110 il öncəki o gün!

 

 

   Leyli və Məcnun” mövzusunda gəzişmələr

  

   Əyyam o əyyam idi ki, Bakı öz inkişaf tempi ilə artıq adi quberniya şəhəri çərçivəsini sürətlə aşıb böyüyürdü.

   Məqam o məqam idi ki, Bakı təkcə yaşayış məskəni kimi eninə-uzununa böyümürdü. Həm də müasir şəhər adına yaraşan infrastruktur inkişaf edirdi, teatr truppaları yaranırdı, kino göstərilirdi, yeni qəzetlər, nəşr evləri fəaliyyətə başlayır, qazanılan pullar insanların üst-başından tutmuş həyat dəyərlərinədək, dünyagörüşünədək əl gəzdirirdi.   

   Zaman o zaman idi ki, adına Azərbaycan deyilən məmləkət Rusiya imperiyasının tərkibində olsa da, onun gələcək müstəqilliyinin yaradıcısı və siması olacaq insanları bir zümrə olaraq formalaşmaqda idi.

   Belə bir dövrdə cəmiyyət içinə çıxan, öz sözü, öz fikri olan cavanlar özlərindən yaşca böyük milli məfkurə sahiblərinin, milli oyanış cəfakeşlərinin başladığı maarifləndirmə və sonralar vətən tarixinə adı ilk... təyini ilə qoşa yazılacaq əməllərin, yeniliklərin müəllifi olurdular.

   * * *

   ...10 yanvar 2018-ci il. Gecəki güclü külək səngidiyindən Bakıda yumşaq qış havası var. Aramla yağan sulu qar yerdə qalmır, elə havadaca üzümüzü-gözümüzü sərinlədib əriyir. Meteoroloqlar birisi günə - ayın 12-nə də yağıntısız ilıq qış havası vəd ediblər.

   Görən, düz 110 il öncə, yanvarın 12-də Bakının havası necəymiş? Bəlkə də arxivləri araşdırsaydıq, o gününmeteoroloji proqnozuna rast gələrdik. Əslində, bizcə, buna o qədər də ehtiyac yoxdur. Onsuz da bizim üçün önəmi olan o biri havanın - qədim Bakının sürətlə cavanlaşan yaradıcı mühitinin ab-havasının necə olduğunu bilirik. Həmin gün gənc Üzeyir bəy ətrafına toplaşan ziyalılar, sənət həvəsliləri ilə nəinki Azərbaycan, rus imperiyası, həm də bütün dünya mədəniyyəti üçün ilk olacaq janrın təməlini qoyduğunu bəyan etdi.

   Köhnə üslubla 1908-ci ilin 12 yanvar (1918-də yenilənən təqvimlə 25 yanvar) günü Azərbaycanda ilk operanın yarandığı gündür.

   Üzeyir Hacıbəylinin Məhəmməd Füzulinin «Leyli və Məcnun» poemasından bəhrələnərək yazdığı musiqili səhnə əsəri klassik Avropa operası janrının başlıca tələblərinin gözlənildiyi ilk Şərq operasıdır.

   Üzeyir bəy az qala əsrlərlə yaşı olan muğamı konsert ifa tərzindən opera janrına keçirməklə dünyaya muğam operası janrını qazandırdı.

   * * *

   ...Avropada opera janrının təməli XVI əsrin sonlarında qoyulub. Bəstəkar Yakop Perinin «Dafna» operasının 1597-ci ildə ilk dəfə Florensiyada oynanıldığı bəllidir. İtaliyaya «operanın beşiyi» ifadəsini qazandıran bu əsər o cəmiyyətin bir neçə yüzillik boyu aramla, düzxətli inkişaf boyunca gəldiyi nəticə idi. Avropa musiqisi sadə xalq musiqisindən addım-addım böyümüşdü. Kilsələrdə ibadətlər üçün musiqi bəstələnmişdi. Kübar salonlarda ifa edilmək üçün rəqsdən üzü bəri solo, duet, trio, kvartetdaha iri ifaçı qrupları üçün əsərlər yazılmışdı. Bir sözlə, xalq musiqisindən bəhrələnən bəstəkarlar artıq öz dinləyici və tamaşaçı kütləsini qazanmışdılar. Opera artıq avropalı üçün göydəndüşmə, qəribə, indiyədək görünməmiş nəsnə deyildi.

   Bu gün, XXI əsrin ikinci onilliyindən XX əsrin əvvəlinə boylananda, «Leyli və Məcnun» operasını bəstələyən 22 yaşlı bir gəncin bütün bu sənət tarixindən nə qədər xəbərdar olub-olmadığını xəyal edəndə sözün yaxşı mənasında insanı qəribə vahimə bürüyür. Gör, Yaradan bir insana necə bəsirət gözü verməli, ona Vətən, millət adına taleyüklü missiyanın daşıyıcılığını necə bəxş etməlidir ki, o, belə bir cəsarəti öhdəsinə çəksin! Kim nə deyirsə-desin, nə düşünürsə-düşünsün, o zaman üçün yalnız orta musiqi təhsili olan gənc bəyzadənin belə bir ideyanı gerçəkləşdirməsi ilahi missiya idi! Əsrlər boyu improvizə ilə formalaşmış muğamı konkret süjetli səhnə əsərinə gətirmək, onu orkestrxor, rəqs musiqisidöyüş səhnələri üçün bəstələnən notlu musiqi parçaları ilə uzlaşdırmaq o zaman üçün böyük idi.

   Sonradan Üzeyir bəy yazacaqdı: «Mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi».

   Bəs o zaman Üzeyir bəyin yanında kimlər vardı? Kiçik qardaşı Ceyhun Hacıbəyli (ilk tamaşada o, həm Nofəl, həm də İbn Səlam rolunda səhnəyə çıxmışdı. Bir sıra mənbələrdə adı C.Dağıstani kimi verilib), böyük yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev dirijor kimi, böyük faciə aktyorurejissor Hüseyn Ərəblinski quruluşçu rejissor kimi, səhnəmizin ilk Məcnunu olmaq şərəfinin qismət olduğu xanəndə Hüseynqulu Sarabski, aktyor-rejissor Mirmahmud Kazımovski, ustad tarzənlər Qurban Pirimov, Şirin Axundov, Üzeyir bəyin Qori seminariyasında qazandığı dostları - Əli Terequlov, Ağəli Qasımov, Fərhad Ağayev...

   Sovet rejimi üzündən uzun illər «Leyli və Məcnun»un quruluşunda əməyi keçən Ceyhun bəylə yanaşı, tamaşaya bədii tərtibat vermiş Əli bəy Hüseynzadənin adı da xatırlanmırdı. Amma nə gözəl ki, sənətin ömrü əbədi, ictimai quruluşların dövranı qısadır. Bu gün illərlə adının üstündən sükutla keçilmiş iki böyük insanın - Ceyhun bəylə Əli bəyin də adını ilk operamızın yaranışında zəhməti olan işıqlı insanlarımız kimi ehtiramla anırıq. O tamaşada bir nəfər təsadüfi şəxs də varıymış. Leyli rolunda səhnəyə çıxan çayçı şagirdi, şirin səsi olan göyçək yeniyetmə oğlan, bütün mənbələrdə təkcə adının baş hərfi yazılan Ə.Fərəcov. Yeniyetmə cəmi bir dəfə tamaşada oynayır, vəssalam. Görən, səsinin dəyişdiyi zamanmı yetişmişdi, yoxsa missiya o missiya deyilmiş ki, həmin oğlanın adı bir də sənət aləmində eşidilmədi. İkinci tamaşadan başlayaraq, ta 1920-ci ilədək Leylininbütün əziyyətini” Üzeyir bəyin xalası oğlu, görkəmli səhnə xadimi Əhməd bəy Ağdamski (Bədəlbəyli) çəkir.

   * * *

   ...İllər öncə ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdən birində Moskvadan gəlmiş musiqişünaslarla söhbət edirdik. Ciddi musiqini araşdıran həmin insanlar biləndə ki Azərbaycan klassik musiqisinin tarixi məhz opera ilə başlayır, az qala mədəni şok keçirdilər. Yerbəyerdən verilən suallara inandırıcı cavablar alandan sonra da «axı, bu necə olursayaq sual verənlər çox təvazökar cavab eşitdilər: «Biz, Avropa klassik musiqisi aləminə gec gəlib tez öyrəndik».

   * * *

   Bu gün, Azərbaycan milli mədəniyyətinin böyük təntənəsinin doğum günündə deyirik:

   - Ruhun şad olsun, Üzeyir bəy! O zaman səni dəstəkləyən, «Leyli və Məcnun» operası ideyasını təqdir edib sənə qoşulan, bu xidməti ilə bir qədər də ucalan dostlarının - ziyalıların, xanəndələrin, sazəndələrin, ədəbiyyatçıların da ruhu şad olsun!

   Uca millətimin də böyük sənət bayramı mübarək!

  

   Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2018.- 12 yanvar.- S.10.