Qəbələdə “Veselo”
yumor və musiqi
festivalı başa çatıb
Yanvarın 5-dən 10-dək Qəbələdə keçirilən XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı Belarusdan olan tanınmış müğənni Diana Arbenina və “Gecə snayperləri” musiqi qrupunun konserti ilə başa çatıb.
Kollektivin əvəzsiz lideri olan Diana Arbenina tamaşaçılara məlumat verərək bildirib ki, 25 illik səhnə həyatı boyu rok-n-rolla yaşayaraq öz qrupu ilə bütün dünyanı gəzib. İfaçı yeni albomundan mahnılar və ən yaxşı hitlərini təqdim edib.
Bir həftə ərzində festivalın musiqili qonaqları arasında Vaxtanq Kikabidze, Vladimir Zelenski, Nataliya Moqilevskaya, Diana Arbenina, Nutse Buzaladze, “Kvartal 95” yumor qrupu, “Mqzavrebi” və “Gecə snayperləri” musiqi qrupları olub. Bundan əlavə, festival müddətində əcnəbi turistlər üçün idman yarışları, intellektual oyunlar, disko gecələri, kino günləri, digər tədbirlər keçirilib. Turistlər Qəbələnin tarixi məkanları, görməli yerləri ilə tanış olmaq imkanı da əldə ediblər.
“Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə keçirilən festival MDB və Avropa ölkələrindən Qəbələyə gələn yüzlərlə turist və yerli qonaqlar üçün əsl musiqi və yumor bayramına çevrilib.
Məlumat üçün bildirək ki,
2009-cu ildə əsası qoyulan “Veselo” yumor və musiqi festivalı ilk dəfə
Yunanıstanda, növbəti illərdə isə İordaniya, Birləşmiş Ərəb
Əmirlikləri, Türkiyə və Ukraynada
təşkil edilib. Bu
illər ərzində festivalın
iştirakçıları arasında Valeri
Meladze, Ani Lorak kimi
tanınmış ifaçılar olub.
Mədəniyyət.- 2018.- 12
yanvar.- S.8.