovun yaradıcılıq mətbəxi ilə yaxından tanış olanda ilk baxışda qəribə bir faktla üzləşirdin; əvvəla, onun pyes seçməyi (bəzən seçməyə imkan verilmirdi) çox üzüntülərə, tərəddüdlərə bağlanırdı. Bəzən adama elə gəlirdi ki, pyes T.Kazımovun arxasınca düşür, üzərində işləməsi üçün ona “dil tökür, tovlayır, yola gətirmək” istəyirdi. O isə elə bil özünü o yerə qoymur, gah “naz edir”, gah da açıq “müqavimət” göstərirdi. Nəhayət, bayraq qaldırılırdı. Rejissorun ilk tamaşaya qədər uzanan əzablı günləri başlayırdı. Amma T.Kazımovun əzabları gələcək tamaşanın finalını tapana qədər davam edirdi. Onun üçün finalın tapılması bütövlükdə tamaşanın bədii həlli demək idi. Çünki konsepsiyanın bütövlüyünü əldə edən T.Kazımov tamaşanın plastik həllinə asanlıqla nail olurdu. Onun üçün bu, əsas amil, əsl dayaq nöqtəsi idi. Hətta baş rejissor kimi daxili baxış zamanı digər rejissorların tamaşalarını qəbul edəndə də o, məhz finala xüsusi diqqət yetirər, böyük əhəmiyyət verərdi. Əgər burada boşluq varsa, öz köməyini əsirgəməzdi. Odur ki, T.Kazımovun tamaşalarında müxtəlif səpkili nöqsanlar tapmaq mümkün idisə də, bir qayda olaraq final hissəsi güclü alınırdı.

   Teatr sənətinin qəribə və müəmmalı bir sərtliyi vardır. Səhnəyə çoxları gəlir. Onların içərisində istedadlı kəslər də az olmur. Amma... elə bil onlar ip üstə hərəkət etməli, yaxud buz üstə addımlamalı olurlar. Odur ki, çoxu müvazinətini saxlaya bilməyib kənarlaşır. Teatr sənətinin beləcə qıl körpüsündən keçmək imkanı hər kəsə sevinc bəxş etmir.

   T.Kazımov dramaturji yaradıcılığın ciddiyyəti barədə yarızarafat, yarıgerçək “qələt eləmirsən bir ağıllı, ziyalı adamla ünsiyyət bağlayırsan, başlayırsan ona ehtiramla yanaşmağa, sabahı gün gəlib deyir ki, pyes yazmışam. Görünür, bizdə şairlik kimi pyes yazmaq da xəstəliyə dönüb” deyərdi. Onu da deyərdi ki, “heç birinin vecinə deyil, bu cızma-qaranı tamaşaçı qabağına çıxarmağa mənəvi haqqı var, ya yox”.

   Heç kəs üçün, o cümlədən sənət adamları üçün də gizli deyil ki, Azərbaycan səhnəsi bəzən məhz bu qəbildən olan pyeslərin “işğalına” məruz qaldığından burada əsl böyük yaradıcılıq mühiti yaratmaq getdikcə çətinləşirdi. Baş rejissor kimi T.Kazımov üçün isə məsələnin məhz bu cəhəti önəmli və ağrılı idi. Çünki öz əsərlərində hər hansı ciddi ideya-bədii niyyətə əsaslanmayan bir qisim müəlliflər milli teatr sənətimizin sənətkarlıq və bədiilik axtarışları təşəbbüsündən daha çox məhdud, məhəlli məsələlərin həllində maraqlı idilər. Burada baş rejissor kimi, istedadlı dramaturgiyanın səhnəyə gətirilməsinin vacibliyini aydın dərk edən T.Kazımov zəif əsərlərin, əqlə və ürəyə estetik qida verməyən pyeslərin səhnəyə yol tapmaması üçün xeyli cəhdlər göstərirdi. Bəzi hallarda o, buna nail olurdusa, əlbəttə, bacarmadığı məqamlar da vardı.

   İşlərin bu cür gedişində istedadlı və sabit aktyor truppası yaratmaq dünya teatr sənətinin inkişaf meyillərindən bəhrələnən, bədii meyarlar baxımından kamil tamaşalar hazırlamaq, teatrın divarları içərisində sağlam rejissor-dramaturq, rejissor-aktyor münasibətləri qurmaq, teatr tənqidini bugünkü yaradıcılıq prosesinə məhrəm etmək son dərəcə ağır bir vəzifə idi.

   O zamanlar, yəni neftin haradan və nə qədər çıxarılması, hansı sahədə nəyin əkiləcəyi, hansı futbolçunun, yaxud güləşçinin oyuna, yarışa buraxılması da yuxarılarda həll olunduğu bir dövrdə, təbii olaraq, hansı müəllifin əsərinin vacibliyi və ya hansı aktyorun daha yaxşı ifa edəcəyi ilə bağlı göstərişlər də az olmurdu. Və bu sayaq şifahi göstərişlər yaradıcılıq mühitini zəhərləyir, bədii prosesin, bütövlükdə isə teatr sənətinin ümumi axarının səmtini dəyişirdi. Ən betəri o idi ki, sənətə və sənətkara məhəl qoymadan, adına sadəcə göstəriş deyilən, az qala iş üsuluna çevrilmiş, odur ki, hamı tərəfindən adi bir şey kimi qəbul edilən belə münasibət əslində açıq-aşkar təzyiq metodu idi.

   ...Heç yadımdan çıxmaz. Bir dəfə onun kabinetində oturmuşduq. Telefon zəng çaldı. O, dəstəyi götürüb, kiminləsə çox könülsüz söhbət etdi. Belə məlum oldu ki, vəzifəli bir “məsul yoldaş” hansı bir müəllifinsə hansı bir əsərinisə tamaşaya qoymağı təkid (xahiş, yaxud məsləhət yox!) edir. T.Kazımov əvvəlcə “pişim-pişimlə”, sonra nəzakətlə, daha sonra adi məntiqlə həmin məmuru inandırmağa, bunun mümkünsüzlüyünü sübut etməyə çalışdı, amma nail ola bilmədi. İpə-sapa yatmayan məmur zilə qalxanda T.Kazımov da “çomağın o biri ucunu” çevirdi. Dedi ki: “Qoyun işləyək də! Pulum yox, maşınım yox, bağım yox, fərli evim yox, bircə sənətim var, ona da şərik çıxırsınız! Nədi, baş götürüb çıxaq bu respublikadan?” dedi və dəstəyi asdı. Siqaretini qarşısındakı müştüklərdən birinə keçirib alışqanını yandırdı, bir qədər susdu, sonra “nə çürük adamlardı bunlar” dedi və biz söhbətimizə qayıtdıq... Amma söhbətimiz alınmırdı.

   Olduqca həyatsevər, yaşamaqdan zövq almağı bacaran, “teatrsız ölərəm” deyən, teatra “dünyanın ən gözəl yeri” deyən T.Kazımov belə məqamlarda həyata da, teatra da asi olur, hövsələdən çıxır, yaradıcılıq müvazinətini itirirdi. Teatra müxtəlif yollar və vasitələrlə daxil olmaq istəyən müəlliflərlə o, təkbətək vuruşmalı olurdu. Qəribədir ki, belə hallarda teatrşünaslar da gözə görünməməyə çalışır, onlar bir sıra hallarda həmin əsər müəlliflərinin cəmiyyətdə tutduqları mövqelərini nəzərə alıb, köpüklü təriflər də söyləyirdilər. Belə çıxır ki, bizdə tənqidin cəsarəti ölülərlə vuruşmağa çatır. Dirilər qarşısındakı köləlik ölülərə qarşı yönələn çığır-bağırla əvəzlənir. Belə çıxır ki, hər hansı nüfuzlu ədib bu dünyadan köçməyənə qədər özü haqqında həqiqəti eşitməyəcək.

   Nə yaxşı ki, T.Kazımov belə deyildi. Odur ki, qaragüruhun ittiham obyektinə çevrilən T.Kazımov çoxları üçün əlverişli hədəf idi. Allahın işi idi, ya nə idisə, o sanki özünü qorumaq instinktindən məhrum idi. Sanki “dünyanın ən gözəl yeri”ndə ona zaval gəlməyəcəyinə inanan, “Sən həmişə mənimləsən”dən “Antoni və Kleopatra”ya, “Ölülər”dən, “Unuda bilmirəm”ə, “Hamlet”dən “Pəri cadu”ya, “Məhv olmuş gündəliklər”dən “Aydın”a, “Fırtına”dan “Müsyö Jordan və dərviş Məstəli şah”a və daha neçə-neçə tamaşalarla haqq etdiyi sənət zirvəsinə ucalan T.Kazımovun tərəddüd, nigaranlıq, tapıntı sevincləri yaşayan qəlbi 1980-ci ilin bir yay günündə amansız qəza nəticəsində dayandı. Tamamilə fərqli teatr yaratmaq həsrəti ilə yaşayan, D.Didronun təbirincə desək, “Allaha inanan, amma ateistlərlə dil tapmaq məcburiyyətində qalan” unudulmaz müəllimim Tofiq Kazımovun sənət zirvəsi əsrimizdə də fəth edilməmiş qalmaqdadır.

  

   İsrafil İsrafilov

   filologiya üzrə fəlsəfə doktoru,

   sənətşünaslıq üzrə elmlər doktoru, professor

 

Mədəniyyət.- 2018.- 12 yanvar.- S.6.